İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin bitməyən sanksiyalarının pərdəarxası - proses kimin xeyrinədir?

Rusiyanın sanksiyalardan yayınmasına kömək edən beynəlxalq şəbəkə də hədəfə alınıb

Avqustun 25-də Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə videoformatda iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirib. Müşavirədə Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustin, Mərkəzi Bankın sədri Elvira Nabiullina, baş nazirin birinci müavini Denis Manturov və hökumətin digər üzvləri iştirak edib.

Putin tədbirdə 2024-cü ilin ilk yarısının iqtisadi yekunları əsasın da ölkə iqtisadiyyatının “yüksək templə böyüməyə” davam etdiyini bildirib. O, Ukraynadakı müharibənin uğurla başa çatmasını Rusiyanın uzunmüddətli inkişaf planlarının həyata keçirilməsinin əsas şərti adlandırıb.

Nəzərə alsaq ki, ayın 25-i Rusiya iqtisadiyyatı üçün hər hansı əlamətdar tarix deyil, ay hələ başa çatmayıb, rüblük, yaxud yarımillik yekun deyil, onda Putini belə müşavirəni keçirməyə, iqtisadiyyatda hər şeyin qaydasında olduğunu dəfələrlə vurğulamağa vadar edən səbəblərin yarandığını rahatlıqla söyləmək olar.

Qeyd edək ki, hazırda Rusiya Ukraynadakı müharibənin başlamasından ötən müddətdə ən ağır iqtisadi-ticari şərtlərlə üzləşib: ABŞ başda olmaqla Qərb getdikcə sanksiya təzyiqini artırır, Rusiya hərb sənayesində müharibənin zərurətə çevirdiyi istehsalın davam etməsi üçün həyati vacib olan komponentlərin Rusiyaya çatdırılması məqsədilə qurulan sxemləri bir-birinin ardınca dağıdır.

Ötən ilin dekabrında ABŞ Rusiyanın ikili təyinatlı malları gizli yolla əldə etməsinə yardım göstərən ölkələrin maliyyə-bank sisteminə ikincili sanksiyaların tətbiqinə başlayıb. Bu addımdan sonra 2024-cü ilin əvvəlindən Türkiyənin əksər bankları, Çinin bütün ən iri bankları Rusiya ilə ticarət əməliyyatlarını maliyyələşdirməyi dayandırıblar. Bundan əlavə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Ermənistan üzərindən reidxalın da qarşısı çox böyük ölçüdə alınıb.

Türkiyə bankları may ayında kənd təsərrüfatı, əczaçılıq, tekstil, turizm və təhsil, həmçinin humatiar yardım əməliyyatlarının maliyyələşdirilməsini bərpa etsələr də, digər sahələr üzrə vəziyyət dəyişməyib. Nəticədə 2024-cü ilin birinci yarısında Türkiyədən Rusiyaya ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 faiz azalaraq 4,16 milyard dollara düşüb. İyun ayında bu göstərici maydakı 784 milyon dollara qarşı 670 milyon dollar təşkil edib, iyulda da azalmanın davam etdiyi bildirilir.

Rusiyanın ticarəti milli valyutalarla aparmaq siyasəti də bu sahədə köməyə gəlmir: rubl və yuanla həyata keçirilən Rusiya-Çin ticarətində çox böyük problemlər yaranıb.

Məlumdur ki, Çindən birbaşa silah-sursat almasa da, Rusiya ordusu döyüş effektivliyinə görə de-fakto ÇXR-dən ciddi şəkildə asılıdır. Söhbət mülki multikopterlərə çevrilən kəşfiyyat və hücum pilotsuz təyyarələri, dinləmədən qorunan rabitənin təşkili üçün istifadə olunan mülki rəqəmsal radiostansiyalar, termal görüntülər, kamuflyaj şəbəkələrinin istehsalı üçün materiallar və sairdir. Çin hakimiyyəti Qərbin təzyiqi altında artıq onların ixracına çox ciddi məhdudiyyətlər qoyub.

Eyni zamanda 2024-cü il iyulun 1-dən Çin Ticarət Nazirliyinin “Çin Xalq Respublikasının səlahiyyətli orqanları tərəfindən müəyyən kateqoriyalı mallara münasibətdə ixrac nəzarəti tədbirlərinin tətbiqi haqqında” əmrinə uyğun olaraq, ikili istifadə kimi təsnif edilən çoxsaylı məhsulların ixracının lisenziyalaşdırılması tətbiq olunub. Bunlara, məsələn, aerokosmik struktur komponentləri, aerokosmik mühərriklər və onların istehsalı ilə bağlı aparat, proqram təminatı və texnologiyalar; qaz turbin mühərrikləri və qaz turbinləri və onların istehsalı ilə bağlı avadanlıq, proqram təminatı və texnologiya; kosmik kostyum pəncərələri və onların istehsalı ilə bağlı aparat, proqram təminatı və texnologiya və ultra yüksək molekulyar çəkili polietilen liflərlə əlaqəli məhsullar (ekstremal mühitlərdə istifadə üçün uyğun struktur material) daxildir.

Eyni zamanda yuan və rublla ticarət nəticəsində Rusiya Mərkəzi Bankının ehtiyatlarında yuanın payı kəskin artıb, biznes dollardan Çin valyutası ilə hesablaşmalara keçməyə məcbur olub. Lakin ABŞ-ın ikincili sanksiya tətbiqi bu sahədə də ciddi problemlərə səbəb oldu: hazırda Rusiya bankları böyük ölçüdə yuan likvidliyi problemi yaşayırlar, Mərkəzi Bankın kiçik həcmli satışları tələbatı təmin etməyə yetmir. Çinə satılan Rusiya malları üçün ödənməli olan yuanı Rusiyaya gətirmək mümkün olmur, çünki iri Çin banklarının ardınca regional banklar da Rusiya ilə hər hansı əməliyyatı dayandırıblar. Son bir ay ərzində Çinlə əlaqəli Rusiya biznesi sözün əsl mənasında həyəcan təbili çalır. Ödənişlərin yoxlanılması ya çox vaxt aparır, ya da geri qaytarılır. Sərhəddə gömrük yoxlamaları gücləndirilib ki, bu da çatdırılma müddətlərinin və xərclərin artmasına səbəb olur. İri Rusiya idxalçı şirkətləri müxtəlif yollarla vəziyyətdən çıxmağa çalışır, ödənişləri vasitəçi ödəniş agentləri, üçüncü ölkələr və ya Honq Konq bankları vasitəsilə həyata keçirir. Bütün bunlar maliyyə və logistika zəncirlərinin uzanmasına və mürəkkəbləşməsinə, xərclərin artmasına və Çindən gələn məhsulların alıcı tərəfindən ödənilən son dəyərinin ikiqatına gətirib çıxarır.

Bugünlərdə Rusiyanın bir sıra sənaye sahələrinin - avtomobil, tikinti və məişət texnikası istehsalçılarının nümayəndələri məhsul istehsalında geniş istifadə olunan xammal çatışmazlığı probleminin həll edilməsi xahişi ilə ölkənin sənaye naziri Anton Əlixanova müraciət ediblər. 20-dən çox şirkətin (TechnoNIKOL, Beko, Veratek, RusTA, Veraxim və s.) imzaladığı məktubdan aydın olur ki, söhbət daxili bazarda artan qıtlığı müşahidə olunan polimetilen fenil izosiyanatlardan (MDİ; məsələn, poliuretan köpüklərinin, mastiklərin, özünü bərpa edən döşəmələrin, boruların, soyuducuların və avtomobil hissələrinin istehsalında istifadə olunur) gedir. Onların əldə olunması bu il iyunun sonunda Avropa İttifaqının 14-cü sanksiyalar paketinin tətbiqindən sonra mümkünsüz hala gəlib. Məktubda deyilir ki, hazırda Rusiyada MDİ sənaye həcmində istehsal olunmur.

Avropadan, ABŞ-dan və Yaponiyadan məhsulların əsas tədarükçüləri (bu idxalın ümumi daxili istehlakda payı, hətta Ukraynada müharibə başladıqdan sonra da orta hesabla 60 faizdən çox olub) daşımaları dayandırıblar, Çin tədarükçüləri isə yerli tələbatı ödəyə bilmir, həmçinin təklifin həcmini azaldır, bəzən bank ödənişlərinin aparılması ilə bağlı problemlər səbəbindən onları tamamilə dayandırırlar.

Müraciət müəllifləri qeyd edirlər ki, bu yaxınlarda Çinin ən böyük tədarükçüsü “Wanhua Chemical Group” Rusiya və Belarusa xammal tədarükü üçün sifarişlərin qəbulunu tamamilə dayandırdığını elan edib.

Bu qərar sənaye üçün şok olub, çünki bazar iştirakçılarının məhdud ehtiyatı və MDİ-nin məhdud saxlama müddəti nəzərə alınmaqla, növbəti bir neçə ay ərzində bu vəziyyətin davam etməsi mövcud istehsal müəssisələrinin bağlanması və iflas riski ilə nəticələnəcək.

Bundan əlavə, Səudiyyə Ərəbistanından olan tədarükçülər (nümunə kimi “Sadara Chemical” şirkəti göstərilir) Rusiyaya xammal tədarükünün mümkünlüyünü hələ təsdiq etməyiblər.

Bu müraciət, eyni zamanda Rusiyan Sənaye və Ticarət Nazirliyinin Daxili Ticarətin İnkişafı Departamentinin direktoru Nikita Kuznetsovun açıqladığı rəqəmlər Rusiyanın Qərbdən idxa asılılığının nə qədər böyük olduğunu üzə çıxarır. Kuznetsovun dediyinə görə, Rusiyada istehlak olunan qeyri-ərzaq məhsullarının yarıdan çoxu birbaşa idxal yolu ilə xaricdən gətirilir. Məmur bildirir ki, əgər komponentlər də nəzərə alınarsa, qeyri-ərzaq məhsullarının 70 faizdən çoxunun idxal edildiyi aydınlaşar. Bu idxal ildə Rusiyadan azı 15 trilyon rublun xaricə axmasına gətirib çıxarır.

Bu şəraitdə avqustun 23-də ABŞ Rusiyaya qarşı 400 hüquqi və fiziki şəxsi əhatə edən genişmiqyaslı sanksiya paketi tətbiq edib. Məhdudlaşdırıcı tədbirlər Rusiyanın metallurgiya sənayesinə, dağ-mədən sənayesinə, LPG tankerlərinə, maliyyə sektoruna xidmət göstərən proqram təminatçılarına qarşı yönəlib. Bundan başqa, Rusiyanın sanksiyalardan yayınmasına kömək edən beynəlxalq şəbəkə (Çin, BƏƏ, İsveçrə, Türkiyə, Fransa və digər ölkələrdə qurulmuş şirkətlər) də hədəf alınıb. Sanksiya altına düşən 100-dən çox hüquqi və fiziki şəxs bu şəbəkəyə aiddir. Nəhayət, bank-maliyyə sektorunda Rusiyanın ticarətini məhdudlaşdıran növbəti addım atılıb: ABŞ Rusiya ilə ticarət edən ölkələrə xəbərdarlıq edib. “The Financial Times”ın yazdığına görə, Vaşinqton Rusiya banklarına Rusiya hərbi təchizatını maliyyələşdirmək üçün yerli filiallar açmağa icazə verəcək ölkələrə ikinci dərəcəli sanksiyalar riski ilə üzləşəcəklərini elan edib. Bildirilir ki, bu addım Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi qısa yolları bağlamaq məqsədi daşıyır. Bu yollar xüsusən də Ukraynaya hücumu təmin edən silahların istehsalına lazım olan ikili təyinatlı malların dəyərinin ödənilməsi üçün yaradılır.

ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib ki, Vaşinqton indi Qərbin sanksiyalarından yan keçmək üçün Rusiya banklarına öz yurisdiksiyalarında filiallar açmağa icazə verən ölkələrin ardınca getməyə hazırdır - hətta bankın özü sanksiyalara məruz qalmasa belə: “Biz onların açdıqları filialın, eləcə də yurisdiksiyanızda onlarla işləyən digər təşkilatların və şirkətlərin arxasınca gedəcəyik. Bu, sadəcə olaraq, artıq sanksiyaya məruz qalmış qurumun törəmə və ya filialları ilə iş görməklə bağlı xəbərdarlıq deyil”.

Qeyd edilir ki, tədbirlər Rusiyanın həssas hərbi malların idxalına mane olmaq üçün nəzərdə tutulmuş qayda dəyişikliklərinin ən sonuncusudur və bütün dünyada bankları belə ticarətin maliyyələşdirilməsinə qarışmaqdan çəkindirir.

Rusiya hakimiyyəti vəziyyəti dəyişmək, ticarət əməliyyatlarının maliyyələşməsini bərpa etmək üçün 2024-cü il sentyabrın 1-dən etibarən eksperiment olaraq xarici ticarət hesablaşmalarının və kriptovalyuta ilə birja ticarətinin aparılmasına icazə verib, kriptovalyuta mədənçiliyinin leqallaşdırılması üçün qanun qəbul olunub. Lakin aydın məsələdir ki, ABŞ başda olmaqla, Qərb bu sahədə də yolları bağlamaq üçün tədbirlər görəcək...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR