Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti baş tutub.
Musavat.com xəbər verir ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə keçirilib.
Özbəkistan və Azərbaycanın dövlət himnlərinin səslənidirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayan sammiti giriş sözü ilə açan Azərbaycan-Türkiyə Qadınları Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı qonaqları salamlayaraq qədim Türk elində Qərbi Azərbaycan motivli tədbirin keçirilməsinin tarixi əhəmiyyətindən bəhs edib.
İşğaldan azad edilən ərazilərə qayıdışla yanaşı, əcdadlarımızın qədim torpaqları olan Qərbi Azərbaycana da geri dönüşün təmin edilməsi məqsədilə bilavasitə dövlət başçısı tərəfindən əməli addımlar atıldığını bildirən Tənzilə Rüstəmxanlı ölkə rəhbərinin bu məsələdəki siyasi mübarizəsinə dəstək məqsədilə Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammitinin keçirilməsinin də böyük önəm kəsb etdiyini bildirib.
Çıxış edən Özbəkistan millət vəkili, parlamentin Ailə və Qadın komissiyasının rəhbəri Oinisə Musurmanova Özbəkistanın hər zaman Azərbaycanı dəstəklədiyini bildirib. İşğaldan azad edilən ərazilərə ölkə başçısı Şavkat Mirziyoyevin səfərini xatırladan Şərmuhammedova buradakı quruculuq işlərinə rəsmi Daşkəndin daim dəstək olacağını qeyd edib.
Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi üzümüz, ailəmiz türk dünyasıdır. Üzümüzü türk dünyasına döndərdik: “Bu gün də toplantının türk dünyasının qədim torpağı olan Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi son dərəcə önəmlidir”.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Milli Məclisinin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı, millət vəkili Naqif Həmzəyev, Qərbi Azərbaycan İcmasının nümayəndəsi Osman Hacıyev, Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Мəmmədov, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin sədri İqbal Babayev, “İpəkyolu” Strateji Araşdırmalar Vəqfi İdarə Heyətinin sədri Seyfullah Türksoy, Özbəkistanın tanınmış yazıçıları Tahir Kahhor və Babaxan Şərif, professor Cəmilə Şərmuhammedova, “Yeni Müsavat” Media Qrupunun prezidenti Rauf Arifoğlu, Şimali Kipr Azərbaycan Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər və digər çıxışçılar Qərbi Azərbaycana qayıdışın təmin edilməsi istiqamətində mərkəzləşdirilmiş siyasət yürüdüldüyünü vurğulayıblar.
Tədbir daha sonra “Qərbi Azərbaycana qayıdışın Türk Dünyasına Yansıması” və “Böyük Qayıdış. Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlmiş mövcud strategiya və mexanizmlər” mövzulu panellər müzakirələrilə davam edib.
Sonda Sammitin yekunlarına dair bəyanat qəbul edilib.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ