İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən “tufan” başladı: Bakıya qarşı iki hesabat, bir qərəz...

“Human Rights Watch” təşkilatının və Avropa Şurasının komissarı Miyatoviçin erməni avantürizminə “züy tutmaq” istədiyi ortadadır; XİN-dən, prezidentliyə namizəddən və hüquq müdafiəçisindən sərt təpki

“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı illik hesabatında “Azərbaycanda insan hüquqlarına dair uzun müddətdir narahatlıq doğuran halların 2023-cü ildə də davam etdiyini qeyd edib”. 

Təşkilat il ərzində Azərbaycanda baş verən insan hüquqları pozuntularını sıralayaraq hökumətin ifadə, toplaşma və birləşmə azadlıqlarını ciddi şəkildə məhdudlaşdırdığını bildirib. “Yeni Müsavat” yazır ki, xəbəri “Amerikanın səsi” yayıb. Bundan əlavə, sözügedən təşkilat hökumət tənqidçilərinin həbs edilməsi, müstəqil mediaya qarşı təzyiqlər və həbslər, habelə “Qarabağdan 100 mindən artıq əhalinin köç etməsi ilə nəticələnən əməliyyatlar barədə” yazıb.

Hesabatda Qarabağa ayrıca hissə verilib. Burada Azərbaycanın ötən il ərzində “Laçın dəhlizi ilə hərəkəti əngəlləməsindən”, Qarabağda humanitar böhranın yaranmasından, daha sonra 19 sentyabr əməliyyatının ardınca demək olar bütün erməni əhalinin bölgəni tərk etməsindən bəhs edilir". Hesabatın “Hökumət tənqidçilərinin təqibi” hissəsində hakimiyyətin tanınmış fəalları, müxalif siyasətçiləri və müxalif siyasi partiya nümayəndələrini hədəfə almağa davam etdiyi qeyd edilir. “HRW” həmçinin “LGBT fəallarının diskriminasiya və pis rəftara məruz qaldığını” yazır. Sonda ötən il ərzində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair beynəlxalq ictimaiyyətin çağırışları, o cümlədən Avropa Parlamentinin Qubad İbadoğlunun həbsinə dair qətnaməsi, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı və Avropa Şurası rəsmilərinin bəyanatları və çağırışları xatırladılır.

Həmçinin Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə bağlı yaydığı hesabatı da obyektiv qiymətləndirmək mümkün deyil. Miyatoviçin hesabatında müsbət məqamlar da əksini tapmaqdadır. Komissar hesabatında ərazilərimizin Ermənistan tərəfindən işğal olunduğunu və işğalın otuz ilə yaxın davam etdiyini bildirib. Komissarın hesabatında Qarabağ ermənilərinin könüllü şəkildə öz evlərini tərk etmələri qeyd olunub. Bütün bu pozitiv məqamlara baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında yazıldığı kimi, Miyatoviçin hesabatı Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnmiş münaqişənin təsirinə məruz qalmış bütün insanların ümumi insan hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları həqiqi mənada əks etdirmir.  

Digər tərəfdən, xanım Miyatoviçin indiki durumda Laçın yolu və Qarabağın blokadası müstəvisində erməni avantürizminə “züy tutmaq” istədiyi də ortadadır. Azərbaycan Xarici İşlər Nazirliyinin hesabata münasibətindəki bir məqamı da diqqətə çatdırmağı vacib sayırıq: “Nəhayət, xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan komissarın tərəfsizliyə, qərəzsizliyə, bərabərliyə və bütün insan hüquqlarının universallığına əsaslanan müşahidələr aparacağını gözləyərək onu ölkəmizə səfərə dəvət etmişdir. Səfərin nəticələrinə baxdıqda, komissarın müşahidələrində tam ədalətlilik və qərəzsizlik olmadığını Azərbaycan vurğulayır. Komissar məsələləri situasiyaya hərtərəfli baxışı nəzərdən qaçıran dar və yeganə perspektivə yönəldir. Bununla əlaqədar, Azərbaycan hesab edir ki, nəticələr komissarın səfəri zamanı birbaşa müşahidələrinə deyil, ilk növbədə, digər natamam və qərəzli mənbələrdən əldə edilən məlumatlara əsaslanır”. Hesabatda bildirilir ki, Avropa Şurasına üzv dövlətlər Qarabağ ermənilərinin tələbatlarının ödənilməsi üçün Ermənistana maliyyə köməyi etməlidirlər. Ancaq məsələnin başqa tərəfi də var - iş ondadır ki, indi rəsmi İrəvan Qarabağ ermənilərinin qayıdışını yox, bu dəstəyi qazanmaq üçün anti-Azərbaycan ritorikasını əsas götürəcək. 

Fuad Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü

Fuad Əliyev 

Prezidentliyə namizəd Fuad Əliyev “Yeni Müsavat”a şərhində “Human Rights Watch”un reket təşkilat olduğunu açıqladı. F.Əliyev qeyd etdi ki, bu təşkilat ənənəvi hesabatlarından birini yayıb: “Heç zaman olmadı ki, həmin təşkilat normal, qərəzsiz çıxış etsin. Onların ofisində ermənilərin işlədiyinə də şübhə etmirəm. İnsan haqları mövzusu ilə yanaşı indi Qarabağ erməniləri onlar üçün yeni məsələ olub. Azərbaycana həmişə kin-küdurət bəsləyən, obyektivlikdən uzaq, siyasi dələduzluqla məşğul olan bir təşkilatdır. Biz Xankəndi erməniləri üçün beş barmağın beşini də bal eləsək, yenə də "Human Rights Watch" bəyan edəcək ki, balın şirinliyi azdır, tərkibi təmiz deyil. Yəni bu dərəcədə qərəzli, konkret olaraq Azərbaycanı düşmən görən, bunu hədəfləmiş təşkilatdır. Onların torpaqların işğal edilməsi, yağmalanması, mədəni və dini irsimizin dağıdılması yadına düşmür, amma Xankəndidən ermənilərin öz xoşu ilə  gedişi narahat edir. Təbii ki, narahat da etmir, reallığı yaxşı başa düşürlər, sadəcə, etiraf etmirlər, ölkəmizə qara yaxmaq üçün belə lazım olduğunu düşünürlər". Həmsöhbətimiz onu da vurğuladı ki, insan haqları, tənqidçilərin həbsi, media nümayəndələrinin saxlanması barədə təşkilatın hesabatı da birtərəflidir: “Ermənistanda aksiyalar zorakılıqla dağıdılır, partiya sədrləri həbs olunur, media Paşinyanın adamları tərəfindən kurasiya edilir. Bunları qeyd edən yoxdur. Azərbaycanda məmurların qanunsuz hərəkətləri haqda dəfələrlə tənqidlərimizi demişik, bu gün də sosial problemləri, insan haqlarının qorunmasını vurğulayırıq, rüşvət və korrupsiya olduğu inkar edilmir. Amma dünyanın harasında yoxdur ki?! Sadəcə, həmin təşkilat ənənəvi qərəzli hesabatlarından birini yayıb. Ermənistanın son illər rüşvət və korrupsiya bataqlığında boğulması da sirr deyil. Məsələn, erməni jurnalist Yuri Manvelyan açıq-aşkar bildirir ki, artıq Ermənistanda korrupsiya və sui-istifadə halları çox geniş yayılıb və bu hal daha çox orduda özünü büruzə verir. Məcburi xidmətdən yayınmaq üçün ermənilər külli miqdarda rüşvət verirlər. Ermənistan hökuməti dəfələrlə açıqlama verərək rüşvət və korrupsiyaya qarşı mübarizə tədbirlərinin sərtləşdirildiyini bəyan etsə də, real mənzərə başqadır. Məsələn, Ermənistanın Korrupsiya ilə mübarizə komitəsinin sədri Sasun Xaçatryan açıqlama verərək bildirib ki, Ermənistanda korrupsiya ilə bağlı cinayət işlərinin sayı xeyli artıb”.

Səadət Bənəniyarlı: “Narkotiklərlə bağlı baş verənlər xalqa qarşı  təxribatdır” - Azinforum.az İnformasiya Portalı

Səadət Bənəniyarlı 

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı dedi ki, qərəzli beynəlxalq təşkilatlar Qarabağ erməniləri ilə bağlı fəaliyyətə keçib: “Guya köç etmiş ermənilərin hüquqlarını müdafiə edirlər. Ancaq gərək biz də kampaniyanı daha yüksək səviyyədə təşkil edək. Dünya görməlidir ki, Qarabağdan gedənlərin sırasında qaçan ermənilər var, onlar 30 il cinayət törətmiş canilərdir. Beynəlxalq təşkilatlar bu adamları müdafiə edir? İkincisi, dinc əhali gülə-gülə bölgədən çıxıb gedib. Biz təklif etdik ki, qalın, amma zorla saxlaya bilməzdik. Çünki cinayət törətmiş ermənilər həm də həmin şəxsləri buna alət etmişdilər. Ona görə qalmaq istəmədilər”. S.Bənəniyarlı Qarabağdan köçənlərin heç Ermənistanda da yaşayacağını gözləmir: “Onlar Rusiyaya gedəcəklər. Çünki Avropada yaşaya bilmirlər. Ona görə vətəndaş cəmiyyəti aktiv olmalıdır, mövqeyimizi beynəlxalq təsisatlara təqdim etməliyik. Onlar bilməlidirlər ki, gedənlər tək Qarabağ erməniləri deyildi, bu illər ərzində məskunlaşdırılmış  Livan, Suriyadan gətirilənlər varıydı. Eyni zamanda ermənilərin beynəlxalq ictimaiyyətdə təbliğat apardığı məsələ dini abidələrlə bağlıdır. Bu işdə bizim memarlar, mütəxəssislər, sahəyə aid alimlər fəal olmalı, fikirlərini dünyaya yaymalıdırlar. Çünki erməni kilsəsi bu məsələdə xüsusi aktivlik göstərir”.

Emil SALAMOĞLU 
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR