Onlayn ictimai-siyasi qəzet
Avropa təsisatları əliyalın azərbaycanlıları qətlə yetirən hərbi caniləri niyə “siyasi girov” adlandırır? - mövqe
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 itkin düşmüş şəxs qeydiyyata alınıb. “Yeni Müsavat” xəbər verir ki, bunu mayın 1-də Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, son illərdə aparılan axtarış-qazıntı və eyniləşdirmə prosesləri nəticəsində 170 Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilib: “Bu gün burada Ermənistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı özünəməxsus yanaşma nümayiş etdirib. Onlar yalandan deyirdilər ki, mülki əhali Xocalını tərk edərkən dəhliz açılıb. Bu gün burada tapılan kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz”.
Onun sözərinə görə, Əsgəran-Xocalı yolunda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb. Səmədov deyib ki, apreldə aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb: “Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilmişdi. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar”.
Bu faktlarla bağlı Azərbaycan beynəlxalq səviyyədə hansı işi görə bilər? Ermənistanın sülh və insanlıq əleyhinə olan bu cinayətlərinin dünya ictimaiyyətinə təqdim olunması üçün nə kimi addımlar atılmalıdır?
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Elxan Mirzəyev “Yeni Müsavat”a bildirdi ki, ermənilərin törətdiyi bu cinayətlərin sübut olunmasına baxmayaraq, beynəlxalq təsisatlar görməzdən gəlirlər. Onun sözlərinə görə, Bakıda məhkəməsi gedən hərbi caniləri “siyasi məhbus” adlandıran bəzi Avropa təsisatları vicdan hissini o qədər itiriblər ki, Qarabağda aşkarlanan kütləvi məzarlıqlarla bağlı heç bir qətnamə qəbul etmirlər.
Professorun fikrincə, beynəlxalq təşkilatların ədalətsiz mövqeyinə baxmadan yenə də öz haqlı tələblərimizi səsləndirməliyik: “Hətta Araik, Arkadi kimi məhkəməsi gedən xunta rejiminin keçmiş liderləri deyirlər ki, Xocalıda baş verənlər insanlıqdan kənardır. Bununla öz günahlarını yuyacaqlarını güman edirlər, amma yanılırlar. Məsələ budur ki, soyqırımı faktını bu canilər də etiraf edirlərsə, Avropa təsisatları, bəzi avropalı siyasətçilər bu qatillərə necə "siyasi girov" deyə bilir? Deməli, ortada Qərb dəyərlərinin deqradasiyasını görə bilirik".
VHP sədrinin müavini qeyd etdi ki, Xocalıda, Şuşada və digər azad edilən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarla bağlı diasporumuz, səfirliklərimiz, beynəlxalq mediaya çıxışı olan fəallarımız iş aparmalıdırlar. E.Mirzəyev erməni təbliğatının qarşısına real sübutlarla çıxmağı az sayır, onun fikrincə, dünyaya bu sübutlar nümayiş etdirilməlidir: “Əfsuslar olsun ki, erməni təəssübkeşliyi, xristianlıq amili burada rol oynayır. Eyni zamanda erməni lobbisi avropalı siyasətçiləri pulla ələ ala bilir. Amma biz əl-qolumuzu sallamalı deyilik. Hazırda hibrid bir müharibə getdiyi üçün informasiya və diplomatiya cəbhələrində aktiv fəaliyyət göstərməliyik. Bundan başqa, ölkənin iqtidar-müxalifət qüvvələri, QHT-lər, bütün fəal insanlarımız da birgə addımlar atmalıdırlar. Çünki ermənilər dünyaya car çəkir, saxta məlumatları sırıyır, biz isə bu faciələri, insanlıq əleyhinə olan addımları lazımi səviyyədə təqdim edə bilmirik. Həmçinin Ermənistan qarşısında təzminat məsələsi qaldırılmalıdır. Doğrudur, tərəflər beynəlxalq səviyyədə iddia qaldırmamaq barədə razılığa gəliblər. Ancaq qətlə yetirilən həmin insanların yaxınları fərdi qaydada Avropa Məhkəməsinə, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edə bilər. Onlar zərərçəkmiş kimi Ermənistan dövləti qarşısında tələblər irəli sürə bilər. Ermənistan sülh və insanlıq əleyhinə əməllərinə görə cəzalanmalıdır”.
Hazırladı: Emil SALAMOĞLU
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ