Onlayn ictimai-siyasi qəzet
“Zəngəzur dəhlizi bizdən çox, Ermənistana lazımdır. Yeri gələndə bizim Gürcüstan vasitəsilə Qərbə çıxış qapımız var. Ermənistanın isə beynəlxalq layihələrə qoşulması və Qərbə iqtisadi inteqrasiyası yalnız Zəngəzur dəhlizi ilə mümkündür”.
Bu sözləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz deyib.
ABŞ-ın “Politico” nəşrinin dövlət katibi Antoni Blinkenə istinadən yaydığı “Azərbaycan yaxın vaxtlarda Ermənistanı işğal edə bilər” xəbərini şərh edən siyasi şərhçinin fikrincə, Azərbaycan və Türkiyə hakimiyyəti dəfələrlə elə bir niyyətlərinin olmadığı həqiqətini dünyaya car çəksə də, həm Rusiya, həm də Qərb ölkələri erməniləri öz ətrafına toplamaq üçün Zəngəzur xofundan istifadə edir və guya onları qorumaq bəhanəsi ilə öz ordusunu Ermənistana yerləşdirmək istəyirlər.
“Düzdür, Prezident İlham Əliyev çıxışlarından birində Zəngəzuru ya xoşluqla, ya da zorla ala biləcəyimizi söyləmişdi. Amma bu, həmin dövrdə ideoloji savaşın tərkib hissəsi idi, müharibə aparan tərəflərin hərbi ritorika və strategiyalarında belə təhdidlərə yol verilir. Beynəlxalq qurumlar da bu cür açıqlamalara səbrlə yanaşırlar. Nəzərə alsaq ki, Prezidentin həmin çıxışı zamanı Qarabağ erməni işğalı altında idi və düşmən dövlət separatçı qüvvələr vasitəsilə ölkəmizə qarşı terror hücumları təşkil edir, bizim torpaqlarımıza qarşı iddia irəli sürürdülər, məntiqlə rəsmi Bakının da onlara Zəngəzurun tarixini xatırlatmaq, yeri gələndə bu bölgələrdən didərgin salınmış azərbaycanlıların da Qarabağ erməniləri kimi öz dədə-baba yurdlarına qayıtmaq hüququnun olduğunu sərt üslubla dilə gətirmək hüququ doğurdu. Zənnimcə, İlham Əliyev də məhz bu səbəbdən erməni arqumetinə qarşı əks-arqument ortaya qoyurdu və beynəlxalq hüquq baxımından tamamilə haqlı idi. Amma hazırda ogünkü reallığı nəzərə almayan bəzi ermənipərəst dövlətlər və beynəlxalq güc mərkəzləri Azərbaycanın bu haqlı mövqeyini başqa istiqamətlərə çəkir, bizə qarşı istifadə etməyə çalışırlar”, - Heydər Oğuz vurğulayıb.
Siyasi şərhçinin fikrincə, Azərbaycan hakimiyyəti 44 günlük müharibədən sonra ermənilərin bütün iddialarına qarşı bu əks-arqumentləri irəli sürürdü və vəziyyətin indiki hala gəlib çıxmasında həmin ritorikanın da misilsiz xidmətləri olmuşdu:
“Məsələn, ermənilər iddia edirdilər ki, Qarabağdakı erməni əhalinin yaşaya bilməsi üçün Laçın dəhlizinə ehtiyacları var. Rəsmi Bakı da eyni arqumentlə çıxış edərək bildirirdi ki, Naxçıvan da 30 ildən artıqdır blokada şəraitindədir. Elədirsə, siz də Zəngəzur dəhlizini açın. Ermənilər bu arqumentə cavab olaraq bildirirdilər ki, Laçın maşrutu dəhliz, Zəngəzur marşrutu isə yol statusunda olmalıdır. Biz isə bunun iki bənzər anklava (Baxmayaraq ki, Qarabağ Azərbaycan ərazisidir) bu cür fərqli yanaşmanın ikili standart olduğunu iddia edirdik və Antoni Blinkenin vasitəçiliyi ilə keçirilən Münxen görüşməsində Ermənistan baş naziri Nikol Paşinyan da dəhliz arqumentindən vaz keçdi, nəticədə “yol-yol” prinsipi üzərində razılıq əldə olundu. Eyni şəkildə, İrəvanın Qarabağdakı ermənilərin hüquq və azadlığı barəsində qaldırdığı iddiaya qarşı rəsmi Bakı bildirirdi ki, münaqişənin əvvəlində Zəngəzurda da azərbaycanlılar yaşayırdı. Onlara da eyni hüquq verilməlidir. Əgər söhbət kiminsə torpaqlarını zorla işğal etməkdən gedirsə və eskalasiya yolu ilə məskunlaşmaq hansısa qövmə üstünlük təmin edərsə, o zaman Azərbaycan da öz əhalisinin dədə-baba yurdlarını zorla əldə edə, beləcə Naxçıvanı da blokadadan çıxara bilər. Məhz bu arqumentlərin sadəcə ritorikadan ibarət olmadığını göstərmək üçün Azərbaycan əvvəl Laçın keçid məntəqəsində nəzarətini gücləndirdi, ardınca da Qarabağ ərazisində yerləşən erməni hərbi birləşmələrini ortadan qaldıran hərbi tədbirlərə başladı. Nəticədə dəhliz və öz ərazilərində suverenliyin təminatı məsələsində durum bərabərliyi yarandı. Amma yenə də ermənilər Qarabağda yaşayırdılar və bizim qərbi azərbaycanlılar dədə-baba yurduna qayıtsın arqumentimiz həll olunmamış qalırdı. Açığı, məncə, ermənilərin Qarabağı tamamilə tərk etməsinin səbəbi də bu idi. Etnik təmizləmə, mülki vətəndaşlara qarşı hərbi təzyiq kimi bu gün erməni lobbisinin əldə dəstəvuz etdiyi iddialar isə bəhanədən başqa bir şey deyil və bunu BMT müşahidəçiləri də dəfələrlə təsdiqləyiblər. Fikrimcə, Paşinyan hökuməti Azərbaycanın bu əks-arqumentlərindən yaxa qurtarmaq üçün Qarabağ ermənilərini planlı şəkildə bölgədən uzaqlaşdırmaq məcburiyyətində qaldı. Təsadüfi deyil ki, biz antiterror tədbirləri keçirən zaman Paşinyan açıqlama verərək İrəvanın 40 min erməni ailəsini evlə, yaşayış imkanları ilə təmin etmək iqtidarında olduğunu bildirdi. Hər ailənin minimum 3 nəfərdən ibarət olduğunu və İrəvanın Qarabağda 120 min erməni yaşadığı barədə iddiasını nəzərə alsaq, bu, bütün erməniləri Ermənistana çağırmaq, yəni Qarabağı boşaltmaq mənasına gəlirdi. Beləcə, Paşinyanın bu siyasəti nəticəsində Azərbaycanla Ermənistan arasında digər sahələrdə də durum bərabərliyi yarandı. İndi Ermənistanda olduğu kimi, Azərbaycanda da kompakt halda yaşayan düşmən dövlətin uzantısı yoxdur”.
Durum bərabərliyinin yaranmasını Ordumuzun fədakar mübarizəsi ilə yanaşı, İlham Əliyevin diplomatik uğuru kimi dəyərləndirən Heydər Oğuzun fikrincə, indi iki qonşu dövlət arasında bir çox məsələlərdə daha rahat razılığa gəlmək fürsəti yaranıb, lakin Cənubi Qafqazı öz nəzarəti altına almaq istəyən bəzi beynəlxalq güc mərkəzlərinə bu “sıfır-sıfır” hesab sərf etmir:
“Onlar münaqişəni davam etdirərək regionda lövbər salmaq istəyirlər. Biz bunu həm Rusiya prezidenti Vladimir Putinin son zamanlar Qarabağla əlaqədar verdiyi bəyanatlarda, həm də Qərb dövlətlərinin Azərbaycanı ittiham edən bəyanatlarında müşahidə edirik. Hər iki tərəfin başlıca məqsədi erməniləri köməyə möhtac tərəf kimi göstərib, guya onları qorumaq adıyla Ermənistana qoşun yeritməkdir”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan açıq şəkildə elan etməlidir ki, bundan sonra bizim Zəngəzur dəhlizinə ehtiyacımız yoxdur:
“Qərblə kommunikasiya əlaqələrimiz Gürcüstan üzərindən mövcuddur, Naxçıvanla əlaqələrimizi isə İran üzərindən quracağıq. Qərbə yönəlmək strategiyasını özünün əsas amalına çevirmək istəyən, regiondan keçən tranzit xətlərdən yararlanmağa çalışan İrəvan buyursun, bunu Azərbaycansız və Türkiyəsiz həyata keçirsin”.
Azərbaycan və Türkiyə olmadan Ermənistanın Qərblə Şərq arasında ötürücü dövlət rolu oynaya bilməyəcəyini vurğulayan Heydər Oğuzun fikrincə, Zəngəzur dəhlizi məhz bu məqsədlə ABŞ və Avropa dövlətləri tərəfindən irəli sürülən layihədir:
“Xatırlayırsınızsa, bu barədə ilk təklifi irəli sürən ABŞ strateqi Pol Qobl olmuşdu. Hələ 1990-cı illərdə ABŞ Dövlət Departamentinin əməkdaşı olarkən Qobl bu təkliflə çıxış etmiş və həm Azərbaycanda, həm də Ermənistanda bu təklif ciddi müzakirə mövzusuna çevrilmişdi. 1999-cu ildə Ermənistan parlamentində bu təklif müzakirəyə çıxarılanda erməni terrorçuları oraya hücum edib o dövrün erməni baş naziri Vazgen Sarkisyanla Milli Məclisin spikeri Karen Dəmirçiyanı və bəzi deputatları qətlə yetirmişdi. Təbii ki, bu terror hücumunun arxasında Rusiya vardı və hadisə Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa hesablanmışdı. ABŞ-ın məqsədi isə Ermənistanı da bu tranzit layihəsinə cəlb etmək idi. Üstəlik, bu, ABŞ və Qərbin ilk və son təşəbbüsü də deyildi. Bilirsiniz ki, Prezident İlham Əliyevin özü də çıxışlarından birində vurğulamışdı ki, Azərbaycandan Qərbə neft və qaz kəmərləri çəkiləndə beynəlxalq tərəfdaşlarımız bizə xəttin Ermənistan üzərindən çəkilməsini təklif edirdilər. Bütün basqılara rəğmən, Azərbaycan hakimiyyəti həmin xəttin Gürcüstan üzərindən çəkilməsinə nail ola bilmişdi. Bütün bunlar, sözsüz ki, Zəngəzur dəhlizinin Qərbə lazım olduğunu təsdiqləyir”.
Heydər Oğuz Qərbin bu ermənipərəstliyinin səbəblərinə də aydınlıq gətirib:
“İlk baxışdan belə görünə bilər ki, Qərbin ermənipərəstliyinin əsas səbəbi erməni lobbisinin işi idi. Mən bu ehtimalı da istisna etmirəm. Amma bunu yalnız erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirmək də obyektiv olmazdı. Zənnimcə, başlıca məqsəd Ermənistanı bölgədə rus və fars adasına çevirməmək istəyindən irəli gəlirdi. Məlumdur ki, Qərb ölkələri Orta Asiya və Cənubi Qafqazı rus və İran təsirindən xilas etmək, iqtisadiyyatlarını Qərbə bağlamaq istəyirlər. Bu tənlikdə yeganə məchul isə Ermənistan idi və indi də elədir. Ermənistan prosesdən kənarda qalsa, həm Rusiyanın, həm də İranın hərbi yardımları ilə Cənubi Qafqazın digər iki dövlətinə qarşı ərazi iddiaları qaldıra və müharibə apara bilərdi. Bu da nəticə etibarilə Orta Asiya və Qərb arasında keçid məntəqəsi olan Cənubi Qafqazda stabilliyi pozar və beləcə beynəlxalq layihələr puç olardı. İndi isə Azərbaycan öz ordusunun fədakarlığı ilə bu reallığa son qoyub. Ermənistan istəsə belə, öz təcavüzkar siyasətini davam etdirə bilməz”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, Azərbaycan və Türkiyəsiz İrəvanın Qərbin istədiyi tərzdə ötürücü dövlət olmaq şansı yoxdur:
“Bilirsiniz ki, Ermənistan 4 dövlətlə həmsərhəddir. Qərbdə Türkiyə, Şərqdə Azərbaycan, cənubda İran, şimalda isə Gürcüstanla. Azərbaycan və Türkiyəni bu tənlikdən çıxarsaq, Ermənistan yalnız Cənub-Şimal marşrutunda ötürücü dövlət olmaq şansına malikdir. Bu isə İranı təcrid vəziyyətindən çıxarır. Qərb isə bunu istəmir. Onun əsas hədəflərindən biri Rusiyadırsa, digəri İrandır. Məhz bu səbəbdən də Orta Asiya-Qərb kommunikasiya əlaqələrində hər iki dövlətdən yan keçən marşrut qurmaq istəyir. Azərbaycan isə faktiki bu marşrutu qurub və illərdir bu xətt üzərindən Qərbə enerji resurslarını ixrac edir. Bakı-Tblisi-Qars dəmir yolu və avtomobil yolu ilə quru əlaqəmiz də var. Bu vəziyyətdə ABŞ və Avropanın planlaşdırdığı TRASEKA və Qlobal Keçiş layihəsində kənarda qalan yeganə Cənubi Qafqaz ölkəsi Ermənistandır. İran vasitəsilə onun üzərindən keçən Cənub-Qərb layihəsinə isə əsla icazə verməzlər. Xüsusilə də İsrail-Fələstin müharibəsindən sonra. Çünki bu müharibə nəticəsində İran da ABŞ və Qərbin hədəf nöqtəsinə çevrilib, bəlkə də yaxın aylarda İrana qarşı hərbi əməliyyatlar, yaxud onu içdən parçalamaq siyasəti dövriyyəyə girə bilər. Heç bir ağıllı dövlət və ya güc mərkəzi isə stabilliyin olmadığı coğrafiya üzərindən dəhliz keçirməz”.
Bəs elədirsə, Azərbaycanın Zəngəzur dəhlizinin alternativi kimi İrandan kommunikasiya əlaqəsi çəkməsini necə dəyərləndirmək olar?
Heydər Oğuzun fikrincə, İran üzərindən çəkilən nəqliyyat xətti yalnız Naxçıvana işləyəcək:
“Çünki Qərb dövlətləri Orta Asiyadan nəql olunan məhsulların bu xətt üzərindən keçirilməsinə razılaşmayacaq və nəticədə həmin marşrut yalnız Naxçıvanın blokadadan xilas olmasına yarayacaq”.
Xariclə nəqliyyat-kommunikasiya əlaqəsi olmayan ölkəyə xarici investisiyaların da qoyulmayacağına inanan siyasi şərhçi fikirlərini belə əsaslandırıb:
“Ermənilər və bizim bəzi politoloqlarımız düşünə bilər ki, İrəvanın kommunikasiya əlaqəsinə ehtiyacı yoxdur və bu olmadan da Qərb Ermənistana böyük investisiyalar yatıra, onu Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsinə çevirə bilərlər. Necə ki, qonşuları ilə yaxın münasibəti olmayan İsraili bu vəziyyətə gətiriblər. Fikrimcə, bu ehtimal da sıfıra yaxındır. Çünki Ermənistandan fərqli olaraq İsrail Aralıq dənizi sahilində yerləşir və bu dəniz dünya ticarət yollarının mərkəzi bölgələrindəndir. İsrailin bu geosiyasi üstünlüyü onun iqtisadi inkişafı və bazara çıxışına münbit şərait yaradır. Ermənistanın isə bu strateji üstünlüyü yoxdur. Ora yatırılan investisiya özünə bazar qazana bilməz. Çünki bazara çıxış üçün yol və qonşu dövlətlərlə yaxın münasibətlər lazımdır. Ermənistan isə özü özünü bu iki avantajdan məhrum edir. Bu da nəticə etibarilə onu Rusiya və İrandan asılı vəziyyətə salır ki, Qərbin arzulamadığı bir situasiya ortaya çıxır.
Fikrimcə, Ermənistanın bundan sonra Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan və Türkiyənın ayağına gəlməkdən başqa yolu yoxdur. Azərbaycan hakimiyyətinin yerinə olsam, Ermənistanı bacardığım qədər bu layihələrdən kənarda saxlayaram. Çünki Zəngəzur dəhlizi açılacağı təqdirdə erməni lobbilərinin dəstəyi ilə Ermənistan həqiqətən də Cənubi Qafqazın ən güclü ölkəsinə çevrilə bilər. Bu isə yaxın gələcəkdə yenə bizim üçün təhdid deməkdir”.
E.Məmmədəliyev,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ