İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Paşinyandan niyə üz döndərdi – Böyük planın Cənubi Qafqaz ayağı

 

“Ermənistanın Qərbə bağlı qeyri-hökumət təşkilatları da Paşinyan hakimiyyətinə qarşı bəyanatlar verməyə başlayıb. Bu fakt Paşinyan hökumətinin getdikcə bütün dayaqlardan məhrum olduğunu göstərir”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında İrəvanda baş qaldıran keşiş qiyamını şərh edərkən bunu bildirib. Onun sözlərinə görə, Ermənistanda fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi, Transparency International (Beynəlxalq Şəffaflıq Təşkilatı) Antikorrupsiya Mərkəzi, Hüquqların Sərhədsiz Müdafiəsi, Hüququn İnkişafı və Müdafiəsi Fondu və Demokratiyanın İnkişafı Fondu kimi qeyri-hökumət təşkilatları birgə bəyanat yayaraq, “keşiş qiyamı”nın qarşısını alan erməni polislərinin aksiyaçılarla davranışını sərt şəkildə qınayıb: “Halbuki “keşiş qiyamı” aksiyaçıları dövlət çevrilişi etmək istədiklərini gizlətmir, vətəndaşları itaətsizliyə çağıraraq, yolları kəsir, həyatın normal şəkildə gərdişinə mane olmağa çalışırlar. Polis onların bu təşəbbüsünün qarşısını almasa, Ermənistanda proseslər nəzarətdən çıxar və ölkə vətəndaş müharibəsinə sürüklənər, Bakı ilə İrəvan arasında atılan ilk kövrək sülh danışıqları dalana dirənər və region yenidən böyük savaşlara səhnə olar. Bu baxımdan Paşinyan hakimiyyətini qiyam yolu ilə dəyişdirməyi hədəfləyən “keşiş aksiyası”nın qarşısını almaqdan başqa çarəsi yoxdur. Odur ki, sözügedən QHT-lərin “polis zorakılığına” qarşı çıxması bəzi suallara yol açır:

Bəyanat təşkilatların fərdi təşəbbüsü ilə verilib, yoxsa bağlı olduqları mərkəzdənmi bu istiqamətdə təlimatlar gəlib?

Mərkəzlə razılaşaraq bu ortaq bəyanatı veriblərsə, o zaman Qərb niyə Paşinyan hökumətinin arxasından çəkilir?”

Cənubi Qafqazda ciddi proseslərin getdiyi indiki anda Qərbə bağlı heç bir təşkilatın özbaşına bəyanat verməyəcəyinə inanan Heydər Oğuzun fikrincə, haqqında danışdığımız qurumların Paşinyan hökumətini pisləməsi erməni liderinin qələminin qırıldığına işarədir: “Üstəlik, bundan əvvəl Fransa erməni lobbilərinin əsas rəhbərlərindən sayılan Murat Papazyan da İrəvana səfər edərək, Paşinyan hökumətinə qarşı “keşiş qiyamı”nı dəstəkləmişdi. O hətta daha da irəli gedərək, Ermənistanın ən yaxın müttəfiqinin Rusiya ola biləcəyini, başda Fransa olmaqla Avropa ölkələrinə çox da bel bağlamamağı, Moskvanın ətəyindən yapışmağı məsləhət bilmişdi. Nəzərə alsaq ki, bu gün Moskvanın əsas düşməni Makron hökumətidir, Fransanın xarici siyasətinin formalaşmasında özünə görə rol oynayan erməni lobbisinin rəhbərinin bu addımları təəccüb doğurmaya bilməz. Görünən budur ki, Papazyan və Qərbə bağlı QHT-lər bu addımları bağlı olduqları paytaxtlarla razılaşdırılmış qaydada atırlar və bütün bunlar Paşinyan hökumətinin beynəlxalq aləmdə təkləndiyini, öz dəstəyini böyük ölçüdə itirdiyini təsdiqləyir”.

Qərb ölkələrinin Paşinyan hakimiyyətini taleyin ümidinə buraxmasının bir neçə səbəbdən qaynaqlandığını düşünən həmsöhbətimizin fikrincə, ilk səbəb son vaxtlar Azərbaycanla Ermənistan arasında yaranan sülh şəraitini yenidən müharibə gərginliyi ilə əvəzləmək və hər iki tərəfin təhlükəsizlik problemini bəhanə gətirib hərbi qüvvələrini regiona yerləşdirmək ola bilər: “ABŞ-ın belə bir planının olduğunu Fransada yayımlanan kəşfiyyat nəşri “İntelligence Online” da etiraf edib. Nəşrin iddiasına görə,  ABŞ Ukrayna, Moldova, Ermənistan və Balkan ölkələrinin Müdafiə Nazirliklərinə hərbi məsləhətçilər göndərməyi planlaşdırır. Məqsəd həmin ölkələrin ordularını Amerika Silahlı Qüvvələri ilə daha çox inteqrasiyasına nail olmaq  və onları Rusiya modelindən uzaqlaşmaqdır. “ABŞ bununla da Moskva orbitini tərk etmək istəyən ölkələrin müdafiə nazirliklərinin məsuliyyətini öz üzərinə götürür”, - “Intelligence Online”da dərc olunan məlumatda bildirilir.

Yəqin razılaşarsınız ki, bu hədəfin reallaşması üçün Paşinyan hakimiyyəti sıxışdırılmalı və lazım gələrsə, Ermənistanda müharibə hakimiyyəti iqtidara gəlməlidir”.

17f8394da49ede3ea714ad837d6d4b4b.jpeg (278 KB)

Heydər Oğuzun fikrincə, Paşinyan artıq öz istifadə müddətini bitirib. “Onun əsas gücü küçədəki hakimiyyəti idi. Müxalifləri ona qarşı mitinq, etiraz aksiyası keçirəndə Paşinyan meydana qat-qat artıq insan çıxara bilirdi. Amma son zamanlar bu gücünü itirən Paşinyan artıq “keşiş qiyamçıları”nın qabağından qaçacaq qədər zəifləyib. Əksinə, ölkənin bütün təsir gücünə malik qüvvələri onun əleyhinə birləşib. ABŞ və Qərb dövlətləri belə sınıq-salxaq qayığa minib regionda rahat üzə bilməyəcəklərini düşünürlər. Son kirli işləri Paşinyana gördürüb onu dəyişdirmək və yerinə daha populyar birini gətirmək daha uyğun olardı”, - siyasi şərhçi vurğulayıb.

Onun fikrincə, ən azı aralıq dövr üçün müharibə hakimiyyətinin iqtidara gətirilməsinin bir başqa səbəbi Azərbaycanla İran arasında gərginlik yaradıb Rusiya-İran-Çin ittifaqına qarşı ikinci cəbhəni cənubdan açmaq ola bilər: “Ermənistanda müharibə tərəfdarları hakimiyyətə gələrsə, çıxacağı gözlənilən qarşıdurmaya İranın da laqeyd qalmayacağı bəllidir. Çünki bu qarşıdurmanın təkcə Ermənistanın şimal-şərqi ilə məhdudlaşmayacağı, cənub sərhədlərinə də sıçrayacağı gözlənilir. Ən azı ona görə ki, hətta Paşinyanın özü belə rusların hansısa təxribatçı xəritələrinə əsaslanıb bizim 30-dan çox erməni kəndinin torpaqlarını aldığımızı iddia edir. Üstəlik, 2 dövlət arasında Zəngəzur dəhlizinin açılması kimi illərlə ortaq məxrəcə gələ bilmədiyiniz problem var. İran isə Azərbaycanın bu haqlı tələblərini özünün qırmızı cizgisi elan edib və həmin əraziləri Ermənistandan daha fəal qoruyacağını bildirib. Müharibənin Zəngəzur ərazisinə keçməsi İranı hərəkətə keçirə və Azərbaycanla qarşı-qarşıya gətirə bilər. Bu baş verərsə, qardaş Türkiyənin proseslərə müdaxiləsi də istisna edilməməlidir. Nəzərə alsaq ki, son zamanlar beynəlxalq güc mərkəzləri də İranı hədəf kimi seçib və onu region dövlətlərinin əli ilə zərərsizləşdirməyə çalışır, erməni şovinistlərinin əli ilə başladılması ön gürülən bu savaş onlara da sərf edir”.

Heydər Oğuzun fikrincə, ABŞ və Qərb imperializminin əsas hədəflərindən biri, bəlkə də birincisi Sakit və Hind okeanıdır: “Təsadüfi deyil ki, ABŞ Konqresi təkcə Ukraynaya deyil, həm də Tayvan və İsrailə hərbi yardım ayırmaq barədə qərar qəbul etdi. Tayvana ayrılan hərbi yardım 8 milyard dollar idisə, İsrailə 21 milyard dollar vəsait ayrıldı. Bu əslində İsrailin tərəf olduğu cəbhənin əhəməyyətini göstərir.  Üstəlik, Ukraynadan fərqli olaraq, Sakit-Hind okeanı regionuna hərbi yardım ayrılmasını həm Demokratlar, həm də Respublikaçılar istəyirdi. İsrailə bu qədər vəsait ona görə ayrılmamışdı ki, onsuz da qol-qanadını qırdığı HƏMAS-ı tamamilə sıradan çıxarsın. Əlbəttə ki, HƏMAS-ı sıradan çıxarmaq üçün o qədər vəsaitə ehtiyac yoxdur. Məncə, əsas məqsəd İsraili İranın gözlənilən hücumlarına qarşı hazırlamaqdı”.

İranı zərərsizləşdirmək strategiyasının əsas məqsədlərindən birinin Çini izolyasiya etmək olduğunu bildirən həmsöhbətimizin fikrincə, dünən NATO ölkələrinin Ukrayna ilə bağlı mühüm qərarlar verdiyi bir zamanda Pekində ərəb dövlətlərinin sammitinin keçirilməsi də bu mənada diqqətəşayandır: “Çin rəsmi mediasının iddiasına görə, 21 ərəb ölkəsi Pekinə toplanmış və Çinlə “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində bəzi müqavilələr imzalamışlar. Sammitdə çıxış edən Si Cinpin ərəb ölkələriylə Çin arasındakı münasibətləri daha da dərinləşdirəcəyindən bəhs etmiş və Fələstin-İsrail arasında sülh yaratmaq istədiyini dilə gətirmişdi. Onun fikrincə, İsraillə Fələstin “iki dövlətli həll” prinsipi üzərində ortaq məxrəcə gəlməli və savaşı bitirməlidirlər. Məncə, Çin prezidentinin bu sülhsevər təşəbbüsü heç də humanizmdən irəli gəlmir. Əksinə, Si Cinpin gözəl anlayır ki, Yaxın Şərqdə baş verən hadisələr sonunda onun başında çatlayacaq; Çinin dünyaya açılan quru qapılarından biri Yaxın Şərqdə bağlanacaq və onun iqtisadi cəhətdən böyüməsinin qarşısı alınacaq. Məhz bu səbəbdən də onu gözləyən təhlükənin qarşısını almaq üçün Pekin hərəkətə keçib və Qərb imperializminin əsas hədəflərdən biri olan ərəblərlə İranı savaş meydanında yox, iqtisadi əməkdaşlıqda bir araya gətirmək istəyir. Bütün bunların məhz Qərbin Ukraynaya verdiyi silahların Rusiyanın dərinliklərində istifadəsinə izn verildiyi ərəfədə reallaşması da təsadüfi deyil”. 

Azərbaycan və Ermənistanın, həmçinin Gürcüstanın da “Bir Kəmər, Bir Yol” təşəbbüsünün Orta dəhliz marşrutu üzərində yerləşdiyini xatırladan Heydər Oğuz Cənubi Qafqazın hər 3 ölkəsində yaşanan gərginliklərin əsas səbəblərindən birinin də Çinin izolyasiyası ola biləcəyini düşünür.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR