İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərb ölkələrinin səfirlərindən biri mənə təşəkkür edib dedi ki...” – Vüsalə Mahirqızı

“Bu gün danışdığımız önəmli mövzu - daha ədalətli bir dünya üçün çalışmaq, əlbəttə ki, mediasız olmaz. Amma bu peşənin təmsilçisi olaraq, təəssüflənərək, bu gün medianın dünyanın ədaləti üçün çalışdığını söyləməyə çətinlik çəkirəm”.

Musavat.com xəbər verir ki, APA Media Group-un baş direktoru Vüsalə Mahirqızı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Bakıda keçirilən “Stratcom Public Forumu” çərçivəsində təşkil edilən “Daha ədalətli bir dünya mümkündür” adlı paneldəki çıxışında deyib.

“Bir dəfə Qərb ölkələrinin səfirlərindən biri mənə Azərbaycan mediasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı ədalətli və obyektiv mövqe ortaya qoyduğunu, hər iki tərəfin mövqeyinə yer verdiyini, bunu diqqətlə izlədiklərini və təşəkkür etdiyini bildirdi. O zaman da bildirdim ki, medianın funksiyası budur, medianın işi münaqişə tərəflərindən birinin mövqeyini işıqlandırmaq, digərini isə ofsaydda saxlamaq deyil. Bu, yalnız münaqişə tərəfi olan ölkənin mediası üçün başa düşülən ola bilər”, - o bildirib.

Vüsalə Mahirqızı qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dünya mediasının, konkret olaraq beynəlxalq media anlayışı ilə işləyənlərin iflası oldu:

“Bu mövqe eynilə sosial mediaya da aid edildi. Hətta sosial mediada əks mövqeni paylaşanlar ban edilirdi və proses indi də davam edir.

Bizdən fərqli olaraq Qərb mediasında yalnız bir ölkənin xəbərlərinə yer verildi və mövqeləri sərgiləndi. Digər tərəfə qarşı ciddi embarqo qoyuldu. Sosial medialarda da eyni hal yaşanırdı. Çünki hazırda sosial media Qərbin əlindədir. Müharibənin iki iştirakçısından yalnız biri üçün ədalət savaşı aparılırdı. İndi isə Qərb mətbuatında Rusiya rəsmilərinin mövqelərinə bir qapı açılıb. Çünki hazırda Ukraynaya qarşı bir təzyiq lazımdır və bu istiqamətdə media istifadə edilir.

Rusiya-Ukrayna müharibəsində işğalçı tərəf Rusiyadır. Bu, doğrudur. Ermənistan-Azərbaycan münaqişəsində də işğalçı tərəf Ermənistan idi. Amma biz burda nəyi müşahidə edirdik, yeri gəlmişkən, hələ də bu yanaşma davam edir. Ermənistana beynəlxalq media daha çox yer verir, faktları Ermənistanın xeyrinə daha çox saxtalaşdırır, nəinki Azərbaycanın haqlı mövqeyinə. Axı Ermənistan da işğalçıdır. Demək ki, yanaşma işğal, beynəlxalq hüququn pozulması deyil, bu mediaların birbaşa və ya dolayısı ilə bağlı olduqları ölkələrin maraqlarıdır”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” tezisini xatırladan Vüsalə Mahirqızı vurğulayıb ki, bu elə beynəlxalq mediaya da aiddir:

“Bu gün ədalətli dünya üçün informasiya monopoliyasının da dağılmasına ehtiyac var. Dünya informasiya məkanı 5-6 beynəlxalq informasiya yayıcısının məlumatları ilə idarə olunmamalıdır. Dünya ölkələri bir-birindən informasiyanı yerli informasiya mənbələri vasitəsilə almalıdırlar. Məsələn, Azərbaycan və Türkiyə mediaları bu iki ölkədə olan məlumatları nəyə görə, üçüncü ölkənin informasiya agentliyi və ya televiziyası vasitəsilə almalıdır? Əlbəttə, bu məqamdan bizim çox ciddi diqqət etməli olduğumuz məsələ budur: üçüncü ölkənin informasiya vasitəsi həmin məlumatı nə qədər manipulyativ təqdim edəcək? Sual budur.

Bu cür informasiya manipulyasiyalarının qarşısını almaq üçün Azərbaycan və Türkiyə prezidentlərinin iradəsi ilə qurulmuş Türkiyə-Azərbaycan Ortaq Media Platformasının fəaliyyəti çox vacibdir”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR