İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb ölkələri qondarma erməni soyqırımı qərarlarını geri oxumalıdır

Makron Buçada olanlara yalnız məhkəmənin qərar verə biləcəyini söyləyib; bəs uydurma erməni genosidi ilə bağlı hansı məhkəmə qərar vermişdi ki, tanıdılar?!

ABŞ prezidenti Cozef Baydenin Ukraynanın Buça şəhərindəkı hadisələri soyqırım adlandırması öz ölkəsində belə birmənalı qarşılanmayıb. “Yeni Müsavat”ın xəbərinə görə, hətta Federal Təhqiqatlar Bürosu (FTB) bunun üçün tutarlı sübutlar olmadığını bəyan edib. Bu həmin Baydendir ki, ötən ilin 24 aprelində 1915 hadisələrini “soyqırım” kimi tanıdığını açıqlamışdı.

Buça qətliamı ilə bağlı müzakirələrə ilk reaksiya Böyük Britaniyanın Baş naziri Boris Consondan gəlib. Britaniya lideri rus əsgərlərinin törətdiyi qırğınları soyqırım adlandırmaq məsuliyyətini üzərinə götürməyib. Habelə Fransa prezidenti Emmanuel Makron da yalnız məhkəmənin belə bir qərarı verə biləcəyini söyləyib.

Makron bildirib ki, bununla bağlı qərarı siyasətçilər verə bilməz. Halbuki qondarma soyqırımı tanıyan ölkələr, o cümlədən Bayden də heç bir tarixi araşdırmaya istinad etməyiblər. Haqlı sual ortaya çıxır: qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı hansı məhkəmə qərar vermişdi ki, Bayden, Makron və onlarla belə ölkə bu “faktı” tanıdı? Təəssüf ki, erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri qondarma “erməni soyqırımı” ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar.

“Erməni soyqırımı” iddialarının yayıldığı areal əsasən Avropa və Amerikadır. Yada salaq ki, qondarma soyqırımı Avropada tanıyan ölkələrin çoxu Avropa Birliyinin üzvüdür. Ermənilər uzun illərdir tarixdə heç zaman olmayan uydurma “soyqırımı” dünyanın gündəliyinə gətirərək ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndi ayrı-ayrı ölkələrin parlamentlərində deputatlar əl qaldırıb, endirməklə sözdə “soyqırımın” guya 1915-ci ildə olduğu barədə sənədlər qəbul edirlər. Bir səhifə tarix kitabını oxumayan uğursuz tarixçi rolunda çıxış edən ayrı-ayrı əcnəbi deputatların bu hərəkəti təkcə məsuliyyətsizlik deyil, tarixi faktlar, materiallara hörmətsizlikdir, tarixi inkar etməkdir.

Bu üzdəniraq iddianı dəstəkləyən ölkələrin sayı 20-dən çoxdur. O halda tarixi araşdırma və məhkəmə hökmü olmadan qəbul edilmiş qondarma “soyqırım” qərarları da geri oxunmalıdır. Hər halda, həm Türkiyə, həm Azərbaycan Qərb liderlərinin bu cür mövqeyindən çıxış edərək bu məsələni  gündəmə gətirə bilərlər. Nəticə əlbəttə ki, çətin dəyişsin. Amma erməni soyqırımının heç vaxt olmadığı, bunun bir tarixi yalan olduğunu gündəmə gətirməyin əhəmiyyəti var. Bəs bizim bu yanaşmalara reaksiyamız necə olmalıdır?

Hökumətin üstünə çox gedirsiniz" - Aqil Abbas

 Aqil Abbas

Deputat Aqil Abbas “Yeni Müsavat”a qeyd etdi ki, prezident vəzifəsi daşısa da, Makron mənasız adamdır: “Düzdür, yenə Fransa prezidenti seçilmək şansı yüksəkdir, amma ona münasibətimiz dəyişmir. Çünki ikili standartlarla siyasət yürütmək, müsəlmanla xristian arasında fərq qoymaq göz qabağındadır. Biz Xocalı soyqırımına dair sənədlər, foto və videofaktlar təqdim edirik, qəbul etmirlər, amma Buçanı araşdırmasız dərhal tanıyırlar. Onlar erməniyə bacı deyirlər. Niyə deyirlər, bilmirəm. Ancaq erməniləri sevdikləri məlumdur. Qondarma erməni soyqırımını tanıyarlarsa, sübut olmalıdır. Türkiyənin soyqırım törətdiyini necə sübut etmisiniz? Sadəcə, bu, namərdlikdir. Ona görə biz də bu məsələləri diqqət mərkəzində saxlamalıyıq, onların ikiüzlülüyünü hər dəfə yadlarına salmalıyıq”.

Tənzilə Rüstəmxanlı koronavirusa yoluxdu

 Tənzilə Rüstəmxanlı

“Azəri -Türk Qadınlar” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlının “Yeni Müsavat”a bildirdiyinə görə, Avropanın riyakarlığı göz qabağındadır. T.Rüstəmxanlı hesab edir ki, Türkiyəyə təsir və təzyiq etmək üçün Avropa başdan-ayağa qondarma soyqırımı tanıdı: “Təbii ki, bütün bunların hamısı siyasi qərar idi. Heç bir fakta, tarixi sənəd-sübuta söykənmədən uydurma soyqırımı tanıyanda heç məhkəməni yada salmırlar, amma Buça məsələsində obyektiv olmağa çağırırlar. Budur Qərbin riyakar, qeyri-səmimi, ədalətsiz yanaşması... Ona görə Rusiyaya gələndə Makronun dərhal yadına sübut, fakt, məhkəmə düşür. Bu, Fransanın ikiüzlü olduğunu bir daha göstərir. Ancaq Türkiyəyə, Azərbaycana gəldikdə Xocalı soyqırımına dair tarixi faktları görmürlər, 1915-ci ildə isə guya soyqırımı olduğunu bəyan edirlər. Hansı əsasla? Hansı sübutla? Makron Buçada baş verənləri məhkəmənin öhdəsinə buraxır, amma ötən əsrin əvvəllərində baş verənlər haqda qəti mövqe bildirir. Biz bu ikili yanaşmanı dünyanın diqqətinə çatdırmalıyıq.  Türkiyə və Azərbaycan bu məsələni ciddi şəkildə gündəmə gətirməlidirlər, beynəlxalq səviyyədə müzakirəyə çıxarmalıdırlar”. T.Rüstəmxanlı hesab edir ki, qondarma erməni soyqırımı iddiaları ilə bağlı indiyə qədər heç bir fakt ortaya qoyulmayıb, hüquqi müstəvidə heç bir qərar verilməyib: “Amma Türkiyənin müstəqil siyasətini həzm edə bilmədikləri üçün təzyiq göstərmək vasitəsi olaraq bu saxta tarixi tanıdıqlarını dildə söyləmişdilər”. 

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev Baydenlə Makronun mövqelərində fərq olduğunu hesab edir: “Bayden Buçada olanları soyqırımı adlandırır, istintaqın aparılmasını gözləmir, qondarma erməni soyqırımını da məhkəmə qərarı olmadan tanıdığını bəyan edir. Bir superdövlətin lideri hüquqi sənəd olmadığı halda özündən qərar verir. Makron isə riyakarlıq edir, Buçada baş verənlər üçün məhkəmə qərarını gözləməli olduqlarını söyləyir, saxta erməni genosidini isə beynəlxalq səviyyədə məhkəmə rəyi olmadan dərhal tanıyır. Bu, Qərb dünyasının ədalətsizliyidir. Onlar insan haqları adı altında öz maraqlarına uyğun siyasət yürüdürlər. Türkiyəyə təzyiq üçün saxta soyqırımı tanımaq lazımdırsa, tanıyacaqlar, Rusiyaya gələndə isə ehtiyatlı olurlar, məhkəmədən danışırlar. Biz bu haqsızlığı 30 il görmüşük. Minsk Qrupunda bu dövlətlərin ədalətsizliyinə, Qarabağın işğaldan azad edilməməsi üçün hər oyundan çıxdıqlarına şahid olmuşuq. Ona görə diplomatiyada sizin dediyiniz məsələləri tez-tez gündəmə gətirməliyik. Qərb dünyası qəbul etməsə də, müzakirəyə çıxarmaq və haqqını tələb etmək vacibdir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR