Onlayn ictimai-siyasi qəzet
“Qərbin Krım Rusiya ərazisi kimi tanımasından sonra Mərkəzi Asiyanı da itirmək qorxusu böyüyür”. “Yeni Müsavat”ın verdiyi məlumata görə, bu barədə “The National Interest” nəşri yazıb.
Məqalədə bildirilir ki, Avropa və ABŞ Krım məsələsində ciddi geosiyasi məğlubiyyətlə üzləşib. Belə ki, yarımadanın Rusiya tərəfindən tam nəzarətə götürülməsi Moskvanın Qara dənizdə üstünlük əldə etməsi və sonrakı mərhələdə Cənubi Qafqazı da nəzarət altına alması ilə nəticələnə bilər.
Nəşr ardınca xəbərdarlıq edir ki, bu proses nəticəsində Rusiya rəqibləri üçün bütün Transxəzər ticarət dəhlizlərini bağlamaq gücünə çata bilər. “Amerika və Avropa üçün bu, böyük strateji məğlubiyyətdir”, - deyə təhlildə vurğulanır.
Həmçinin qeyd olunur ki, Mərkəzi Asiya regionu nadir yeraltı sərvətlər baxımından Ukraynadan qat-qat zəngindir. Bu fakt da regionun geosiyasi dəyərini daha da artırır və Qərbin itirmək istəmədiyi əsas səbəblərdən biridir.
Nəşrin iddiaları nə dərəcədə ciddidir? Moskvanın Cənubi Qafqaz və oradan keçən strateji neft-qaz kəmərlərini nəzarətə götürməsi mümkündürmü? Konkret Azərbaycan üçün bu hansı anlama gəlir?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ lideri Donald Tramp qısa müddətdə Rusiya-Ukrayna müharibəsini bitirmək istəyir və onun tutduğu yol hamıya aydındır. Mütəxəssis qeyd etdi ki, hədəf bəllidir - Ukraynanı təhdid etmək, hədələmək, təzyiq göstərmək və son nəticədə güzəştlərə məcbur eləmək: “Həmçinin Rusiyanı da dilə tutaraq müəyyən güzəştlər qoparmaq. London danışıqlarında təklif olunan plan da Rusiya planıdır. Vladimir Putin dəfələrlə bu planı dilə gətirib. O, tələbləri bir az artırmaq şərti ilə yenə də qəbul etdirməyə çalışır. Çox təəssüf ki, Amerika da başqa bir yol görə bilmədiyindən Rusiyanın bu mövqeyini dəstəkləyir. Ancaq Rusiyanın tələbləri içərisində Krımın Rusiyaya məxsus olduğunun ABŞ tərəfindən tanınmaq tələbi yox idi. Bu tələb indi ortaya çıxıb və Amerika da onu qəbul etmək məcburiyyətində qalıb. Ancaq Avropanın və Ukraynanın Krımın Rusiyaya məxsus olduğunun tanınması tələbi yoxdur. Güman edirəm ki, bu, reallığın təsdiq olunmasıdır. Çünki onsuz da Krım yarımadası Rusiyanın nəzarətindədir”.
A.Səmədov söylədi ki, Ukraynanın nəinki Krımı, digər əraziləri də qaytarmaq şansı yoxdur: “Ukrayna cəbhəsində baş verənlər Rusiyanın iştahını artırdı. Dünyanın 50-dən artıq dövlətinin müxtəlif səviyyədə yardımlar etdiyi Ukraynanın son iki ildə heç bir uğura nail ola bilməməsi və Rusiyanın onların qarşısında hətta müəyyən qədər irəliləyə bilməsi Kremlin iddialarını bir az da artırıb. Trampın seçilməsindən sonra ABŞ-ın az qala Rusiyanın müttəfiqinə çevrilməsi vəziyyəti tamamilə Avropanın və Ukraynanın zərərinə dəyişdi. Bu, dünya üçün də, Cənubi Qafqaz üçün də, Mərkəzi Asiya üçün də çox təhlükəli bir vəziyyətin yaranmasına gətirib çıxarıb”.
Ekspert qeyd etdi ki, Rusiya gələcəkdə Mərkəsi Asiyanı və Cənubi Qafqazı nəzarətə götürmək arzusuna düşə bilər: “Putinin 2023-cü ilin iyulunda gənc sahibkarlarla görüşdə 1-ci Pyotru xatırlaması, onun işğalçılıq addımlarına haqq qazandırması və iddia eləməsi və ”Pyotr heç kimin torpağını işğal etməyib Rusiya torpaqlarını toparlayıb və möhkəmləndirib, indi bu missiya bizim üzərimizə düşüb" deməsi Kreml başçısının planlarından xəbər verən fikirlər idi. “Rusiya torpaqları” deyiləndə yəqin ki, keçmiş sovetlər ittifaqının ərazisinə daxil olan dövlətlərin torpaqları nəzərdə tutulur. Yəni bu təhlükə var və get-gedə güclənir. Biz bu təhlükədən qorunmaq üçün zəruri addımlar atmalıyıq. Burada həm Türkiyə ilə müttəfiqlik əlaqələrinin gücləndirilməsi, Mərkəzi Asiya dövlətləri ilə daha sıx əməkdaşlığın, ilk növbədə hərbi əməkdaşlığın təmin olunması, Çinlə yaxınlaşma və digər addımlar nəzərdə tutulur. Bütün bunlar təbiidir ki, Rusiya təhlükəsinin qarşısını almağa yönəlmiş addımlardır və bu istiqamətdə fəaliyyət davam etdirilməlidir".
A.Səmədov hesab edir ki, Rusiya Transxəzər dəhlizini bağlaya bilməz: “Çünki burada söhbət təkcə Mərkəzi Asiyadan və Cənubi Qafqazdan getmir, burada Çinin maraqları var və Rusiyanın Çindən nə qədər çəkindiyi hamıya məlumdur. Rusiya Çinlə münasibətlərini qorumağa çalışır, münasibətlərə xələl gətirəcək hər hansı addımı atmaqdan qorxur. Bu səbəbdən, Rusiyanın Transxəzər dəhlizlərini bağlaması qeyri-mümkündür. Eyni zamanda, digər dövlətlərin də bu dəhlizlərdə marağı var. Rusiyanın yaxın münasibətdə olduğu iri dövlətlərdən söhbət gedir. Lakin Mərkəzi Asiyanı və Cənubi Qafqazı yenidən nəzarətə götürmək üçün Rusiya əlindən gələni edəcək. 2021-ci ilin dekabrında ABŞ-a və NATO-ya ünvanladığı ultimativ tələblərin kökündə də bu dayanırdı. Rusiya açıq deyirdi ki, bu ərazilər təsir zonamdır və razılığım olmadan bu ərazilərdə heç bir işlər görülə bilməz, bu dövlətlər heç bir kəskin addım ata bilməzlər. Elə ”Ukrayna müharibəsinin başlanmasının ilkin səbəbləri aradan qaldırılmalıdır" deyərkən Rusiya həm də bunu nəzərdə tutur. Yəni təkcə Ukraynanın neytrallığını yox, bütövlükdə keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin yerləşdiyi ərazini nəzərdə tutur və bu ərazinin onun təsir zonası olduğunu bəyan edir".
Mərkəz rəhbəri sonda vurğuladı ki, Tramp da müəyyən qədər o fikirlərlə razılaşdığını söyləyib: “Ona görə də təbiidir ki, bu yanaşma, Rusiyanın müharibədən qələbə ilə çıxması Mərkəzi Asiya və Cənubi Qafqaz üçün ciddi problemlər yarada bilər. Biz birlikdə bu problemlərin aradan qaldırılması üçün çalışmalıyıq. Bir-birimizə dəstək verməliyik”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ