Onlayn ictimai-siyasi qəzet
Seçki bəhanəsilə Azərbaycana səfər etməyən ABŞ və Avropa diplomatlarının ədalətli hakim rolunu oynayacaqları şübhə doğurur; Klaar, Kolomina və Bono 7 fevral seçkisini niyə bəhanə ediblər; ekspertlərdən ilginc açıqlamalar
Ötən həftəsonu Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda oldu. Lakin Aİ təmsilçisi Bakıya gəlmədi. Diplomatın ofisindən verilən məlumata görə, səbəb hazırda Azərbaycanda seçki kampaniyasının getməsidir.
Elə T.Klaar özü də səfəri ilə bağlı “X”dəki mikrobloqundakı qeydlərində məmnunluq nümayiş etdirib. “Ermənistana yaxşı görüşlərlə dolu iki günlük səfər başa çatdı. Mən Avropa İttifaqının (Aİ) hərtərəfli sülh prosesinə davamlı dəstəyini vurğuladım”, - yazan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Azərbaycan və Ermənistan arasındakı ikitərəfli danışıqları da təqdir edib. “Biz İrəvan və Bakı arasında ikitərəfli əsaslı təmaslardan ruhlanırıq, həmçinin seçkilərdən sonra Azərbaycandan olan həmsöhbətlərimizlə əlaqələrin tam bərpasını gözləyirik”, - deyə avropalı diplomat qeyd edib. Məlumata görə, Klaar İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və baş nazirin müavini Mher Qriqoryanla görüşlər keçirib. Sonuncu ilə o, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasının prinsipləri və hüquqi əsaslarını müzakirə edib.
Erməni mediası yazıb ki, bir neçə saat əvvəl İrəvana iki günlük səfərə gələn Klaarın Bakıya getməyəcəyi məlum olub. “Bildiyiniz kimi, hazırda Azərbaycanda seçkiqabağı təşviqat dövrü var və bu səbəbdən Bakıya səfər nəzərdə tutulmur. Lakin Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan rəhbərliyi ilə də sıx və mütəmadi olaraq əlaqə saxlayır”, - Klaarın ofisi “Azatutyun”a bildirib.
Yada salaq ki, regiona öncəki səfərləri zamanı Klaar bir qayda olaraq Bakıya da baş çəkib. O zaman sual yaranır: Azərbaycanda seçki kampaniyasının getdiyini öncədən bilə-bilə bölgəyə niyə gəlib? Belə birtərəfli səfərlərin nə əhəmiyyəti var? Qeyd edək ki, diplomat İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşüb. Hazırda onun missiyasına Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinin təşkili məsələləri daxildir.
Toivo Klaarın ardınca keçən həftə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ksavye Kolomina da İrəvanda olub. Yanvarın 19-da o, baş nazir Nikol Paşinyanla görüşdə Ermənistan və NATO arasında əməkdaşlıq, regionda sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib. Ancaq Kolominanın proqramına da Bakıya səfər daxil edilməyib. Olmaya səbəb yenə Azərbaycandakı seçki kampaniyasıdır? Onlardan az öncə isə ABŞ-ın Qafqaz üzrə danışıqlar üzrə xüsusi nümayəndəsi Lui Bono İrəvana səfər etmişdi. Rəsmi İrəvan bildirib ki, ATƏT-in keçmiş Minsk Qrupunun amerikalı həmsədrinin əsas məqsədi sülh müqaviləsinin yekunlaşdırılması və imzalanmasına kömək etmək məqsədilə Vaşinqtonda üçtərəfli görüş təşkil etmək olub. Lakin Bono da İrəvan səfərindən sonra Bakıya gəlməyib və bunun səbəbi bilinmir. Bununla belə, erməni mediası fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisinin keçiriləcəyini xatırladıb.
Göründüyü kimi, sıralamalar təəccüblü vəziyyət yaradır. Cənubi Qafqaz təkcə Ermənistandan ibarət deyil və Ermənistan bölgənin sondan birinci statusuna sahibdir. Bu mənada əcnəbilərin bölgəyə səfərlərini İrəvanda başa vurmaları suallar doğurur. Bəllidir ki, amerikalı diplomatın ziyarətində əsas məqsəd Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkili, sülh müqaviləsinin hazırlanması və imzalanması üzrə danışıqların aparılması olub. Lakin Bono da İrəvandan sonra Bakıya ayaq basmadı - hərgah, məntiqə danışıqlarını təşkili üçün o, Azərbaycan tərəfi ilə də müzakirələr aparmalı idi. Bu da diqqətçəkicidir ki, rəsmi qaynaqlar amerikalı diplomatın Bakıya gəlməməsinin səbəbini açıqlamadı. Nə baş verir? Qərb (ABŞ, Avropa Birliyi, NATO) diplomatlarının İrəvandan Bakıya keçə bilməməsinin əsas səbəbi gerçəkdənmi Azərbaycandakı 7 fevral seçkisidir, yoxsa rəsmi Bakı, sadəcə, danışıqların Qərb (ABŞ + Avropa) platformasında davam etməsini istəmir - sonuncunun axır vaxtlar artan qərəzli və ermənipərəst mövqeyi üzündən?
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında ortada məkrli hiylənin olduğuna şübhə etmədiyini aşağıdakı fikirlərlə bildirdi: “Guya vasitəçlik niyyəti ilə regiona gələn Qərb diplomatlarının səfərlərinin ancaq Ermənistanla məhdudlaşmasının səbəbi elə özləri, daha dəqiqi, onları göndərənlərdir. Ona görə yox ki, həmin diplomatlara, sadəcə, Ermənistana getmək tapşırığı verilib. Xeyr, Qərbdə vasitəçi rolunda çıxış edənlər kazimirovcasına davranırlar və son zamanlar bunu gizlətmək belə istəmədiklərindən bir növ Azərbaycana yollarını bağlayıblar. Yəni hazırda Azərbaycanda yüksək səviyyədə demirəm, orta səviyyədə də onlara vaxt ayıracaq kimsə yoxdur. Ancaq məsələ burasındadır ki, indi nə ötən əsrin 90-cı illəridir, nə də Azərbaycan o Azərbaycandır. Ona görə də Qərbdəki bəlli çevrələrin yeni status-kvonun qorunub saxlanmasına xidmət edən davranışlarından ən çox əziyyət çəkən guya dəstəklədikləri Ermənistandır. Onların üzərində dayandıqları "süh anlaşması" adlansa da, əslində Azərbaycanla Emənistan arasında qarşıdurmanın gələcəkdə də qalmasını ön görən plana gəldikdə onunla biz heç zaman razılaşmayacağıq". Deputat qeyd etdi ki, Azərbaycan regionda revanşizmə və “Böyük Ermənistan” xülyasına birdəfəlik son qoyacaq hər iki xalqın maraqlarına cavab verən davamlı, dayanıqlı sülhün tərəfdarıdır: “Ona görə də bütün gücü ilə danışıqların vasitəçisiz və ikitərəfli formatda aparılmasına çalışır. Eyni zmanada bunun üçün nə gərəkirsə, bir sıra hallarda böyük risklərə də getməklə onu da edib. Bir daha vurğulayıram, Azərbaycanın üzərində durduğu məhz ikitərəfli danışıqlar formatı şərçivsində əldə edilcək dayanıqlı sülhdür. Və yenə qeyd edirəm ki, bu, əgər subyekt olmaq istəyirsə, Azərbaycan kimi Ermənistanın da maraqlarına cavab veirir. Ancaq təəssüf ki, qarşı tərəf ya bunun fərində deyil, ya da ”böyük qardaşsız", yaxud da “böyük bacısız” gələcəklərini görmürlər. “Böyük bacı” demişkən, baxıram, Fransa prezidenti Makronun üç gün öncə ölkəsinin silahlı qüvvələrinin təmsilçiləri qarşısındakı nitqində Ermənistanı qoruyacaqları haqda dedikləri sosial şəbəkənin hay seqmentində aşırı nikbinlik yaradıb. Ancaq onlar düşünmürlər ki, Fransa qanunlarına görə, ordu həmin ölkənin özünün və dənizaşırı torpaqları qorumaq üçündür. Ermənistanla Fransa arasında, məsələn, Azərbaycanla Türkiyəninki kimi hərbi müttəfiqlik anlaşması olmadığından - bəlli səbəbdən indiki halda bu mümkünsüzdür - Makronun bu çıxışı ölkəsində daha çox daşnak tör-töküntülərinin cəmləşdiyi hay diasporunun və islamafobların rəğbətini qazanmaqdan başqa heç bir anlam daşımır. Bəli, yəqin Yelisey Sarayında Ermənistanı da dənizaşırı torpaqları arasında görmək istəyənlər və qarşı tərəfdə bunu özləri üçün gözəl perspektiv kimi qiymətləndirənlər var. Amma orası da unudulmamalıdr ki, hazırda kim Ermənistanda hərbi baza saxlayır, kim onun sərhədlərini özü üçün “qırmızı xətt” sayır, belədə həmin o hərbi baza saxlayanın forpostunu dənizaşırı torpaq gözündə görmək, sadəcə, xülya təsiri bağışlayır və belə bir planın baş tutmaması üçün Azərbacanla Türkiyənin hər hansı tədbir görmələrinə heç bir ehtiyac qalmır".
Sahib Məmmədov
Hüquq müdafiəçisi Sahib Məmmədov da hesab edir ki, Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsi Toivo Klaarın, eləcə də NATO nümayəndəsinin Ermənistana səfər edib Azərbaycana növbədənkənar prezident seçkisinin keçiriləcəyinı səbəb kimi göstərməsi həqiqəti əks etdirmir: “Bu, yalnız bəhanədir. Onlar, sadəcə, ABŞ rəsmilərini təkrarlayırlar. Bundan əvvəl Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun İrəvan səfəri də qeyri-rəsmi olaraq seçkilərin keçirilməsi ilə "əsaslandırılıb". Səbəb isə başqadır. Qərb, sadəcə, fürsətdən istifadə edib Ermənistanla intensiv danışıqlar aparır. Məqsəd də Azərbaycanla münaqişənin davam etməsində marağın olmasıdır. Qərb ümid edir ki, Ermənistanı Rusiyadan tam olmasa da, qismən qoparacaq, amma “ipə-sapa yatmayan” Azərbaycanla bunu edə bilməyəcək. Nəticədə Cənubi Qafqazı tam təsir altına ala bilməyəcək. Bu halda yeganə yol Ermənistanı Azərbaycana qarşı qaldırmaq, yenidən münaqişəni alovlandırmaq ola bilər. Onsuz da Ermənistan bir tərəfdə sülhdən danışır, o biri tərəfdə-konkret olaraq beynəlxalq hüquq müstəvisində və qlobal informasiya məkanında havadarları ilə birgə bizə qarşı cəbhəni genişlədirir". S.Məmmədov qeyd etdi ki, hazırda Qərb ölkələrinə rəhbərlik edənlərin, bu ölkələrin xarici siyasət idarələrinin, parlamentlərinin əsas diqqət yetirdikləri regionlardan biri də Cənub Qafqazdır: “Fransa Senatının son qətnaməsi, Avropa İttifaqı Parlamentinin növbəti anti-Azərbaycan gedişi və digər məsələlər Azərbaycana təzyiqləri artırmaq, əksinə, Ermənistanın yanında olduqlarını nümayiş etdirməkdir. Fikir versəniz daxildə olan bəzi siyasətçi adlandırlan şəxslərin də mövqeyi Qərb dairələrinin təmsilçilərinin mövqelərinin təkrarlanmasıdır. Guya Azərbaycan Qərb dövlətlərini inkar edir, amma Rusiya ilə münasibətləri daha da yaxınlaşdırır. Əslində isə Azərbaycanın xarici siyasətində dəyişiklik yoxdur”. Ekspertin sözlərinə görə, Rusiya XİN rəhbəri Lavrovun son açıqlamaları da onu göstərir ki, Rusiya Qərbin bu gedişlərindən bəhrələnmək istəyir: “Digər tərəfdən, Ermənistanın qərbyönümlü addımlarından narazıdırlar və bunu gizlətmirlər. Görünən həm də budur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı Paşinyanın açıqlamaları Rusiyada, yumşaq desək, o qədər də xoş qarşılanmayıb. Bir sözlə, bizim ərazi bütövlüyümüzü tam təmin etməyimiz kimlərisə pis vəziyyətə salıb. Ona görə bu tipli və digər üstüörtülü demarşlara da hazır olmalıyıq”.
Yazı çapa hazırlanarkən məlumat yayıldı ki, yanvarın 22-də Brüsseldə 27 üzv ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Avropa İttifaqının Xarici İşlər Şurasının iclası keçiriləcək. İclasa Aİ-nin ali nümayəndəsi Cozep Borrel sədrlik edəcək.
Brüsseldən verilən açıqlamada Şuranın Ukrayna və Yaxın Şərqi müzakirə edəcəyi bildirilib. ""Cari məsələlər" mövzusu çərçivəsində biz Ermənistan və Azərbaycandan danışacağıq" - açıqlamanın sonunda vurğulanır. Bakıya gəlməyə həvəsli olmayanlar nələr danışacaqlar və ya artıq danışıblar, maraqlıdır...
E.PAŞASOY,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ