İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərar qüvvəyə mindi - narazı çox, razılar isə...

Xəbər verildiyi kimi, iyulun 1-dən etibarən ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar kifayət qədər ciddidir. Ona görə də bu vaxtadək fəaliyyət göstərən 45-50 min taksi sürücüsünün heç də hamısının yeni tələbləri qarşılaya bilməyəcəyi öncədən məlum idi.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 696-ya çatıb. “Təlim keçən sürücülərin sayı isə 24 482 olub”, - deyə agentlik bəyan edib.

Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.

Qeyd edək ki, “Bolt” və “Uber” şirkətləri yeni qaydalara uyğun gəlməyən taksilərin sürücülərinin profillərini bloklamağa başlayıb. Bildirilib ki, iyulun 1-dən etibarən qüvvəyə minən yeni qaydalara uyğun gəlməyən sürücülərin profilləri bağlanır.

Bəs yeni qaydaların tətbiqindən keçən 2 günün təhlili nə deyir? Taksidə gedişin bahalaşması metronun və marşrut avtobuslarının “yükünü” artıra bilərmi?

Eldəniz Cəfər: 2023-cü ildə AVRO-5 standartına keçid ola bilər – Yeni Çağ  Media

Eldəniz Cəfərov: “Taksi cəmiyyətin hər təbəqəsi üçün əlçatan olmalıdır”

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, taksi qiymətləri ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 100 faiz civarında artıb. Ekspert taksilərin sayında azalma olduğunu da təsdiq edib: “Hazırda yay mövsümü olduğu üçün çox da hiss olunmayacaq, amma ümid edirik ki, tədris ili başlayana qədər taksi qıtlığı aradan qalxacaq. İctimai nəqliyyatın yükü hər zaman çox olub. Taksi ucuz olanda da yük var idi. Qiymət artdıqdan sonra isə bu yük daha da artacaq. Yeni qərardan gözlənti budur ki, taksidən istifadə daha təhlükəsiz və keyfiyyətli olsun, taksidən istifadə edənlər mənzil başına rahat, salamat gedib çata bilsinlər. Taksidə qiymətlərin kəskin artmasının tərəfdarı deyilik. Taksi cəmiyyətin hər təbəqəsi üçün əlçatan olmalıdır. Müasir dövrdə taksi heç bir halda yalnız varlı, imkanlı vətəndaşlar üçün olmamalıdır”.  

Elməddin Muradlı - TurkicWorld

Elməddin Muradlı: “Taksilərin azalması fonunda nə metro stansiyaları və qatarların, nə də avtobusların sayı artıb”

Nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, taksilərin sayının azalması vətəndaşlara kifayət qədər çətinlik yaradıb, çünki ictimai nəqliyyat əhalinin tələbatını qarşılayacaq vəziyyətdə deyil: “Taksi fəaliyyəti barədə qərarla bağlı sürücülərə öncədən də məlumat verilmişdi. Onlara kifayət  qədər də vaxt verilmişdi ki, bu müddət ərzində işlərini qaydaya salsınlar. Sertifikat almaq üçün təlimlərə getmək, taksi buraxılışı kartı, buraxılış vərəqəsi, fərqlənmə nişanı, sağlamlıq arayışı almaq taksi sürücüsü kimi fəaliyyətə başlamaq üçün zəruri idi. Bakı şəhəri üzrə taksi sürücülərinin sayı 70 minə çatmışdı, xaotik vəziyyət yaranmışdı, hər kəs taksi sürücüsü olmağa rahat iş kimi baxırdı. Bu gün qoyulan tələblərə isə əksəriyyət əməl etmək istəmir. Bir çox sürücü zəruri kriteriyalara cavab vermir. 

Əlbəttə, taksilərin sayının azalması prosesə mənfi təsir göstərib. Son statistikaya görə, təxminən 11 min sürücü fərqlənmə nişanı alaraq işə başlayıb. Bu isə tələbatı qarşılamır. Aidiyyəti qurumlar qərarların icrasının üzərində sərt şəkildə dayanır - heç kimə güzəşt olunmayacaq. Çünki indiyə kimi yaranmış xaotik vəziyyəti sözlə, xəbərdarlıqla, xahişlə aradan qaldırmağa çalışsalar da, bu mümkün olmadı. Bundan sonra inzibati metodlar işə düşəcək. 

Bir çox sürücülər isə buna əməl etmək istəmirlər. 24 mindən çox şəxs təlimdən keçib, sertifikat alıb, amma cəmi 11 mini bütün sənədləri qaydaya salaraq işə başlayıb. Taksilərin sayının azalması qiymət artımına gətirib çıxardı. Taksi operatorları da bildirirlər ki, qiymət sistemdə avtomatik hesablanır. Tələbat artdıqca, sərnişin uzaq məsafədən götürülürsə, qiymət ona uyğun hesablanır. Bu zaman da xərc çox çıxır. Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələyə bir daha diqqətlə baxmalıdırlar. Hər hansı formada mütləq tənzimləmə lazımdır. Çünki taksilərin sayının bu qədər azalması fonunda nə metro stansiyalarının, nə də qatarların sayı artmayıb. Avtobusların sayı da olduğu kimi qalır. Bu il yalnız 160 ədəd yeni elektrik avtobusun gətirilməsi planlaşdırılır. Başqa variantlar yoxdur. Buna görə də problemlərin qısa zamanda həll olunacağını deyə bilmərik. Sözügedən məsələləri yalnız müvafiq qurumlar tənzimləyə bilər". 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR