İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva MM-də bəstəkar Elza İbrahimovanın xatirəsinin əbədiləşdirilməsini təklif edib

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisdəki büdcə müzakirələrində Baş nazir Əli Əsədov və hökumət üzvlərinə müraciət edib.

Komitə sədri bildirib ki, gələn il məşhur bəstəkar, Azərbaycan Respublikasının və Dağıstanın Xalq artisti Elza İbrahimovanın anadan olmasının 85-ci ildönümü tamam olacaq; amma onun adının əbədiləşdirilməsi üçün görülən işlər yarımçıq qalıb. O, sənətkarın 85 illik yubileyinə az qaldığını, Elza İbrahimovanın yaşadığı yerdə memorial abidənin qoyulması ilə bağlı qərarın təmin edilməsinə çağırıb.

Komitə sədrinin Milli Məclisdəki bugünkü çıxışını kiçik ixtisarla təqdim edirik:

Hörmətli xanım sədr, öncə, Kambocaya uğurlu səfəriniz və əldə olunan nəticələr münasibəti ilə Sizi təbrik etmək istəyirəm.

Hörmətli Baş nazirimizi, hökumət üzvlərimizi, həmkarlarımızı, media nümayəndələrini də salamlayıram.

Xanım sədr, 2023-cü il üçün dövlət büdcəsinin birinci oxunuşunda bizə geniş imkan yaradılmışdı, biz öz fikirlərimizi söyləmişdik. Mən sadəcə qısa olaraq, mədəniyyətlə bağlı bir mövzuya toxunmaq istəyirəm. 2023-cü ilin yanvar ayının 10-da 85 illik yubileyi olacaq Azərbaycan və Dağıstanın Xalq artisti, Azərbaycan Prezidentinin təqaüdçüsü olmuş böyük bəstəkar Elza İbrahimovanın ailə üzvləri ilə bugünlərdə Mədəniyyət Komitəsində görüşdük. Elza xanımın yubileyinə çox az qalıb. Eyni zamanda, 2023-cü ilin 11 fevralında onun dünyadan köçməsinin 11-ci ildönümü tamam olur. Cənab Prezident Elza xanımın 80 illik yubileyində Sərəncam imzalamışdı və orda, sənətkarın adının əbədiləşdirilməsi ilə bağlı bütün məsələlər nəzərdə tutulub.

Nazirlər Kabinetinin 2019-2020-ci illərdə görkəmli şəxslərin adının əbədiləşdirilməsi komissiyasında Elza İbrahimovanın yaşadığı binaya memorial lövhənin qoyulması ilə bağlı yekdilliklə qəbul edilib.

Çox təəssüf ki, 2019-2020-ci illərdə bu məsələyə baxılsa da – yekdilliklə qərar qəbul edilsə də, bu günə qədər Elza İbrahimovanın yaşadığı binada həmin memorial lövhə vurulmayıb. İndə 85 illik yubiley çatır və sənətkarın ailəsi xahiş edir ki, biz Mədəniyyət Komitəsi olaraq bu məsələni hökumətimizdən, cənab Baş nazir, şəxsən sizdən xahiş edək. Çünki bilirsiz, Elza xanım düz 30 ildən sonra cənab Prezidentin, hörmətli Mehriban xanımın iştirakı ilə keçirilən “Xarıbülbül” festivalının sonluğundakı “Ey, Vətən” nidalı möhtəşəm əsərin də müəllifidir. Elza İbrahimova şəhidlərimizlə bağlı, ümumən Qarabağ mövzusunda, Vətən mövzusunda çox unudulmaz əsərlərin müəllifidir. Ona görə, çox xahiş edirəm, ailənin, mədəniyyət xadimlərinin xahişini nəzərə alaraq, sənətkarın yubileyinə qədər memorial lövhənin o binada qoyulması məsələsinin həlli üçün əlinizdən gələn köməkliyi əsirgəməyəsiniz".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR