Onlayn ictimai-siyasi qəzet
SSRİ-nin ən ali dövlət mükafatlarından biri sayılan Sovet İttifaqı Qəhrəmanı adı təsis olunduğu 1934-cü ildən 1991-ci ilə qədər 12 777 nəfərə təqdim edilib. Amma onların hamısı bu adı sona qədər özlərində saxlaya bilməyiblər.
Belə ki, 72 nəfərdən qəhrəman adı geri alınıb. Onlardan biri də Aleksey Kulak olub.
Sovet-alman müharibəsi dövründə Berlin əməlyyatında göstərdiyi qəhrəmanlıq və şücaətə görə 1945-ci ildə 24 yaşlı baş leytenant Aleksey Kulak Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. “Qızıl ulduz”u ona şəxsən Georgi Jukov təqdim edib. Marşal şəxsi heyətin qarşısında çıxış edərək Kulakın müharibədəki xidmətlərini yüksək qiymətləndirib və gələcəkdə ona hərbi karyerasında uğurlar arzulayıb.
Əslində Kulak hərbçi olacağı haqqında heç vaxt düşünməyib. Hələ orta məktəbdə oxuyarkən o, kimya fənninə böyük maraq göstərib, gələcəkdə kimyaçı olacağını qərarlaşdırıb. Ancaq müharibə onun bütün planlarını dəyişib. Müharibədən sonra Kulak hərbi xidmətdə qalıb.
SSRİ alman faşizmi üzərində qələbə çaldıqdan sonra Aleksey Kulak Almaniyanın kiçik şəhərlərinin birinə hərbi komendant təyin edilib. Bu təyinat növbəti dəfə Kulakın fəaliyyət istiqamətini dəyişib. Bu vəzifədə xidmət edərkən o, ABŞ xüsusi xidmət orqanları ilə pul qarşılığında əməkdaşlıq etməyə başlayıb. Bir müddət keçdikdən sonra “NKVD”nin Almaniya ərazisində fəallığını nəzərə alan baş leytenant casusluğunun üstünün açılmasından narahat olub və 1947-ci ildə hərbidən tərxis olunması üçün komandanlığa müraciət edib. Komandanlıq Kulakın müraciətini müsbət cavablandırıb.
Almaniyadan Moskvaya qayıtdıqdan sonra Kulak Mendeleyev adına Kimya Texnologiyaları İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra bir müddət elmi yaradıcılıqla məşğul olaraq dissertasiya müdafiə edib, kimya elmləri namizədi adını alıb.
1960-cı ildə Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərliyi Aleksey Kulakın peşəkar hərbçi, döyüşən zabit və qəhrəman olmasını nəzərə alaraq onu xidmətə dəvət edib. Kimyaçı alim bu dəvəti qəbul edərək DTK-nın 1-ci baş idarəsində xidmətə başlayıb, onu SSRİ-nin Nyu-Yorkdakı rezidenturasına təyin ediblər.
Bəzi versiyalara görə, Aleksey Kulak ABŞ-da xidmət etmək üçün özü təşəbbüs göstərib. Hələ Almaniyada xidmət edərkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələr yaratmağa nail olan Kulak 1962-ci ildə könüllü olaraq Amerika kəşfiyyatına işləməyə başlayıb. Kifayət qədər məxfiliyi saxlaya bilən Kulakın ikibaşlı oyunu uzun illər heç kimdə şübhə yaratmayıb.
1967-ci ildə Yuri Andropov DTK sədri təyin olunanda ABŞ-da xidmət edən dövlət təhlükəsizliyi əməkdaşlarının fəaliyyətini ciddi şəkildə araşdırıb. Bu araşdırmalarda da Kulakın fəaliyyəti şübhə yaratmayıb.
Yüksək peşəkarlığa malik olan Aleksey Kulak Amerika kəşfiyyatına işlədiyinə görə hər dəfə 100 min dollar olmaqla üç dəfə mükafatlandırılıb. Zənginliyi nəzərə çarpmasın deyə Moskvada iki otaqlı “xruşovka” layihəli kiçik mənzili olan Kulak çox sadə həyat tərzi nümayiş etdirərək yarana biləcək bütün şübhələrin qarşısını ustalıqla alıb.
1975-ci ildə DTK SSRİ-dən ABŞ-a elmi-texniki sahələr üzrə informasiya axını olduğunu aşkarlayıb. Əsasən bu sahə üzrə işləyən Aleksey Kulakın fəaliyyəti yenidən araşdırılıb. Aleksey Kulak bu dəfə də sudan quru çıxıb.
Özünü gələcək təhlükələrdən qorumaq üçün 1977-ci ildə Kulak Moskvada olarkən Yuri Andropovun qəbuluna yazılıb.
O, görüşdə səhhətində yaranmış problemlərə görə xidmətdən tərxis olunmasını xahiş edib. Beləliklə, Aleksey Kulak 1977-ci ildə polkovnik rütbəsində istefaya göndərilib.
Kulak elə həmin ildən təhsil aldığı Mendeleyev adına Kimya Texnologiyaları İnstitutunda dosent kimi pedaqoji fəaliyyətə başlayıb, elmi yaradıcılığını davam etdirib. 25 avqust 1984-cü ildə kimyaçı alim beyin xərçəngi xəstəliyindən vəfat edib.
İstefada olan DTK polkovniki Kuntsevo qəbiristanlığında “qəhrəman” statusu ilə təntənəli şəkildə dəfn edilib.
1985-ci ildə SSRİ-dən ABŞ-a informasiya axını məsələsi yenidən gündəmə gəlib. Sovet kəşfiyyatçıları SSRİ-yə işləyən məşhur Amerika kəşfiyyatçısı Eyms Oldriçi bu məsələyə cəlb ediblər. Sözsüz ki, Oldriç sövdələşməyə görə SSRİ-dən kifayət qədər böyük “qonorar” alıb. O, əsaslı sübut və dəlillərlə Aleksey Kulakın uzun illər Amerika kəşfiyyatına işlədiyini DTK-ya sübut edib. Hətta onun aldığı məbləğləri də dəqiqliyi ilə söyləyib:
“Qəhrəmanlar ucuz qiymətə işləmirlər. Kulak ümumilikdə 300 min dollarla mükafatlandırılıb...”
Bu hadisədən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin qapalı qərarı ilə Aleksey Kulak ölümündən sonra bütün dövlət təltiflərindən məhrum edilib, o cümlədən Sovet İttifaqı Qəhrəmanı adından da.
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ