Onlayn ictimai-siyasi qəzet
Təxminən 20 il öncə Azərbaycanda yayımlanan ən qalmaqallı, baxımlı və səs-küylü realiti şou olan "Qəfəs"in yaddaqalan iştirakçılarından olan Cəmilə Əsgərova "Azxeber media"nın qonağı olub.
Bir zamanların məşhur siması uzun zamandır gözlərdən uzaq həyat sürməsinə baxmayaraq, illər sonra yarışmadan sonrakı şöhrəti, şəxsi həyatı və fəaliyyəti haqda Azxeber.com-a müsahibə verib.
- 20 il öncə Azərbaycanda bir realiti şou yayımlandı və siz də onun ilk iştirakçılarından biri oldunuz. O zaman bütün qadağalara, qınaqlara baxmayaraq belə bir yarışmaya qatılmağa necə razılıq verdiniz?
- Çox rahat (gülür). Bu mənim üçün normal bir addım idi. Çünki o realiti şou idi, oyun idi. O zamanlarda insanlar hadisələri çox şişirdirdilər, haqqımızda çox şeylər danışırdılar. Amma eybi yoxdur. İnanın ki, bir də olsa, bir də qatılardım. O aylar həyatımın ən maraqlı hissəsi idi.
- Yarışma bitdi, hər kəs siravi həyatlarına geri dönə bildi?
- Mən dönmədim. O zaman ATV telekanalında veriliş də apardım, müğənnilik də elədim bir müddət. Hətta Mustafa Sandal, Elşad Xose ilə birlikdə konsert də verdim.
- Səsiniz var idi müğənnilik etdiniz yoxsa şöhrətin verdiyi özgüvənlə oxumaq istədiniz?
- Əlbəttə ki, mənim səsim var, indi də oxuyuram. Teymur Əmrahdan və Dilarə Qulamovadan dərs almışam. Mahnı oxumağı çox sevirəm.
- Onda deyə bilərik ki, "Qəfəs" şousu sizin üçün tramplin oldu?
- Mən ora bunun üçün getməmişdim. Bu sadəcə maraq idi. İstəyirdim ki, həyatımda nəsə bir yenilik olsun. Orada 3 ay qaldım. Çıxandan sonra veriliş apardım, konsert verdim. Amma inanın ki, ona bir hobbi kimi baxırdım. Hətta gedib rəsmi işə düzəlmişdim. Səhərdən axşama kimi tikinti şirkətində işləyirdim. Axşamlar verilişlərə və çəkilişlərə gedirdim, mahnı yazdırırdım. O zaman artıq bir ya iki mahnım var idi.
- Bəlkə də o zamandan sənətlə məşqul olsaydınız indi çox böyük uğur əldə etmiş olardınız. Müğənnilikdə 20 il uğur qazanmaq üçün az zaman deyil...
- Mən öz işimi çox sevirəm. Əvvəl də mahnı oxuyurdum amma ofis işinə daha çox diqqət və zaman ayırırdım. İndi isə əksinədir. Tək işim müğənnilikdir və sırf bu işlə məşqulam.
- Yarışma bitdi və hər kəs həyatına qaldığı yerdən davam etdi. Demək olar ki, bir çox iştirakçılar isə tamamilə unuduldu. Yarışmadan sonra şəxsi həyatınız necə dəyişdi? Niyə ailə qurmadınız?
- Kim deyir ki, ailə qurmadım? Ailəli olmuşam.
- Övladınız var?
- Xeyr, yoxdur.
- Hazırda ailəlisiniz?
- Xeyr, deyiləm. Mən ümumiyyətlə şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Rəfiqələrimlə belə danışmıram bu haqda. Kimsə nəsə soruşanda da bunu zarafata salıram. Çünki xoşum gəlmir.
- Sevərək ailə qurmuşdunuz?
- Demək olar ki, hə, sevmişdim.
- Yarışmadan sonra iştirakçılar ilə əlaqələriniz qalıb?
- Əlbəttə ki, əlaqələrimiz var. Bir ara "Qəfəs" adlı qrupumuz da var idi. Demək olar ki, iştirakçıların hamısı orda var idi. Sonra nədənsə o qrup da dağıldı. Amma hamını tapmışdıq, danışırdıq.
- Bu gün həm sosial şəbəkələrin olması, həm insanların düşüncələrinin dəyişməsi, həm də televiziyaların daha çox inkişaf etdiyini düşünsək, bu zamana daha çox uyğun gəlir "Qəfəs" kimi şoular. Bəs nə üçün davam etmədi belə layihələr?
- Çünki indi sosial şəbəkələr var, insanlar bütün günü televiziyaya baxmaqdan çox internetdə otururlar.
- Bəs siz "Qəfəs"də olan zaman sosial şəbəkələr olsa idi, həyatınız necə dəyişərdi?
- Əlbəttə ki, daha çox populyar olardım.
- Hansı daha asan idi? Bir verilişlə o uğuru qazanmaq ya sosial şəbəkədə?
- Belə baxanda hə ikisi populyarlıq qazandırır amma təbii ki, sosial şəbəkələr daha çox və asandır. İndi hamının əlində telefon var.
- Dediniz ki, peşman deyiləm, bir də belə bir şou olsa, bir də qatılaram ...
- Bəli, mən bu həyatı bir də yaşasam və mənə bu təklif gəlsə, yenə də sevərək qəbul edərdim.
- "Qəfəs"də sizi narahat edən şeylər heç yox idi? Çünki özünüz dediniz ki, insanlar dalınızca çox şeylər danışırdı...
- İnsanlar həmişə danışır. Bu gün də danışır, sabah da danışacaq. Evdə oturduğumuzda da danışırlar, işləyəndə də. Bu mənim şəxsi həyatımdır. Onu necə yaşamaq istəyirəmsə, elə də yaşayıram. Verilişə qatılıram, oxuyuram, ailə qururam ya boşanıram. Bu şəxsi həyatımdır. Hamının sözünə qulaq assaq nə olar? Özümüz üçün yaşamalıyıq.
- Bundan sonrakı planlarınız nədir? Müğənniliyə davam edəcəksiniz yoxsa bu hobbi olaraq qalacaq?
- Bu suala indi cavab verə bilmərəm çünki bilmirəm. Bilmirəm sabah nə olacaq. Bəlkə ərə getdim? (gülür) Hər şey ola bilər. Amma musiqini davam etdirməyi də istəyərdim çünki xoşum gəlir. Həvəslə gedirəm və işimdəm zövq alıram. Bilirəm ki, səsim var və dinləməyə gələn qonaqların da xoşuna gəlir.
- Görənlər sizi tanıya bilir?
- Gənclər yox, amma öz yaş qrupumdan olanlar tanıyırlar, nostalji hisslər yaşayırlar.
- Qız övladınız olsa onun istəklərinə necə yanaşarsız? Özünüz kimi azad ruhlu böyüdərsiniz?
- Deməzdim ki, mən də çox azad böyümüşəm. Yarışmaya qatılmağım o demək deyil ki, mənim çərçivələrim yoxdur. Mənim qızım olsa nə vaxtsa, istəsə yarışmaya qatılmağa, qatılsın, oxumaq istəsə oxusun. Dəstək olaram.
- Ailənizdən o dəstəyi görmüsünüz?
- Həmişə dəstək görmüşəm, bu gün də görürəm. Ən böyük sirrlərimi anama danışa bilirəm. Nənəmdən də, babamdan da ata-anamdan da qorxmuşam amma onlara hər şeyimi demişəm. Əvvəl danlasalar da sonra arxamda olublar.
- Əgər ailə qursanız və həyat yoldaşınız müğənni olmağınızı istəməsə?
- Ailəni seçərəm! Çünki birincidə alınmayıb. Hər bir qadına ailə, sevgi, qayğı lazımdır. Hər şey təkcə pul deyil, sevgi də olmalıdır. Onsuz da özüm işləyib o pulu qazana bilirəm. İstəməyə -istəməyə ailə qurub yaşamaq nəyə lazımdır? Sevgi yoxdursa o artıq ailə həyatı deyil.
- Müğənnilikdən yetərincə gəlir əldə edə bilirsiz?
- Qazanıram, bəli. Ən azından özümü saxlaya bilirəm. Hər şey normaldır.
- Müğənni kimi fəaliyyətinizi genişləndirmək fikriniz var yoxsa bu sadəcə restoran müğənnisi olaraq davam edəcək?
- Bu işim həmişə qalacaq amma ki, bəyəndiyim hansısa bir təklif olsa bəlkə hə. Təbii ki, bütün təkliflər yox amma seçim edə bilərəm. Zamanında verilişlərə də qatılmışam, çox təkliflər də alırdım və qəbul da edirdim. Amma yavaş-yavaş uzaqlaşdım. Çünki işdə yorulurdum, dəvətləri qəbul edə bilmirdim. Beləliklə də televiziyadan uzaqlaşdım.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ