Onlayn ictimai-siyasi qəzet
İlham Şaban: “BTC Qazaxıstan nefti ilə doldurulmazdan əvvəl onun tərkibi daha keyfiyyətli Azərbaycan neftinə uyğunlaşdırılmalıdır”
Qazaxıstan Azərbaycanla Bakı-Supsa kəməri vasitəsilə neftin nəqli barəsində danışıqlar aparır. Qazaxıstanın Energetika Nazirliyinin məlumatına görə, Qazaxıstan tərəfi Azərbaycanla Bakı-Supsa vasitəsilə ildə 3 mlilyon tona qədər neft nəql etmək barədə danışıqlar aparır.
Xatırladaq ki, hazırda Azərbaycan tərəfi Bakı-Supsa kəmərindən demək olar ki, istifadə etmir. Kəmərin fəaliyyəti tam dondurulmayıb, hazır vəziyyətdədir və istənilən an istifadə oluna bilər. Bu kəmərlə neft bir ay öncədən təqdim olunan sifarişlər əsasında (sifarişlərin olduğu halda) həyata keçirilir.
Bundan başqa, Qazaxıstanın Energetika Nazirliyi onu da bildirib ki, Qazaxıstan 2024-cü ildə Bakı-Tiflis-Ceyhan kəməri (BTC) ilə 1,5 milyon ton neft nəql etməyi planlaşdırır.
“Kaztransoil” şirkətinin məlumatına görə, ötən il Qazaxıstan neftinin Aktau limanından ixracı 3 milyon 376 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 milyon 108 min ton və ya 49 faizə yaxın çoxdur.
Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqaməti üzrə daşınan xammalın həcminin 205 min tondan 1 milyon 392 min tona, yəni 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə artması ilə bağlıdır. O cümlədən Bakı limanı istiqaməti üzrə “Tengiz” yatağından 1 milyon 57 min ton neft göndərilib.
Qeyd edək ki, Qazaxıstan neftinin daha çox hissəsinin Azərbaycan üzərindən nəqlinin təşkili 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra aktuallaşıb. Qərbin ağır sanksiyaları ilə üzləşən Rusiya həmin il Qazaxıstan neftinin əsas ixrac yolu olan Xəzər Boru Kəməri Konsorsiumuna məxsus kəmərlə nəqli dəfələrlə dayandırıb. Hər dəfə başqa bir bəhanə gətirilsə də, Moskvanın öz neftinin alışından imtina edən Qərbi cəzalandırmaq üçün Qazaxıstan neftinin də dünya bazarına yolunu bağlamağa çalışdığı aydın görünürdü. Bu şəraitdə Qazaxıstan alternativ yollar axtarmağa başladı. Bu sahədə seçim imkanları məhdud olduğuna görə Azərbaycan üzərindən daşımaların artırılması yeganə çıxış yoluna çevrildi.
2022-ci ilin avqustunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verdi. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və SOCAR arasında Bakı-Tiflis-Ceyhan kəməri ilə “Tengiz” yatağından hasil edilən ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.
2023-cü ilin yayında Ukrayna, öz limanlarının Rusiya tərəfindən vəhşicəsinə bombalanmasına cavab olaraq Qara dəniz sahilindəki Novorossiysk limanına zərbələr endirdi. Bu, Astana üçün öz neftinin nəql marşrutlarını şaxələndirmək üçün daha bir siqnal oldu. Nəzərə alsaq ki, ölkədə neft hasilatı ildən-ilə artır, o zaman əlavə marşrutların həm də artan həcmlər baxımından zəruri olduğunu deyə bilərik.
Qazaxıstanın Energetika Nazirliyinin məlumatına görə, ölkə 2024-cü ildə 90,3 milyon ton neft hasil etməyi planlaşdırır. Energetika naziri Almasadam Satkaliyevin verdiyi məlumata görə, 2023-cü ildə respublikada neft hasilatının həcmi təxminən 90 milyon ton təşkil edib. Onun sözlərinə görə, ilkin olaraq 2024-cü ildə təxminən 92-93 milyon ton neft hasil edilməsi planlaşdırılırdı. Plandan kənara çıxma iri neft və qaz hasilatı müəssisələrində aparılan təmir işləri, eləcə də ölkənin OPEC+ sazişi üzrə öhdəlikləri ilə bağlıdır.
Qazaxıstanı Azərbaycan üzərindən nəqlə yönəldən daha bir amil Novorossiysk limanının dəyişən iqlim şərtlərinə uyğun olmamasıdır. Belə ki, qlobal iqlim dəyişikliyinin təsiri ilə Qara dənizin Rusiya hissəsində payız-qış mövsümündə tufanların sayı dəfələrlə artıb. Novorossiysk limanının sahil ərazilərinin belə havada tankerlərə neft yüklənməsi üçün əlverişli olmaması səbəbindən limandan neft ixracı tez-tez dayandırılır. 2023-cü ilin noyabrında bu amilə görə Novorossiyskdən neft ixracı 12 gün mümkün olmayıb. Bu il yanvarın 14-dən eyni səbəbdən limandan neft yükləmələri dayandırılıb, hələ də bərpa olunmayıb. Bu isə əsas gəlir mənbəyi neft olan Qazaxıstan üçün qətiyyən arzuolunan deyil.
Məlumdur ki, Qazaxıstanın dünya bazarında göndərdiyi neftin 90 faizə yaxını məhz Novorossiyskdən yüklənir. 2023-cü ildə CPC-nin Novorossiyskdən dünya bazarına göndərdiyi neftin 56,05 milyon tonu (2022-ci ildə 53 milyon ton) Qazaxıstana, 7,42 milyon ton Rusiyaya məxsus olub. Ötən il CPC boru kəməri sisteminə ən böyük neft həcmləri Qazaxıstanın Tengiz, Karaçaqanak, Kaşaqan yataqlarından müvafiq olaraq 27,46 milyon ton, 9,62 milyon ton və 17,9 milyon ton olmaqla göndərilib.
Qazaxıstanın dənizlə neft ixracı hələlik yalnız Aktau limanından mümkündür. Bu limanın illik neft ötürmək imkanı 9,5 milyon ton təşkil edir. Ukraynada müharibə başlayandan sonra Astana diqqəti Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinə yönəltdi. Bu kəmərin illik ötürücülük gücü 60 milyon ton təşkil edir. Hazırda onun yarısından istifadə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il magistral neft kəmərləri ilə 39 milyon 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2 faiz çoxdur. Nəqletmənin 75,9 faizi BTC ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 miıyon 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49 faiz çoxdur. Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6 faizini və ya 24 milyon 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4 gaizini və ya 5 milyon 240,7 min tonunu (2,7 faiz artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Göründüyü kimi, BTC ilə illik 30 milyon ton əlavə neft nəqli imkanı var.
Bakı-Supsa (Qərb İxrac Boru Kəməri) neft kəməri 1999-cu ildə istifadəyə verilib. Kəmər Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycandan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Bu boru kəmərinin uzunluğu 829 kilometrdir.
Kəmər Azərbaycanın Azəri-Çıraq-Günəşli yatağından çıxarılan neftin nəqli üçün tikilib. Sahibi yatağı istismar edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətidir (ABƏŞ). Kəmərin operatoru olan bp şirkətinin verdiyi məlumata görə, 2023-cü ilin ilk altı ayı ərzində Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə təxminən 1 milyon barel neft ixrac edilib. Kəmərin illik ötürücülük gücü 5,1 milyon bareldir.
BTC ilə nəql imkanı olduğu halda Qazaxıstanın məhz bu kəmərə maraq göstərməsi maraq doğurur. Bəzi məlumatlara görə, Qazaxıstan neftinin alıcıları üçün neftin Qara dəniz limanları ilə ixracı daha səmərəli olduğuna görə Astana bu varianta üstünlük verir. Lakin enerji məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, Bakı-Supsanı səmərəli edən daha mühüm amil Qazaxıstan neftinin tərkibi ilə bağlıdır: “Məlum olduğu kimi, Qazaxıstan neftini Azərbaycan üzərindən nəql etmək üçün onu bir neçə dəfə müxtəlif nəqliyyat vasitələrinə yükləyir. Əvvəlcə dəmir yolu ilə çənlərlə Aktau və ya Kurık limanlarına çatdırır, sonra tankerlərə, sonra isə tankerlərdən Səngəçaldakı boru kəmərlərinə yükləyir. Bu isə əlavə xərclər yaradır. Qazaxıstan nefti Novorossiyskə gətirildikdən sonra Rusiya nefti ilə qarışdırılır və CPC Blend brendi ilə qarışıq kimi satılır. Lakin Azərbaycan neftinin tədarükçüləri üçün xammalın keyfiyyət fərqinə görə onu Qazaxıstan nefti ilə qarışdırmaq sərfəli deyil. Neftin boru kəməri ilə vurulması üçün BTC səhmdarlarına kimyəvi xüsusiyyətlərinə görə Azərbaycan neftinə yaxın olan dəqiq neft növü lazımdır. Lakin Qazaxıstan nefti ilə bağlı böyük problem var, ilk növbədə onun yüksək kükürdlü "qara qızıl" növlərinə aid olması ilə bağlıdır. Əgər onun BTC-də həcmi daha çox olarsa, o zaman alıcıların Ceyhanda alacağı son məhsulun dəyəri aşağı qiymətləndiriləcək".
Ekspert bildirir ki, BTC Qazaxıstan nefti ilə doldurulmazdan əvvəl onun tərkibi daha keyfiyyətli Azərbaycan neftinə uyğunlaşdırılmalıdır. Yəni Qazaxıstan ərazisində artıq kükürd neftdən təmizlənməlidir. “Kaşaqan” yatağından hasil edilən neftin tərkibində təkcə kükürd deyil, həm də böyük həcmdə hidrogen var. Buna görə də qazax neftindən artıq komponentlərin çıxarılması isə əlavə xərcdir. Bütün bunlar isə Qazaxıstan neftini ayrıca boru kəməri ilə nəqlini daha sərfəli edir.
İ.Şaban onu da bildirir ki, Qazaxıstan Azərbaycan üzərindən daha çox neft nəql edəcəyini elan etsə də, 2023-cü ildə Aktau limanından yüklənən neftin əsas hissəsi yenə də Rusiyanın Mahaçqala limanı üzərindən dünya bazarına yola salınıb: “2022-ci ildən Bakı-Supsa ilə neft nəqli barədə danışılır, amma ortada heç memorandum səviyyəsində belə razılaşma yoxdur. Bu baxımdan, konkret müqavilələr olmadan açıqlanan məlumatlar elə məlumat olaraq qalacaq”.
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ