Onlayn ictimai-siyasi qəzet
Ərzaq təhlükəsizliyi baxımından bir bazardan asılılıq Azərbaycan üçün heç də arzuolunan deyil
Qazaxıstan Azərbaycanın buğda idxalında itirdiyi mövqeyini bərpa etmək niyyətindədir. Musavat.com xəbər verir ki, bunu Bakıda Qazaxıstanın milli ərzaq korporasiyasının rəhbəri Asılxan Cumaşev deyib. Onun sözlərinə görə, ölkəsi Azərbaycana buğda ixracını 1 milyon tona çatdırmağı hədəfləyir. Cumaşev korporasiyanın Qazaxıstanın “Ak Biday-Terminal” şirkəti vasitəsilə “Azərbaycana böyük həcmdə buğda ixracını” təmin etməyə hazır olduğunu qeyd edib. Korporasiya rəhbəri izah edib ki, bu şirkət Qazaxıstan, Azərbaycan və İranda taxıl terminalları sistemini idarə edir.
Qeyd edək ki, Azərbaycan strateji məhsul olan buğda təminatında idxaldan böyük ölçüdə asılı ölkələrdən biridir. Hər il ərzaqlıq buğdaya olan tələbatı təmin etmək üçün xaricdən 1,2-1,3 milyon ton məhsul idxal olunur. Uzun illər boyu bu həcmin 70 faizə qədərini Qazaxıstandan, qalanını Rusiyadan idxal etmişik. Lakin 2014-2015-ci illərdən etibarən ağırlıq Rusiyaya salınıb: idxalın 90 faizə qədəri Şimal qonşudan reallaşıb. Bu vəziyyət 2022-ci ildə xeyli dəyişib. Həmin il ölkə xaricdən 1 milyon 292,996 min ton buğda idxal edib ki, bu da 2021-ci ildəki idxaldan 12,6 faiz çoxdur. Bu idxal ölkəyə 436 milyon 551,2 min dollara (artım 31,5 faiz) başa gəlib. Azərbaycan 2022-ci ildə Qazaxıstandan 95 milyon 800,45 min dəyərində 280,016 min ton buğda idxal edib ki, bu da 2021-ci ildəkindən 5,3 dəfə çoxdur. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 342,12 dollara başa gəlib. Hesabat dövründə Rusiyadan buğda idxalında həcm ifadəsində 7,9 faiz azalma baş verib. Şimal qonşudan 1 milyon 8,061 min ton buğda alınıb. Lakin Rusiya məhsuluna ödənilən məbləğ 17 faiz artmaqla 337 milyon 491,94 min dollara çatıb. Nəticədə bir ton Rusiya buğdası üçün Azərbaycan 334,79 dollar ödəyib. Beləliklə, ilin yekununda Azərbaycana buğda idxalının 78 faizi Rusiyanın, 22 faizi Qazaxıstanın payına düşüb.
2023-cü ildə Azərbaycan Rusiyadan buğda idxalını 0,9 faiz - 1 milyon 17,453 min tona qədər artırıb. Buna 250 milyon 412,49 min dollar (azalma 25,8 faiz) xərc çəkilib. Rusiya buğdasının bir tonu Azərbaycana 246,11 dollara başa gəlib.
Ötən il Azərbaycan Qazaxıstandan 51 milyon 77,93 min dollar dəyərində (azalma 46,7 faiz) 152,405 min ton (azalma 46,6 faiz) buğda idxal edib. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 335,14 dollara başa gəlib. Beləliklə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi Qazaxıstanın payına düşüb.
Bu ilin yanvar-may aylarında isə Azərbaycana idxal olunan 328 min 542 ton buğdanın demək olar ki, hamısı Rusiyadan alınıb.
Ölkənin ərzaq təhlükəsizliyi baxımından bir bazardan belə asılılıq Azərbaycan üçün heç də arzuolunan deyil. Bu asılılığın Rusiya kimi etibarsız tərəfdaş imicinə malik ölkədə olduğunu nəzərə alsaq, buğda idxalı bazarının Qazaxıstan kimi dost və qardaş ölkə hesabına diversifikasiya edilməsinin nə qədər zəruri olduğunu aydın görmək olar.
Qazaxıstanda bu il buğda istehsalının proqnozlardan xeyli yüksək olacağı gözlənilir. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi 2024-cü ildə buğda istehsalı proqnozunu 13 milyon ton hesablasa da, iyulun ikinci yarısında ona ciddi dəyişiklik edib. Nazirliyin hesablamalarına görə, cari mövsümdə Qazaxıstanda ümumi buğda istehsalı 17 milyon ton təşkil edəcək. Buna səbəb çox əlverişli iqlim şərtləridir: ötən ilin payızında buğda əkiləndən sonra və yazda yağıntıların miqdarı kifayət qədər olub. Nazirlik bildirir ki, əgər sentyabrda başlanacaq biçinə qədər əlverişli şərtlər davam etsə, buğdada məhsuldarlıq 11,7 milyon ton istehsal qeydə alınan keçən mövsümdən xeyli yüksək olacaq.
Beynəlxalq Taxıl Şurası da Qazaxıstanda gözlənilən buğda istehsalına dair proqnozuna korrektə edib. Şuranın hesablamalarına görə, Qazaxıstanda 2024/2025-ci il mövsümündə buğda məhsulunun 15 milyon ton olacağı proqnozlaşdırılır. Şuranın Qazaxıstanda ümumi buğda yığımı ilə bağlı əvvəlki qiymətləndirməsi 2 milyon ton aşağı olub və cari mövsüm üçün 13 milyon ton proqnozlaşdırılıb.
Beynəlxalq Taxıl Şurasına görə, 2024/2025-ci il mövsümündə Qazaxıstan buğdasının ixracı 9,8 milyon ton səviyyəsində olacaq. Əvvəlki proqnoz 9,1 milyon ton idi.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi isə Qazaxıstanda yeni məhsulun həcmini 14,5 milyon ton proqnozlaşdırır.
Qlobal istehsala gəlincə, USDA ekspertlərinin fikrincə, bu mövsüm buğda istehsalı Avstraliya, Hindistan, Qazaxıstan, Kanada, Çin, Pakistan, Amerika kimi ölkələrdə əhəmiyyətli dərəcədə artacaq. Avropa ölkələrində, Rusiya Federasiyasında və Ukraynada isə istehsal, əksinə, daha aşağı olacaq. Bu azalmaya əsasən əlverişsiz hava şərtləri səbəb olacaq.
Bol məhsul gözləntiləri Qazaxıstan hökumətinin bir sıra addımlar atmasını şərtləndirib. Belə ki, Astana buğdanın bütün nəqliyyat vasitələri ilə ölkəyə idxalına qoyulan qadağanı 2024-cü ilin sonuna qədər uzadıb. Musavat.com xəbər verir ki, bu barədə məlumat hökumətin mətbuat xidməti xarici ticarət siyasəti və beynəlxalq iqtisadi təşkilatlarda iştirak üzrə idarələrarası komissiyanın iclasının yekunlarına dair açıqlamasında yer alıb.
Məlumatda qeyd olunur ki, Qazaxıstanda taxıl yığımına dair proqnozlar dəyişməyib və onun əvvəlki illə müqayisədə yüksək olacağı gözlənilir. Rusiyadan boz sxem əsasında idxal imkanları qaldığına görə hökumət yerli istehsalçıları qorumaq üçün qadağanın müddətini uzadıb.
Xatırladaq ki, Qazaxıstan buğdanın respublikaya idxalına müvəqqəti qadağanı 2024-cü il aprelin 12-dən qoyub və bu qadağa altı ay müddətində qüvvədə olmalı idi.
Qazaxıstan hökumətinin Rusiya buğdasının öz ərazisinə gizli idxalının qarşısını almağa yönəlmiş addımı ölkədə gözlənilən bol buğda məhsulu ilə yanaşı, əsas ixrac bazarlarından biri olan Əfqanıstana tədarüklərdə mümkün azalmadır. Belə ki, bu il Pakistanda da bol buğda yığımı gözlənilir ki, bu da oradan Əfqanıstana buğda satışının yüksələcəyi deməkdir. Nəticədə Qazaxıstanın Əfqanıstana ixracı azala bilər. Buna görə də Qazaxıstan öz istehsalçılarını qorumaq, ixrac imkanlarını genişləndirmək üçün indidən addımlar atır.
BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının məlumatına görə, iyunda qlobal bazarlarda taxılın qiyməti indeksi 115,2 bənd təşkil edib ki, bu da may ayından 3,5 bənd (3 faiz), 2023-cü ilin iyun ayından isə 11,4 bənd (9 faiz) aşağıdır. Azalmaya ABŞ-da qarğıdalı sahələrinin artması və Şimal yarımkürəsində məhsul yığımı kampaniyası ilə bağlı mövsümi dalğalanmalar səbəb olub. Qazaxıstan və Ukrayna da daxil olmaqla, bir sıra ixracatçı ölkələrdə məhsul perspektivlərinin yaxşılaşdırılması, həmçinin Türkiyənin müvəqqəti idxal qadağası qiymət təzyiqini yumşaldır.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi bu mövsümdə dünya buğda yığımı üzrə proqnozunu iyundakı 790.75 milyon tondan iyulda 796,19 milyon tonadək artırıb. Bu proqnoz nazirliyin iyul icmalında əksini tapıb. Eyni zamanda qaba taxıl proqnozu 1,512 milyard tona (iyunda 1,511 milyard ton), qarğıdalı - 1,225 milyard tona (1,221 milyard ton) qədər artırılıb.
Nazirlik hesab edir ki, yeni kənd təsərrüfatı ilində Rusiya 48 milyon ton buğda ixrac edəcək. Buğda ixracında Rusiyanın ən yaxın rəqibi olan Avropa İttifaqından ixrac isə 34.5 milyon tona bərabər olacaq. Bu, nazirliyin iyun proqnozundan 0.5 milyon ton azdır.
Dünya Bankının əmtəə bazarları ilə bağlı hesabatına əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır. DB-nin proqnozuna görə, 2025-ci ildə 1 ton buğdanın qiyməti 285 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 35 dollar azdır. Beləliklə, Bankın proqnozuna əsasən, 2024-cü ildə buğdanın qiyməti illik müqayisədə 14,8 faiz, 2025-ci ildə isə 1,7 faiz azalacaq. Bu isə o deməkdir ki, növbəti ildə də dünya bazar konyukturu Azərbaycan kimi buğda təminatında idxaldan asılı ölkələr üçün əlverişli olaraq qalacaq.
Açıqlanan statistika göstərir ki, bu il də Azərbaycan özünü təmin edəcək həcmdə buğda istehsalına nail ola bilməyəcək. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, iyulun 22-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 90 faizində biçin prosesi başa çatıb. Bu dövrədək 907 845 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə 2 795 112 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir.
Ölkə üzrə arpa əkini sahələrinin 96,9 faizində, buğda sahələrinin 84,5 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,3 sentner, buğda üzrə orta məhsuldarlıq isə 32 sentner təşkil edir.
Ölkə üzrə yığılan buğda həcmləri 1,7 milyon tona yaxındır. Aydındır ki, bu həcm daxili tələbatı təmin etmək üçün yetərli deyil. Bu baxımdan, Azərbaycan buğda idxalında Rusiyadan asılılığını azaltmaq üçün real addımlar atmalıdır. Bu il Rusiyada hava şərtləri buğdanın keyfiyyətinə mənfi təsir edib. Qazaxıstanda isə əksinə, məhsuldarlıq və keyfiyyət ciddi şəkildə artıb.
Dünya SAKİT,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ