İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Putinin deputatlarının ölkəyə girişini yasaqladı

Rusiya Dövlət Dumasının dörd deputatının və vites-spikerinin Qazaxıstana girişi qadağan edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Deutsche Welle” hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, buna səbəb həmin şəxslərin Qazaxıstana və onun rəhbərliyinə ünvanlanmış təhqiramiz və düşmənçilik xarakterli bəyanatlarıdır. “Qara siyahı”ya Dövlət Dumasının spikerinin müavini Pyotr Tolstoy, Dumanın beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vyaçeslav Nikonov, “Vahid Rusiya” partiyasının deputatları Yevgeni Fedorov və Konstantin Zatulin, həmçinin “Rossotrudniçestvo”nun rəhbəri və Dövlət Dumasının keçmiş deputatı Yevgeni Primakovun adı daxil edilib.

Bildirilir ki, Tolstoyun Ukraynadan sonra Qazaxıstan Rusiya üçün “növbəti problem” ola bilər bəyanatı Almatada qəzəb doğurub. O, həmçinin Almatını “rusların tikdiyi Vernı şəhəri” adlandırıb və Qazaxıstanı Rusiyadan uzaqlaşmaq üçün “öz tarixini uydurmağa” cəhd etməkdə ittiham edib.
Federal televiziyada çıxış edən Nikonov isə “Qazaxıstanın sadəcə olaraq mövcud olmadığını” bəyan edərək, bu ölkənin indiki ərazisini “Rusiya və SSRİ-nin hədiyyəsi” kimi xarakterizə etdi. Fedorov isə Nikonovun bəyanatlarını dəstəkləyib və Rusiyanın guya Qazaxıstandan əraziləri geri qaytarmasını tələb etmək hüququna malik olduğunu bildirib. Bundan əlavə, Fedorovun fikrincə, Qazaxıstan “beynəlxalq hüquqa uyğun olaraq SSRİ-ni tərk etməyib”, bu da onun dövlətçiliyinin “tamamilə qanuni olmadığını” göstərir.

Bəllidir ki, Kreml təbliğatçıları da daxil olmaqla, müxtəlif səviyyələrdə Qazaxıstan ərazilərinə qarşı iddialar səsləndirilir, bu ölkənin dövlətçiliyi, suverenliyi və ərazi bütövlüyü sual altına alınıb. Bu yaxınlarda isə artıq Rusiya XİN səviyyəsində buna dair eyhamlar vurulmağa başlayıb. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyü hüququ ilə bağlı mövqeyini dəstəkləmədiyini bildirib. Lavrov bunu “Kommersant”a müsahibəsində deyib.

Nəşrin jurnalistləri Tokayevin 3 il öncə Putinin iştirakı ilə keçirilən tədbirdəki məlum çıxışıyla bağlı Lavrova sual veriblər. Tokayev həmin vaxt demişdi ki, əgər biz yalnız xalqların öz müqəddəratını təyinetmə hüququ ideyasını rəhbər tutsaq, dünyada bir çox regional münaqişələr yaranacaq. 2022-ci ilin yayında Qazaxıstan Prezidenti bildirib ki, BMT Nizamnaməsinin bu prinsipi başqa bir vacib prinsiplə - ərazi bütövlüyü ilə ziddiyyət təşkil edir və əgər birincisi tam həyata keçirilərsə, dünyada 600-dən çox ölkə meydana çıxacaq, xaos yaranacaq.

Lavrov bu çıxışı xatırladığını və Tokayevlə qətiyyən razılaşmadığını deyib: "Onun(Tokayev-red.) üçün yalnız ərazi bütövlüyü hüququ var. Amma bir daha deyirəm: Əgər siz BMT-nin üzvüsünüzsə, Nizamnaməyə bütünlüklə hörmət etməlisiniz”.

“Mən dekolonizasiyanı misal çəkərdim” deyən Rusiya XİN başçısı əlavə edib ki, ərazi bütövlüyü hüququna “hökumətləri müəyyən bir ərazidə yaşayan bütün insanları təmsil edən dövlətlər tərəfindən hörmət edilir”. Yəni, demək istəyib ki, məsələn, Qazaxıstanın xüsusilə də şimalında nisbi çoxluq təşkil edən rus əhalisi hesab etsə ki, Qazaxıstan hökuməti onları təmsil etmir, o zaman onların öz müqəddəratını həll etmək hüququ yaranır. 2022-ci ilin yayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Prezident Tokayev Putinin üzünə demişdi ki, Qazaxıstan “dxr” və “lxr” (Ukraynanın Rusiya Federasiyası tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətləri – red.) “kvazidövlət ərazilərini” tanımır. Bu, həm də o demək idi ki, nə vaxtsa Rusiya Qazaxıstan ərazisində də bu cür qondarma qurumları yaratmaq həvəsinə düşməsin.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR