Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Ali Məhkəməsinin mətbuat xidməti açıqlama yayaraq bildirib ki, KİV-lərdə və sosial şəbəkələrdə Ali Məhkəmənin məktəblərdə hicab taxılmasını qanuni sayması ilə bağlı məlumatlar qeyri-dəqiqdir.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, işə baxılması çərçivəsində Ali Məhkəmənin inzibati işlər üzrə məhkəmə kollegiyasının müzakirəsinə təhsil müəssisəsində hicab taxmağın qanuniliyi ilə bağlı məsələ daxil olmayıb.
“Kassasiya məhkəməsi yalnız məktəbin şagirdin dərsə buraxılmamasını qanunsuz hesab edib, çünki təhsil hüququ Qazaxıstan Respublikası vətəndaşlarının əsas konstitusiya hüquqlarından biridir”, - Ali Məhkəmənin açıqlamasında bildirilir.
Eyni zamanda, müvafiq nazirlik orta təhsil müəssisələri üçün icbari məktəbli geyiminə dair tələbləri təsdiq etmək səlahiyyətinə malikdir. Nazirin müvafiq əmri qanunsuz hesab olunmayıb və ləğv edilməyib.
“Onu da qeyd edirik ki, valideynlər məktəb nizamnaməsinə və məktəbli formasına dair tələblərə əməl etməyə cavabdehdirlər. Eyni zamanda, valideynlərin uşaqların tərbiyəsi və təhsili, hüquq və mənafelərinin müdafiəsi ilə bağlı üzərinə götürdükləri və qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməmələri qanunla müəyyən edilmiş, o cümlədən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.
Buradan o nəticə çıxır ki, valideynlər övladlarını məktəbə yalnız təhsil müəssisəsinin tələblərinə uyğun formada yola salmalıdırlar, əks təqdirdə onları təhsildən yayındırmağa görə məsuliyyət daşıyırlar.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ