Onlayn ictimai-siyasi qəzet
Avropanın Azərbaycandan qaz idxalını artırmaq istəyi - Bakı sözünə sadiqdir
İyunun 4-də işə başlayan Bakı Enerji Həftəsi davam edir. İyunun 5-də tədbir çərçivəsində Bakı Enerji Forumu işə başlayıb. Tədbirdə çıxış edən Avropa Komissiyası Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin Enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero bildirib ki, Azərbaycan Avropa üçün qaz tədarükü və təchizatında etibarlı tərəfadaşdır və bu məsələdə xüsusi olaraq bir nümunədir.
K.Borrero qeyd edib ki, 2027-ci ildə Azərbaycan Avropaya qaz tədarükünü 20 milyard kubmetrə çatdırmağı hədəfləyir: “Bu hədəf üzərində Azərbaycanla yaxından əməkdaşlıq edirik”.
O, Azərbaycanla enerji keçidi məsələsində də yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Onun sözlərinə görə, hazırda Avropada çox ciddi enerji böhranı yaranıb: “Bu böhran xüsusilə Rusiyanın Ukraynanı işğalından sonra özünü büruzə verib. Bu, özünü qazın qiymət məsələsində aşkar göstərib. Böhranla mübarizə aparmaq üçün Avropa Komissiyası 6 sanksiya paketi hazırlayıb. Avropa çalışır ki, Rusiya qazından və bu ölkədən asılılığı azaltsın”.
K.Borrero qeyd edib ki, Avropa hər zaman alternativ qaz mənbələri və Rusiya qazını əvəz edəcək qaz təminatçısı axtarmaqdadır: “Azərbaycan bu məsələdə Avropa üçün qaz tədarükü və təchizatında etibarlı tərəfdaşdır”(Report).
Qeyd edək ki, iyunun 4-də Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Avropada Azərbaycan qazına tələbin getdikcə artdığını bildirib. Ölkənin ən böyük qaz yatağı olan “Şahdəniz”in işə salınmasını mühüm tarixi hadisə kimi dəyərləndirən Prezident onun Azərbaycanda qaz qıtlığını aradan qaldırdığını qeyd edib: ""Şahdəniz" Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.
Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb".
İ.Əliyev məhz etibarlı tərəfdaş olduğuna görə Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsünün Avropa İttifaqı tərəfindən dəstəkləndiyini deyib: “Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Ötən ilin oktyabrında "Masdar" şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir.
Hazırda iki layihə işlənilməkdədir - onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır.
Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir".
Qeyd edək ki, ötən il anbarlarına rekord həcmdə qaz toplayan Avropada bu il də mülayim keçən qış müəyyən arxayınlıq formalaşdırmışdı. Hazırda Avropanın qaz anbaları 71 faizə yaxın doludur, onlarda 77 milyard kubmetrdən çox qaz var. Lakin bu həftənin əvvəlində Norveçdə baş verən hadisə Avropanın idxal qazından asılılığının nə qədər yüksək olduğunu bir daha ortaya qoydu. Belə ki, Norveçin ən böyük qaz emalı zavodu olan Nyhamna gözlənilmədən fəaliyyətini dayandırıb. Bunun zavodu qazla təmin edən boru kəmərinin sıradan çıxması ilə bağlı olduğu bildirilir. Zavodun sahibi olan enerji şirkəti Equinor ASA hazırda nasazlığın mənbəyini araşdırır. Şirkət nümayəndəsi qeyd edib ki, problem kəmərin dəyişdirilməli olan hissəsində ola bilər və təmirin nə qədər vaxt aparacağı hələ bəlli deyil. Boru kəməri Şimal dənizindəki Sleipner qaz yatağı ilə Norveçin qərb sahilindəki Nyhamn zavodunu və Böyük Britaniyadakı Easington terminalını birləşdirir.
Bu hadisə nəticəsində Avropaya qaz nəqli kəskin azalıb. Bu hadisə dərhal Avropa qaz bazarında qiymət sıçrayışına səbəb olub. Qaz qiymətləri 440 dolları keçib, daha sonra 420 dollara qədər azalıb.
"Bloomberg" analitikləri bildirirlər ki, Avropada qaz anbarlarının artıq 70 faizdən çox dolu olmasına və regionda sənaye tələbinin yavaş-yavaş bərpa olunmasına baxmayaraq, Avropa qaz mübadiləsi bazarı son dərəcə qeyri-sabit olaraq qalır. Qaz fyuçersləri üç ay dalbadal bahalaşıb və təkcə may ayında 18 faiz artıb.
Analitik mərkəzlərə görə, Avropada qaz qiymətlərini oynadan yalnız Norveçdəki hadisə deyil. Belə ki, bu yaz Asiyada havalar kəskin isti keçir. Bu isə kondisionerlərə olan tələbatı artırıb. Nəticədə, Asiyada elektrik enerjisi istehlakı ən yüksək həddə çatıb ki, bu da qaza olan tələbatı yuxarıya çəkir. Çünki isti və quraq havalar fonunda çaylarda sululuq kəskin azalıb, hidroenerji istehsalı yarıya qədər düşüb. Asiyada qaza tələbatın və qiymətlərin artması Avropa bazarına mayeləşdirilmiş təbii qaz tədarükü uğrunda rəqabəti gücləndirir. Bu, Avropa üçün yeni normaya çevrilir və onun enerji təhlükəsizliyini təhdid edir. İndi Avropa maye qaz tankerlərini cəlb etmək uğrunda Asiya ilə qiymət rəqabətinə girməli olur.
Bu qış Avropa İttifaqına nəql olunan boru qazının həcmində ciddi azalma olacaq. Söhbət Rusiya qazının Ukrayna üzərindən nəqlinin tamamilə dayanmasından gedir. Bu ilin dekabrında Ukrayna ilə Rusiya arasında imzalanan tranzit müqaviləsinin müddəti bitir. Ukrayna tərəfi müddətin uzadılmayacağını rəsmi Brüsselə çatdırıb. Aİ rəsmiləri də artıq Ukraynanın mövqeyini qəbul etdiklərini, gələn qışı Rusiya qazı olmadan keçirmək üçün hazırlaşdıqlarını açıqlayıblar. Nəzərə alsaq ki, Aİ daxilində Rusiyanın maye qazından da imtina olunması ilə bağlı çağırışlar getikcə artır, o zaman yaxın gələcəkdə birliyin qaz tələbatının daha da artacağını söyləmək olar.
Bütün bunlar Avropa İttifaqını Azərbaycan və digər qeyri-Rusiya qaz mənbələri ilə işləri aktivləşdirməyə sövq edir. Azərbaycan öz qazı ilə yanaşı həm də Türkmənistan qazının Avropaya nəqlinin təşkilində mühüm rola malikdir. Bakı Enerji Həftəsinin ilk günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb. İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında 14 may 2024-cü il tarixində imzalanmış "Təbii qaz sahəsində əməkdaşlıq" haqqında Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.
Türkmən qazının Türkiyəyə çatdırılması, oradan Avropaya qaz nəqli potensialını artırır. Bu isə Avropanın enerji təhlükəsizliyinə töhfədir.
Azərbaycan hazırda öz qaz hasilatını artırmaq üçün işləri sürətləndirir. Ölkənin ikinci əsas qaz yatağı olan “Abşeron”da ikinci mərhələ üzrə fəaliyyətlərin aktivləşməsi də bura aiddir. SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun dediyinə görə, “Abşeron” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə investisiya qərarı bu ilin sonuna qədər verilə bilər: “Doğrudur, "Abşeron" yatağının işlənilməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının gələn il verilməsi gözlənilir. Lakin çalışırıq ki, bununla bağlı qərar 2024-cü ilin sonuna qədər qəbul edilsin".
Vitse-prezident qeyd edib ki, Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) bu layihəyə daxil olması SOCAR üçün əla dəstəkdir: “Dövlət Neft Şirkəti ikinci mərhələ çərçivəsində ilk qazın planlaşdırılan müddətdə əldə edilməsinə ümid bəsləyir. İlk qazın müəyyən olunan müddətdə əldə edilməsi üçün operatorla çox sıx əməkdaşlıq edirik və Fransanın "Total" şirkəti bu istiqamətdə üzərinə düşən məsuliyyəti başa düşür".
Bundan əlavə, Azərbaycanda 2027-ci ilədək işə salınacaq külək və günəş enerjisi istehsalı stansiyaları hesabına 1 milyard kubmetrdən çox qaza qənaət olunması planlaşdırılır ki, bu da ixraca yönəldiləcək həcmin daha çox olması deməkdir.
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ