İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaydasız duel - Oxu daşa dəyənin boşa getməyən gülləsi

Odlu silahla törədilən qətllərin əks-sədası soyuq silahla törədilən bənzər hadisədən daha güclü olur.

Bunun səbəbi odur ki, odlu silahın yetirdiyi xəsarət daha ölümcül olur, ondan qurtuluş çox azdır. Bu cür hadisələrdə qatil qurbanını təsadüfən və ya ehtiyatsızlıqdan öldürmür, planlı iş tutur.

Bir də hər kəsə məlumdur ki, bu ölkədə odlu silah saxlamaq və gəzdirməyin özü də cinayətdir, o da ola ondan məqsədli şəkildə istifadə etmək. Adam hansısa söhbətə belində silah gedirsə, heç nə etməsə belə, artıq canidir.

26 iyunda baş verən və təfərrüatları yavaş-yavaş açılan qətl hadisəsini törədən şəxsin müddətdən artıq xidmət keçən hərbçi olduğunu nəzərə alsaq, tapançanın onda haradan olmasıni təxmin etmək olar. Güman ki, həmin silah erməni tapançasıdır.

Öldürənin və ölənin Qazax rayonunun eyni kəndindən olması qətlin motivinin güclü, aradakı intriqanın dərin olmasından xəbər verir. Ola bilər ki, bu iki şəxsin mənsub olduğu nəsillər arasında əvvəlcədən nəsə bir düşmənçilik olub.

Elə olmasa belə, artıq tayfalararası düşmənçiliyə start verilib. Qətl törədən şəxs əlindəki tapançanın tətiyini sıxmazdan əvvəl bunu nəzərə almalıydı, bilməliydi ki, o, bu atəşlə təkcə Turalı öldürmür, iki nəsli bir-birinə düşmən edir.

Nİfrət 21 yaşlı gəncin gözünü necə bağlayıbsa, o, cinayət zamanı belə bir şüar da səsləndirib: “Ya sən öləcəksən, ya da mən”.

Əslində bu, duel şüarıdır. Ancaq İsmayılla Turalın dueli qaydasız olub. Çünki ikincinin əlində silah olmayıb. Ona görə də “ya sən öləcəksən, ya mən” dilemması öncədən həll edilmiş olub.

Daha pisi odur ki, silah işlətməyi yaxşı bilən hərbçi qaçıb canını qurtarmağa çalışan adamı arxadan güllələyərək, onu da, özünü də bədbəxt edib.

İndilikdə qətlə səbəb olan ixtilafın qız üstə olduğu bildirilir.

Hansı zamandır indi? Dünyada tək bir o qız qalıbmış, nədi? Ox atdın, daşa dəydi, söhbət bitdi.

Ölümünə dalaşmaqla, zorla, tapançaya əl atmaqla ailə qurmaqmı olar? Bir qız evlilik təklifini rədd edirsə, qüruru olan ləyaqətli gənc bir daha onun adını tutmaz. Başqa variant manyaklıq, psixopatlıqdır.

Bir qızla ailə qurmaq istəyən çoxdursa, bütün hallarda seçim haqqı qızda və qismən onun valideynlərindədir. Rəqib gənclər söz-sözə gələ, əsəblərini cilovlaya bilməyib yumruqlaşa bilərlər, daha odlu silah işlətmək nədir?

Güman ona gedir ki, günün günorta çağı adam öldürən İsmayıl bu addımı rəqibinin onun həyatını məhv etdiyini düşündüyü üçün atıb. O düşünməyib ki, həyatı qabaqdadır, rastına çox adam çıxacaq, ailə də quracaq, ev-eşik də düzəldəcək.

Bu hadisə bir daha təsdiq edir ki, insanların əlində olan odlu silahlar (ovçulara məxsus qanuni, qeydə alınmış ov tüfəngləri istisna olunmaqla) sonuncu vahidinə kimi yığılmalıdır.

Hər bir silah təhlükə deməkdir, bir gün atəş açacaq. Bəlkə də İsmayıl Turalı bıçaqlayıb öldürmək istəsəydi, məqsədinə belə asanlıqla nail ola bilməzdi. Ən azı ikincinin özünü müdafiə etmək və ya qaçıb aradan çıxmaq imkanı olardı.

Odlu silah isə bu imkanı sıfırlayır. Üstəlik, tərəflərin münaqiçə zamanı sağ qalmaq şansı arasındakı tarazlığı pozur. Bir adam əliyalındır, o birinin əlində ölümsaçan alət var.

Vaxtaşırı ABŞ-dan odlu silahlarla törədilən qətllər barədə xəbərlər gəlir. O boyda dövlət sırf silah istehsalçılarının və silah alverçilərinin xətrinə qanun qəbul edib odlu silah saxlamağı yasaqlaya bilmir.

Azərbaycanda isə müvafiq qanun var və günaşırı vətəndaşların öz sərəncamlarındakı silahı gətirib könüllü təhvil vermələri barədə informasiyalar yayılır. Burada “könüllü” ifadəsi silahlı insanlara mesajdır, silah saxlamağa görə cinayət işi açılmayacağına işarədir.

Ancaq bir neçə gün öncə üç polisin odlu silahla öldürülməsi hadisəsi də göstərir ki, bəziləri silahı “yaman günün yarağı” kimi saxlamağı üstün tuturlar və onların yaman günü məhz o silaha əl atdıqları zaman olur.

Hüquq-mühafizə orqanları əməkdaşlarının qarşısına silahla çıxmaq adamı legitim hədəf halına gətirir və dünyanın əksər ölkələrində belə şəxslər anındaca zərərsizləşdirilir.

Aydın məsələdir ki, 4 il öncə Qarabağda başlayan və 44 gün ərzində bitən müharibədə bəzi hərbçilər döyüş əməliyyatı gedən zonalarda atılıb qalmış silahları götürüblər. Onlardan bir xeylisi aidiyyatı ünvanlara təhvil verilib, ancaq gizlədilənlər də olub.

Zatən, işğaldan azad olunmuş rayonlara insanların keçişinin qarşısı məhz buna görə alınırdı ki, onlar dərələrdə, səngərlərdə, istehkamlarda, qobularda, evlərdə və sair yerlərdə atılmış silahlara sahiblənə bilməsinlər.

İstənilən müharibədən yeni çıxmış ölkədə sırf bu üzdən kriminogen durum ağırlaşır. Qanunsuz yolla əldə edilmiş odlu silahlar kriminal ünsürlərin və ya psixopat düşüncəli insanların əlinə keçir, nəticədə faciələr baş verir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR