İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarətçi məmurlar - Onlar Çində gicgahlarına dəyən güllənin pulunu da ödəyirlər

Dünyada elə bir ölkə yoxdur ki, orada korrupsiya, rüşvətxorluq, iqtisadi maxinasiyalar, dövlət büdcəsindən mənimsəmələr olmasın. Birində çoxdur, birində azdır. Ölkəmiz də o sıradadır.

Dünyada elə bir ölkə yoxdur ki, orada korrupsiya ilə mübarizə aparılmasın. Bütün ölkələrdə həm iqtidarlar, həm də müxalifətçilər (müxalifəti olmayan ölkələr xaric) hər zaman korrupsiya ilə mübarizə məsələsini qabardırlar. Bəzi ölkələr bunu deklarativ səciyyəli edir, bəziləri yumşaq mübarizə aparır, bəziləri prinsipiallıq göstərir.

Ancaq bir ölkə var ki, o korrupsiyaya qarşı olduqca amansızdır, hətta qəddardır və korrupsionerlərə çox sərt cəzalar tətbiq edir – ölüm hökmünə qədər.

Bu ölkə Çindir. Çindən vaxtaşırı qarətçi korrupsionerlərin edam edilməsi və ya həbs olunması barədə xəbərlər gəlir.

7a59c53fb44db526d770b69196eac5cd.jpg (277 KB)

Təkcə bu il Çin vəzifə səlahiyyətlərindən istifadə edərək dövlət büdcəsini talamış, korrupsiya və rüşvətxorluq hesabına varlanmış, daha sonra ifşa olunacağından qorxaraq, qaçıb xaricdə gizlənmiş 582 qaçaq korrupsioneri ölkəyə qaytarmağa və hüquq-mühafizə orqanlarına təslim etməyə nail olub.

Maraqlıdır, Çin hökuməti buna necə nail olub? Adam sərvət toplayıb, təhlükəsiz hesab etdiyi ölkəyə sığınıb, amma bir gün öz ayağı ilə ölkəyə, böyük ehtimalla edam olunmağa qayıdır. Bu necə olur?

Burada iki variant var:

1. Çin hakimiyyəti qaçaq korrupsionerləri İnterpol vasitəsi tapır və onlar haqqında daşdan keçən sənədlər təqdim etməklə geri alır.

Aydın məsələdir ki, Çində təkpartiyalı sistem olduğundan qaçaq korrupsionerlər müxalifətçi olduqlarını, siyasi təqibə məruz qaldıqlarını iddia edə bilməzlər. Onların sığındıqları ölkənin hüquq-mühafizə orqanları da bilirlər ki, adam dünənə qədər məmur olub və budur, cinayət dosyesi ortadadır. Beləsini təyyarəyə mindirib Çinə göndərirlər.

2. Çin hakimiyyəti qaçaq korrupsionerlərin ailə üzvlərini, qohumlarını girov götürür və qaçaqlar anlayırlar ki, qayıtmaqdan başqa çarələri yoxdur.

Bu ehtimal daha güclüdür. Çünki onlar Çində ailə üzvlərinin və qohumlarının başına nə gələcəyini yaxşı bilirlər. Bu dövlətdə güzəşt, acıma söhbəti yoxdur, edam olunanın gicgahından dəymiş güllənin pulunu belə ölənin ailəsindən alırlar.

korrups.jpg (135 KB)

Qaçaq korrupsionerlərin geri qaytarılmasından bəhs edən xəbərdə göstərilir ki, geri gələn 582 korrupsionerdən 25-i İnterpolun qırmızı bülleteninə daxil edilənlərdir. Bu da o deməkdir ki, yerdə qalan 557-si “könüllü” qayıdıb. Onlardan bir xeylisi güllənin pulunu ödəməli olacaq. Bu, onların dövlət büdcəsini hansı miqdar və miqyasda talamalarından asılıdır. Hələ xaricə qaçmaları da daha bir cinayət.

Çin dövləti qaçaq korrupsionerləri geri alıb ağır cəzalandırmaqla öz işini bitmiş saymır, onların dövlətə vurduqları ziyanı sonuncu yuana qədər ödətdirir.

Bəli, Çin bu xüsusda çox amansızdır, sərtdir, heç kəsin gözünün yaşına baxmır. Görünür, belə lazımdır. Yoxsa hökumət 1 milyard 412 milyonluq əhalisi olan ölkənin başını-ayağını bir yerə yığa bilməz.

Hələ bu ölkədə korrupsiya ilə mübarizə bu qədər sərtdir, ifşa olunanların başı vaxtaşırı gedir, yenə qanunsuz gəlirlərə meyl edənlərin sayı azalmır, gəl, gör, ÇKP korrupsiya ilə bir yumşaq mübarizə aparsa, necə olar. Ölkə dağılar, iqtisadiyyat çökər, dövlətin sütunları sarsılar və Çin SSRİ-nin gününə düşər. (SSRİ-nin süqutunun bir səbəbi millətlərarası nifaq idisə, biri də Kremldən üzü aşağı, sonuncu kolxoza qədər tüğyan edən korrupsiya idi).

Əksinə, Çinin fenomenal inkişafının, fantastik qüdrətinin mayasında məhz korrupsiya ilə mübarizənin ciddi aparılması durur. Bu ölkədə təşəbbüskar sahibkarlara mane olan, onlardan aylıq xərac alan, hər şeyi öz monopoliyalarına almaq istəyən, biznes mühitinə qanunsuz müdaxilələr edən məmurlar ordusu yoxdur. Olanda da bir gün ilişir, məhkəmədə ağlayır, əfv istəyirlər, amma buna nail ola bilmirlər.

Ona görə də Çin gündən-günə inkişaf edir və bu saat əslində bütün sahələr üzrə dünya lideridir. ABŞ-ın bu dövlətə qarşı iddialarının kökündə də məhz iqtisadi rəqabət durur. ABŞ bilir ki, öz gücünə güvənən Çin tezliklə onun qarşısında siyasi ambisiya da nümayiş etdirəcək. (Hərçənd dünya birliyinin Çinə qarşı milli məsələlərdəki sərt siyasətini, xüsusilə də uyğur problemini irad tutması haqlıdır).

Bizim ölkəmiz də korrupsiya məsələsində aşağı-yuxarı Çin kimi prinsipial və sərt olmasa, biz ölkə olaraq iqtisadi sahədə uğur qazana bilməyəcəyik.

1591340811_vilyam-pul1.jpg (27 KB)

Son illər işdən götürülən elə bir yüksək vəzifəli məmur yoxdur ki, onların talançı korrupsioner olmasına dair ortaya daşdan keçən faktlar qoyulmasın. Hamısının onlarla daşınmaz əmlakı (şəhərin mərkəzində mənzillər, şəhərətrafı qəsəbələrdə villalar, yaşıl rayonlarda qəsrlər, şadlıq sarayları, mərasim evləri, avtomobil salonları və s.) lüks avtomobillərdən ibarət qarajları, uzaq xaricdə biznes strukturları, yaxın xaricdə kotteclər sitəsi, iri məbləğli bank hesabları, kilo-kilo qızıl-zinət əşyaları, şəxsi rəsm qalareyaları və sair varidatları ortaya çıxır.

Qəzetlər, saytlar yazır, ölkədə ajiotaj yaranır. Amma sonra onlara çox yüngül cəza (5-6 il) verirlər və bu şəxslər 1-2 il içəridə krallar kimi yaşayandan sonra azadlığa buraxılırlar. Heç 40 gün keçmir ki, bu şəxslər məhkəməyə müraciət edərək müsadirə olunmuş əmlaklarını geri almağa çalışırlar və bəzi hallarda buna nail olurlar.

Çində isə korrupsionern əfv olunduğuna dair presedent yoxdur, edamdan canını qurtaran, uzun illər türmədə yatandan sonra azadlığa çıxan sabiq məmurun müsadirə olunmuş əmlakını nəinki geri alması, hətta istəməsi belə mümkün deyil. Elə adamı təzədən tutarlar və bu dəfə onun oğlu dövlətə “gülləpulu” ödəyər.

zammir.jpg (63 KB)

Bizim ölkəmizin də dövlət büdcəsini talayıb xaricə qaçan məmurları var. Xəbər gəlir ki, ya özləri, ya da övladları tərifli Avropa ölkələrində, Türkiyədə, Ukraynada, Rusiyada, BƏƏ-də özlərinə yaxşı biznes qurublar və geri qayıtmaq fikirləri yoxdur.

Belə anlaşılır ki, hüquq-mühafizə orqanları onların özlərini və dövlətdən qarət etdikləri varidatı ölkəyə qaytarmaq üçün hər hansı bir iş aparmırlar.

Yeri gəlmişkən, artıq Qazaxıstan və Özbəkistan da Çin yolu gedir, qaçaq korrupsionerləri sığındıqları ölkədən geri tələb edir, onların korrupsiya əməlləri barədə dosyelər göndərir.

Kim nə deyir, desin, güclü dövlət qurmağın sirri buradadır. Çinlilər bu işi çözüb.

P.S. Bu sətirlərin yazıldığı dəqiqələrdə xəbər gəlir ki, ləğv edilmiş MTN-nin korrupsiya və digər cinayətlərdə ittiham olunaraq məhkum edilmiş generalı Mövlam Şıxəliyev hərbi rütbəsindən məhrum olunub. Göründüyü kimi, adam yaxşı qurtarıb, Çində olsa, onu həyatdan məhrum edərdilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR