İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaraqalpaqıstandakı iğtişaşlarında Azərbaycan bayrağı təxribatı

Ekspert deyir ki, bu, Azərbaycan-Özbəkistan münasibətlərində baş verən sıçrayışdan hiddətlənənlərin əməlidir

Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı (KTMT) Özbəkistanda vəziyyətin pisləşməsi ilə üzləşə bilər. Bu bəyanatı bu təşkilatın nümayəndəsi Aleksandr Kuznetsov iyunun 6-da Soçidə informasiya təhlükəsizliyinə həsr olunmuş konfransda çıxış edərkən bildirib. Kuznetsov hesab edir ki, Özbəkistan KTMT-nin məsuliyyət bölgəsinə daxil idi. "Hələlik, hadisələrin inkişafı proqnozlaşdırılır. Hər şey çox qeyri-sabitdir", deyən nümayəndə əlavə edib ki, çərşənbə axşamı prezident Putin prezident Mirziyoyevlə telefonla danışıb və Özbəkistan rəhbərliyinin Qaraqalpakıstanda vəziyyəti sabitləşdirmək səylərinə dəstək ifadə edib. Kuznetsovun sözlərinə görə, KTMT hesab edir ki, etirazlardan bir müddət sonra da Özbəkistanda vəziyyət pisləşə bilər. "Hələlik, hər şey çox qeyri-sabitdir, fəsadlar gözlənilir... buna da reaksiya veriləcək", deyə o bildirib.

Xatırladaq ki, Qaraqalpakıstanda etirazlar iyulun 1-də Özbəkistan Konstitusiyasına regionun Özbəkistanın tərkibindən çıxmaq hüququnu ləğv edən düzəlişlərlə əlaqədar başlayıb. Ən azı 18 nəfərin ölümünə səbəb olan etirazlar başladıqdan sonra prezident Şavkat Mirziyoyev Nukusa gəlib və Konstitusiyaya düzəliş etməməyi təklif edib. Regionda avqustun 2-nə qədər fövqəladə vəziyyət elan olunub. Bu arada Qaraqalpaqıstanda iğtişaşlarla bağlı yeni görüntülər yayılıb. Görüntülərdə diqqəti çəkən məqam odur ki, mitinq keçirənlərin qaldırdığı bayraqların 3-ü də Azərbaycan bayrağıdır. Azərbaycan bayrağının orda nə işi var? Təbii ki, bu təxribatdır. Ancaq bunda məqsəd nədir, arxasında kim dayana bilər? Özbəkistanda ermənilər də yaşayır. Ola bilərmi ki, bunun arxasında erməni izi olsun? Özbəkistan KTMT üzvü olmadığı halda, sərhədlərə təhlükə bəhanəsilə bu ölkəyə müdaxiləsi mümkündürmü?

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli KTMT-nin belə bir hüququnun olmadığını söylədi: “Azərbaycan Özbəkistanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və həm xalqımız, həm də dövlətimiz qardaş özbək xalqının yanındadır. Qaraqalpaqıstanda qaldırılan Azərbaycan bayraqlarına gəldikdə isə bu Azərbaycan-Özbəkistan münasibətlərində baş verən sıçrayışdan və eyni soy-kök, ortaq dil, ortaq türk mədəniyyəti üzərindən verilən mesajlardan hiddətlənən nifrət imperiyasının alçaq tör-töküntülərinin təxribatıdır. Qardaşlarının qanını tökən cəlladları türk xalqlarının birliyi, qarşılıqlı sevgisi narahat edir. Qaraqalpakıstan muxtariyyəti velikorus şovinizminin bətnindən doğan SSRİ-nin Mərkəzi Asiyada basdırdığı bombalardan biridir. Xatırladım ki, türk xalqlarının qarşı-qarşıya gətirilməsinə xidmət edən ilk təxribat da 1989-cu ildə məhz Özbəkistandan, Fərqanə vadisindən başlamışdı. Həmin dövrdə imperiya mərkəzinin və onun ayrı-ayrı bölgələrə səpələnmiş casus şəbəkəsinin iki məqsədi vardı – həm özbək türkləriylə ahısqa türklərini qarşı-qarşı gətirməklə Mərkəzi Asiyanın türk dövlərlərinin birliyinə, cücərməkdə olan türkçülük ideyalarına zərbə vurmaq, həm də Cənubi Qafqazda başlayan milli azadlıq hərəkatlarının, xüsusilə də Gürcüstandakı istiqlal mücadiləsinin istiqamətini dəyişmək. Qeyd edim ki, 1988-89-cu illərdə Özbəkistan türk milli şüurunun oyanışının mərkəzlərindən biriydi və imperiyanın bu ölkədə təxribat törədəcəyi gözlənilən idi.

Elçin Mirzəbəyli: Radikal müxalifət Azərbaycan dövlətçiliyinə qarşı  yönəlmiş bütün layihələrdə ön cərgədə dayanıb - AZƏRTAC

 Elçin Mirzəbəyli 

Qaraqalpakıstanda başlayan hadisələrin də məhz indi vüsət alması təsadüfi deyil. Özbəkistanda keçirilməsi nəzərdə tutulan konstitusiya islahatlarının əsas məqsədlərindən biri ölkənin SSRİ tərəfindən “qurulmuş” və təxribatlara imkan verən inzibati-ərazi bölgüsünün dəyişdirilməsidir. Qeyd edim ki, Özbəkistan model olaraq unitar respublikadır və bu respublikanın tərkibində ondan ayrılmaq səlahiyyətinə malik olan bir subyektin olması unitarlıq anlayışı ilə daban-dabana ziddir. Bu halda Özbəkistan federasiya hesab olunmalıdır. SSRİ, yəni sosializm donu geyindirmiş velikorus imperiyası öz siyasətini ittifaqın ayrı-ayrı subyektlərindəki azsaylı xalqların üzərində qururdu. İmperiya azsaylı xalqları özünün əsas dayaqları hesab edirdi və bu xalqların nümayəndələrinin yazılmamış qaydalara uyğun olaraq, xüsusi imtiyaza malik olmaları, yüksək vəzifələr tutmaları üçün dəstəyini əsirgəmirdi. Bu siyasət indi də davam etməkdədir. Bu baxımdan düşünürəm ki, gələcəkdə bütün mümkün təxribatların qarşısını almaq üçün, Türk Dövlətləri Təşkilatının modelinə yenidən nəzər salmaq lazımdır və türk dövlətləri birlikdə tarix boyu türk xalqları ilə eyni taleyi bölüşən digər xalqların nümayəndələrini də öz ağuşlarına almalı, mədəniyyətlərinin, folklorlarının inkişafına dəstək verməlidirlər. Biz öz qardaşlarımızı Rusiyanın və yaxud Qərbin “parçala hökm sür” siyasətinin girovuna çevrilmələrinə imkan verməməliyik. Qaraqalpakıstandakı hadisələrin gedişatına gəldikdə isə Özbək xalqı türk xalqları içərisində böyük dövlətçilik ənənələrinə məxsus bir xalqdır, ənənələri var. Şövkat Mirziyoyev isə çox ağıllı, uzagörən bir liderdir. Özbəklərlə qaraqalpakları birləşdirən dəyərlər onları ayırmağa çalışanların təxribatçı arqumentlərindən daha çoxdur. Düşünürəm ki, həm Özbəkistan hökuməti, həm də xalqı bu problemi səbirlə həll edəcək və müqəddəs Özbəkistan torpağına rus əsgərinin çəkmələrinin dəyməsinə imkan verməyəcək. KTMT-nin Özbəkistana müdaxiləsinə gəldikdə isə sözügedən təsisatın belə bir mexanizmi yoxdur. Özbək xalqının və dövlətinin isə Rusiyaya dəstək üçün müraciət edəcəyini gözləmirəm. Bu təxribatçıların nəzərdə tutduğu plana uyğun hərəkət etmək deməkdir”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Siyasi yazar Kənan Rövşənoğlu isə KTMT-nin bu ölkədəki proseslərə müdaxilə edəcəyini zənn etmir: “Artıq iğtişaşlar  yatırılıb, hökumət də geri addım atıb. Özbəkistan Senatı məlum maddəni referendum maddələri arasından çıxarıb. Qaraqalpaq müxalifəti içərisində millətçi qüvvələr var, hətta müxalif liderlərdən biri türk respublikalarını müdaxilə etməyə dəvət edib. Yəni nəzəri olaraq aksiyada türk respublikası kimi Azərbaycan bayrağının qaldırılması mümkündür. Bunu Azərbaycana bağlamaq mümkün deyil. Özbəkistan Orta Asiyanın ən böyük (əhalisinə görə) və güclü ölkəsidir. Burda sabitliyin pozulması bütün regiona təsir edə bilər. Qaraqalpaqlarla bağlı hadisələr göstərdi ki, risk var. Daha həssas bölgə Fərqanə varisidir. Orda da ciddi risklər var. Ancaq indilikdə Qaraqalpaqlarla bağlı məsələnin yatdığını düşünürəm. Həm də Özbəkistanın bu hadisələri sakitləşdirmək üçün hərbi gücü var”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR