Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağdan olan erməni köçkünlərin mənzillə təmin olunması proqramını müzakirə etmək üçün geniş iclas keçirəcək. Bunu o, parlamentin “Hökumət saatı” zamanı deyib.
“Üç gün əvvəl baş nazirin müavini mənə Qarabağdan olan məcburi köçkünlərin mənzillə təmin olunması layihəsini göndərdi. Biz razılaşdıq ki, bir həftə ərzində böyük iclas keçirib yekun qərarlar qəbul edək və proqramı həyata keçirək”, - deyə baş nazir qeyd edib.
Onun sözlərinə görə, proqram təkcə 2023-cü il 19 sentyabr hadisələri deyil, 44 günlük müharibə nəticəsində köç edənləri də əhatə edəcək.
Bu o deməkdirmi ki, Paşinyan hökuməti Qarabağdan könüllü getmiş ermənilərin tezliklə geri qayıdışının mümkün olmayacağını artıq dərk edir? İkinci yandan, istisna deyil ki, hakimiyyət erməni köçkünlərin başqa ölkələrə səpələnməsinin qarşısını almaq, Ermənistana “bağlamaq” və Qərbdən mütəmadi maliyyə dəstəyi almaq üçün belə vədlər verir. Məlumdur ki, erməni köçkünlərin əhəmiyyətli bir kəsimi artıq Ermənistandan da həmişəlik gedib. Nikolun əsl niyyəti nə?
Ermənilər Qarabağda mülklərini qoyub getdiklərini bəyan edirlər və Azərbaycandan buna görə kompenasiya tələbi də ara-sıra ortaya atılır.
“Xankəndini tam məskunlaşdırmaq olarmı? Bəziləri deyir ki, bu risklidir. Çünki bu halda Qarabağın keçmiş erməni sakinləri beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı mülkiyyət davaları açacaq və təzminat tələb edəcəklər”.
Bu barədə politoloq Elxan Şahinoğlu bildirib. Onun qənaətincə, ermənilərin geri qayıtmaq niyyəti yoxdur: “Qarabağ erməniləri geri qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. İndi biz nə etməliyik, Xankəndi şəhərindəki evləri daha nə qədər boş saxlamalıyıq? Qarabağ ermənilərinə 6 ay da vaxt verək, gəlməcəyəkləri halda Azərbaycan vətəndaşlığından və beləcə mülkiyyət hüququndan məhrum ediləcəklərini bildirək”.
E.Şahinoğluya görə, ermənilərin Qarabağa qayıtmasını rəsmi İrəvan, Nikol Paşinyan da istəmir. Onlara 6 ay vaxt verəkmi?
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, ermənilərin mülkiyyət hüququ ilə bağlı müxtəlif fikirlər səslənir. Ona görə də bu məsələyə həm hüquqi, həm də siyasi tərəfdən birdəfəlik aydınlıq gətirməyin vaxtı çatıb: “İstər Azərbaycanda, istər Ermənistanda sovet hökuməti zamanında binalar, iaşə, ticarət obyektləri dövlət mülkiyyəti idi. SSRİ dağıldıqdan və müstəqil dövlətlər yarandıqdan sonra digər ölkələrdə olduğu kimi Azərbaycanda da özəlləşmə proqramı həyata keçirildi. Hər bir vətəndaş sovet dövründə yaşadığı mənzillərə qanuna uyğun olaraq mülkiyyət hüququ əldə etmişdi. Həmçinin dövlət mülkiyyəti olan ticarət, iaşə obyektləri, zavod fabriklər və digər müəssisələr özəlləşdirilmə proqramı əsasında özəlləşdirildi. Ancaq Azərbaycan müstəqillik əldə etdiyi zaman Qarabağ separatçı ermənilər və Ermənistan tərəfindən işğal olunduğu və 30 ilə yaxın bu işğal davam etdiyi üçün o ərazidə qeyd etdiyimiz özəlləşdirmə həyata keçirmək mümkün olmadı. Azərbaycan hökuməti, müvafiq rəsmi qurumlar işğal səbəbindən o ərazilərdə bu prosesi həyata keçirə bilməyib. Beləliklə, Qarabağda yaşayan Azərbaycan vətəndaşı olmuş ermənilər həmin o özəlləşdirilmə proqramında iştirak eləməyiblər. Separatçı quldur rejim və Ermənistan dövləti həmin ermənilərin bu hüququnu da pozmuş olub. Ona görə də həmin ermənilərin yaşadığı evlər, işlətdikləri hansısa obyektlər onların şəxsi mülkiyyəti kimi hələ də tanınmayıb. Bax buna görə də Qarabağdan köçmüş ermənilərin mülkiyyətlə bağlı hüquqi baxımdan iddialar irəli sürməyə haqları yoxdur. Hüquq onların belə bir iddiada olmasını tanımır. Onlara hansısa kompensasiya filan ödənməsi kimi fikirlər də hüquqi baxımdan əsassızdır. Səbəbini isə artıq qeyd etdik”.
Murad Sadəddinov: “Qarabağda yaşayan Azərbaycan vətəndaşı olmuş ermənilər özəlləşdirilmə proqramında iştirak eləməyiblər, ona görə də hüquqi baxımdan mülkiyyətləri yoxdur”
M.Sadəddinov hesab edir ki, siyasi faktorları da nəzərə alaraq Azərbaycan dövləti erməniləri və onları müdafiə edənləri susdurmaq üçün bu hüquqi məsələni rəsmi şəkildə bəyan etməlidir: “Bəyan edilməlidir ki, Azərbaycan vətəndaşı olmuş Qarabağ erməniləri və onların varisləri Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edirlərsə yalnız o halda geriyə qayıda bilərlər və yalnız bundan sonra onlar özəlləşmə proqramına cəlb edilə və mülkiyyət hüququ əldə edə bilərlər. Məsələnin başqa yolu ola bilməz.
Digər tərəfdən də işğal dövründə Qarabağa Ermənistandan, Rusiyadan və digər bir sıra ölkələrdən çoxlu sayda ermənilər qanunsuz köçmüşdü. Onlar heç zaman Azərbaycan vətəndaşı olmayıblar və qanunsuz məskunlaşdıqları dövrdə evləri qanunsuz mənimsəyiblər, qanunsuz olaraq evlər tikiblər. Ötən ilin sentyabrında Qarabağdan köçən zaman jurnalistlərə müsahibə verən hər iki ermənidən biri ya Ermənistan vətəndaşı olduqlarını, ya da Rusiya vətəndaşı olduqlarını deyirdilər. Onların geri qayıtması və hansısa mülkiyyət hüququna sahiblənməsi tamamilə mümkün deyil. Həmin ermənilərə heç qaçqın statusu da düşmür. Beyəlxalq konvesiyalara görə qaçqın vətəndaşın öz ölkəsindən başqa ölkəyə hansısa səbəblərdən köçməyə məcbur olmuş və ya məcbur edilmiş şəxslərə deyilir. Ermənistan vətəndaşı olan ermənilər işğal etdikləri Azərbaycan ərazisindən çıxıb öz ölkələrinə gediblər. Ona görə də qaçqın hesab edilə bilməzlər. Ermənistana Qarabağdan köçmüş heç bir erməniyə beynəlxalq qanunlara görə məcburi köçkün statusu verilə bilməz. Çünki beynəlxalq qanunlara görə vətəndaşı olduğu ölkənin bir ərazisindən başqa bir ərazisinə müharibə və ya başqa bu kimi səbəbdən məcburi köçmüş, köçürülmüş şəxslərə məcburi köçkün statusu verilir. Qarabağdakı vaxtı ilə Azərbaycan vətəndaşı olmuş ermənilər isə Azərbaycan ərazisindən başqa ölkəyə-Ermənistana köçüblər".
Ekspert qeyd etdi ki, Ermənistan hökumətinin Qarabağdan köçmüş ermənilərin mənzillə təmin olunması proqramını həyata keçirmək istəməsində bir sıra məqsədlər var: “Birincisi, narazı kontingenti razı salmaq istəyirlər ki, hökumətə qarşı çıxmasınlar. İkincisi beynəlxalq donorlardan, erməni diasporundan maliyyə əldə etmək istəyirlər. Ermənistan hökumətinin Qarabağdan köçmüş ermınilərə mənzil verilməsi proqramı həm də o deməkdir ki, Nikol Paşinyan hökuməti həmin ermənilərin geri qayıtmayacağına əmin olmaqdadır”.
Oqtay Qasımov: “Nikol Qarabağ ermənilərinin geri qayıdacağına həm inanmır, həm də bunu istəmir”
Politoloq Oqtay Qasımov isə bildirdi ki, Ermənistanda Qarabağdan könüllü köçüb getmiş şəxsləri Ermənistan mediası və siyasi dairələri qəsdən məcburi köçkün adlandırır. Bu ifadə həm ictimai, həm də rəsmi səviyyədə səsləndirilir və bu qəbuledilməzdir. Çünki Qarabağdan Ermənistana köçmüş şəxslərin bir qismi qaçqınlardır. Digər qismi isə hətta qaçqın deyillər. Çünki Ermənistan və digər ölkələrin vətəndaşları olan şəxslərdir. Onlar işğal dövründə qanunsuz olaraq Qarabağa köçmüşdülər ötən ilin sentyabrında vətəndaşı olduqları ölkələrə geri döndülər: “Vaxtilə Azərbaycan vətəndaşı olmuş Qarabağ ermənilərinin isə Ermənistanda məcburi köçkün adlandırılmasından isə belə çıxır ki, Ermənistan hələ də Azərbaycana ərazi iddiası irəli sürməkdədir və Qarabağ öz ərazisi hesab edir. O ki, qaldı Nikol Paşinyanın Qarabağdan olan qaçqınlarla bağlı keçirəcəyi müşavirə və qəbul ediləcək qərarlar məsələsinə, hesab edirəm ki, bunun iki səbəbi var. Birincisi, ondan ibarətdir ki, Paşinyan doğrudan da Qarabağ ermənilərinin geri qayıdacağına həm inanmır, həm də bunu istəmir. İstəməməsinin əsas səbəbi onunla izah oluna bilər ki, Paşinyan hesab edir əgər Qarabağ erməniləri geri qayıdacaqsa bu, Azərbaycanın əlini danışıqlarda gücləndirə bilər. Və Azərbaycan Qərbi Azərbaycandan olan azərbaycanlıların öz yerlərinə qayıtması məsələsində Ermənistana daha çox təzyiq edə bilər. Məsələ beynəlxalq müstəviyə çıxarılar. Azərbaycan sülh danışıqlarında mövqeyini konkret şəkildə bəyan edib ki, ya hər iki icmanın geri dönüşü ilə bağlı məsələlər sülh müqaviləsində yer almalıdır, ya da bu məsələ müzakirə oluna bilməz. Yəni ya hər ikisi, ya da heç biri. Səbəblərdən biri isə Paşinyanın Ermənistanda demorqafik vəziyyətin kifayət qədər kritik olduğunu bilməsidir. Paşinyan Qarabağdan köçmüş insanların heç olmasa bir qismini Ermənistanda saxlamaqla əhalinin azalması tendensiyasının qarşısını az da olsa almağa çalışır”.
Qarabağdan köçmüş erməni əhalisinin əmlakları məsələsinə gəlincə, O.Qasımov dedi ki, bu məsələ hüquqi bir məsələdir. Onlara 6 vaxt qoymaqla geri dönüşlərini tələb etmək, əks halda onların əmlak hüququndan məhrum edilmələri məsələsi kifayət qədər müzakirə olunacaq məsələdir: “Bu məsələdə Azərbaycan qanunları və beynəlxalq hüququn prinsiplərinə uyğun hərəkət edilməlidir. Təbii ki, bu məsələ sonsuza qədər davam edə bilməz. Azərbaycan Qarabağdan köçmüş ermənilərin geri dönüşü ilə bağlı portal yaradıb. Əgər onlar Azərbaycan vətəndaşlığını qəbul etməyəcəklərsə, bunun ardınca Azərbaycan oradakı əmlaklarla bağlı sərəncam verə bilər”.
Ermənistanın Daxili İşlər Nazirliyi isə dünən Qarabağdan könüllü köçən ermənilərlə bağlı yeni statistika açıqlayıb. Məlumata əsasən, indiyədək 28 min 490 erməniyə qaçqın statusu verilib. 36 min nəfərin Ermənistan hökumətinə qaçqın statusu üçün müraciət etdiyi bildirilib. Hökumət isə öz növbəsində təxminən 35 min vəsiqə hazırlayıb.
Rəqəmlərdən aydın olur ki, İrəvan Qarabağ erməniləri ilə bağlı rəqəmləri şişirdib.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ