İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda saxta “rus icması”: Azərbaycan Rus İcması sükutu pozacaqmı?

Araik və bandası gələcək mövcudluqlarının Moskvanın təminatı altına alınmasına çalışır, Kreml isə Qarabağda qalmağın ssenarilərini düşünür; Bakıdan sərt etirazlar...

Qarabağ anklavındakı separatçı-quldurbaşı Araik Arutyunyan “Şeytan yuvası” Xankəndində mayın 10-da Aleksandr Bordovun başçılıq etdiyi “Rus icması”nın nümayəndələrini qəbul edib. Erməni mənbələri yazıb ki, görüş zamanı qondarma qurumun “sosial, təhsil və mədəniyyət sahələrində həyata keçirilən siyasətlə” bağlı məsələlər müzakirə olunub.

Bəllidir ki, Qarabağdakı qondarma “rus icması” sırf Moskvanın Bakıya təzyiq rıçağı kimi düşündüyü bir siyasi layihədir. Təsadüfi deyil ki, bu “icma”nın üzvlərinə Rusiya pasportları da paylanıb. “Yeni Müsavat” xatırladır ki, A.Bordov rus yox, əslən ermənidir və Rusiya xüsusi xidmət orqanlarına bağlı adamdır.

Əlbəttə ki, Qarabağda heç bir legitim “rus icması”ndan söhbət gedə bilməz. Bunu üçün hər hansı qanuni zəmin, demoqrafik amillər mövcud deyil. Azərbaycanda qanuni, legitim rus icması çoxdan var - Azərbaycan Rus İcması. Mərkəzi də Bakıdadır. Bu icma ölkəmizin ərazi bütövlüyünü və suverenliyinə sadiqdir. Eyni mövqe 44 günlük müharibə zamanı ortaya qoyuldu. Azərbaycan Rus İcmasının sədri deputat Mixail Zabelindir. Lakin mayın 13-də parlamentin iclası olduğu üçün Zabelinin Qarabağda “rus icması” hiyləsi ilə bağlı fikirlərini öyrənmək mümkün olmadı. Deputatın köməkçisi sualımızı dinləyərək Milli Məclisin iclasının davam etdiyini söylədi. Ümumiyyətlə, İcmanın da bu məsələlər haqda hər hansı bəyanatı olmayıb.

Rusiyanın Qarabağ iqtisadi rayonu ərazisində “Rus icması” yaratması, “Rus mərkəzi” açmasının heç bir ictimai-sosial məntiqi yoxdur. Çünki Qarabağda ümumilikdə 27 min erməni yaşayır. Rusların Qarabağa köçürülməsi də mümkün deyil. Şübhəsiz ki, bunun səbəbi yalnız siyasi məqsədlərdir.

Elxan Şahinoğlu: “Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın saymazyana yanaşması davam edir. Politoloq əmindir ki, baş verənlər Rusiyanın oyunudur: “Bir dəfə separatçılara əmr etsələr ki, dayandırın, bunu daha etməzlər. Çünki Qarabağda 5-10 rus əsilli şəxs ola-olmaya. Bunlar hamısı təxribatdır. Sabah separatçı bölgə desin ki, biz də Rusiyaya birləşmək istəyirik. Bu prosesə hazırlıq niyyəti güdür. Ona görə qarşısı alınmalıdır, Rusiyaya izah olunmalıdır. Azərbaycanda rus icması hansı gün üçün var? Yalnız bir icma ola bilər və hesab edirəm ki, onun rəhbəri Mixail Zabelinin etirazına bu gün ciddi şəkildə ehtiyac var”.

E.Şahinoğlu Rusiyanın sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını düşünür: “Sadəcə, Moskva məsələni uzatmağa və Brüsselin təşəbbüslərini əngəlləməyə çalışır. Düşənbə görüşü də bu niyyəti güdür. Eyni zamanda, Qarabağda ”rus icması" təxribatı da məhz sülh sazişi prosesini ləngitməyə hesablanıb".

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlının fikrincə, Moskva Qarabağda “rus icması” planını aktivləşdirir. Onun sözlərinə görə, ilin əvvəlində “Vahid Rusiya” partiyasının üzvü, “rus icması” layihəsində aparıcı fiqur rolunu oynayan Vitali Milanovun Qarabağa qanunsuz səfəri ilə bağlı İlham Əliyevin Moskvaya etiraz məktubundan sonra proses arxa plana keçmiş kimi görünürdü: “Lakin qondarma ”rus icması"nın “rəhbəri” Aleksandr Bordovun baş separatçı Araik Arutyunyanla görüşü təhlükəli ssenarinin davam etdiyini göstərir. Qondarma “rus icması” layihəsində separatçıların və Moskvanın öz planları var. Separatçılar “rus icması” və “rus dili” üzərindən gələcək mövcudluqlarının Moskvanın təminatı altına alınmasına çalışır. Araikin “Rusiya Mədəniyyət Evləri”nin açılması istiqamətində işlərin getdiyi haqda açıqlaması da buna hesablanıb. Rusiya Qarabağda mövcudluğunu davam etdirməyin müxtəlif ssenarilərini düşünür, xüsusilə ermənilərlə yanaşı, “rusları qorumaq” əsasları da hazırlanır".

Ekspert hesab edir ki, bu, mümkün sülh sazişindən sonrakı dövrə hazırlıqdır: “Rusiya Brüssel razılaşmasının praktiki mərhələdə işləməsinə qarşı addımlar atmaqla özünün ”hakim vasitəçiliyini" qorumağa çalışsa da, bölgənin gələcəyi üçün sülh sazişinin qaçılmaz olduğunu da anlayır, rus masasında imzalanan üçtərəfli razılaşmaların işləməsi baxımından da bu baş tutmalıdır. Onu da anlayır ki, Qarabağa “status”un verilməsi faktiki sıradan çıxıb, bundan sonra bölgədə “erməni icması” və “Azərbaycan icması” arasında münasibətlərin qurulması adı ilə daha uzun müddətə qalmaq perspektivi mümkün ola bilər. Və bura “rus icması”nın da əlavə edilməsi Moskvanın planını gücləndirəcək amildir".

Siyasi şərhçinin fikrincə, rəsmi Bakı Moskvaya Azərbaycan ərazisində ikinci “rus icması”na ehtiyacın olmadığını izah etməlidir: “Bu prosesdə Azərbaycanın Rus İcmasının üzərinə də böyük iş düşür. Bordovu İcmanın ”qara siyahı"sına salmalı, onlardan olmadığını elan etməlidirlər. Qarabağdakı rus əsilli olanlarla işləməlidirlər. Rusiya rəhbərliyinə Azərbaycan ərazisində ikinci icmanın yaradılmasını qəbul etmədikləri haqda müraciət ünvanlamalı, ikinci icmanın yaradılmasının əsas icma ilə münasibətlərdə problemə yol açdığını anlatmalıdırlar. Azərbaycanın Rus İcması Qarabağda qondarma “rus icması” layihəsi dövriyyəyə salınandan indiyə qədər hələ də heç bir reaksiya verməyib".

ABŞ-ın Türkiyəyə qarşı addımlarının arxasında hansı planlar gizlənib? –  politoloq şərhi - 21.05.2021, Sputnik Azərbaycan

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova rəsmi Bakının bu hiyləgər prosesə etiraz etməli olduğunu düşünür: “Rusiya sülhməramlıları bölgəyə yerləşən gündən regionda sülhyaratma missiyasını həyata keçirməkdən başqa bütün özlərinə aid olmayan işləri görürlər. Gah Ağdərədə yol çəkirlər, gah Xocalıda və digər ərazilərdə rus xadimlərinə abidələr qoyurlar, gah sülhməramlı heykəli ucaldırlar, indi də ”rus icması" yaratmaq projesinə əl atıblar. Halbuki Qarabağın dağlıq hissəsində tək-tük rus tapmaq olar. Onlar da erməni ilə evlənmiş şəxslər ola bilər. Sovet dövründə Qarabağda malakanlar yaşayıb, onlar da köçüblər. İndi orada hansı rus icması ola bilər? Deməli, süni şəkildə həyata keçirilən prosesdir. Rusiya öz hərbi kontingentini ora göndərməyib ki, sonra Qarabağda “rus icması” yaratsın, göndərib ki, iki xalq arasında birgəyaşayış üçün sülhyaratma missiyasını yerinə yetirsinlər. Amma səlahiyyətlərinə aid olmayan məsələlərə baş vururlar və Kreml məqsədli şəkildə bölgədə “Abxaziya ssenarisi”ni reallaşdırmağa çalışır. Ona görə rəsmi səviyyədə növbəti etiraz ünvanlanmalıdır".

Ekspertin zənnincə, Moskva bölgədə qalmaq niyyəti güdür və atılan addımlar da bu qədər bəsitdir: “Burada heç bir dərin və strateji siyasət yoxdur. Rusiya sülhməramlılarının orada uzunmüddətli qalması, erməni separatçılarının himayə edilməsi üçün ”rus icması" proyekti başladılır. Biz buna kəskin etiraz bildirməliyik. Yetər artıq bu siyasəti davam etdirdilər. Biz Qarabağı ona görə azad etməmişik və sülhməramlıların orada müvəqqəti yerləşməsinə razılıq verməmişik ki, Rusiya hansısa planlar qursun. Bu gün Rusiya Xersonda qondarma respublika qurmağa çalışır, Luqansk və Donetskdə olan separatçıları tanıyıb. Bütün bunların da adını oradakı rus əhalisinin müdafiəsi qoyub. Eyni ssenarini gələcəkdə Qarabağda edə bilər və indidən bünövrəsi hazırlanır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR