Onlayn ictimai-siyasi qəzet
Qurban Qurbanov futbolumuzun səviyyəsini Avropa standartlarına qaldırdı. Bir neçə ildir ki, "Qarabağ" komandası futbolu azərbaycansayağı oynamır. Dünənki oyunda isə əsasən yenilənmiş heyətlə ənənəvi sistemi yerinə oturtdu. Polşa çempionu ilə oyunda bu sistem tam olaraq işləmədiyinə görə komanda tur adlaya bilməmişdi. Bu komanda öz potensialından da irəli gedəcək, çünki sadə bir strategiyası var: Azərbaycana, onun insanına hər oyunda epizodik də olsa sevinc yaşatmaq, həzz vermək. Bu arada həm də yoxsulluq sıxıntısı da çəkmirsən, yaxşı pul da qazanırsan, futbolçu da komandanın hesabına öz karyerasına işləyə bilir. Dünən ortabab hesab etdiyimiz futbolçular bu gün Avropa və Asiya klublarına transfer olunurlar. Kaş ki, Qurbanı da layiqincə əvəz edən olsaydı və aparıcı Avropa və ya Türkiyə klublarının birində qabiliyyətini daha böyük platformalarda göstərə biləydi.
Bəllidir ki, bizdə siyasi qaragüruh yeni dövrə qətiyyən tranformasiya oluna bilmədi. Yeni dövr deyəndə Qarabağın işğaldan əsasən azad olunmasından başlayan dövrü nəzərdə tuturam. Hətta milli tariximizdə böyük sayılacaq hadisədən sonra siyasi qaragüruhumuzun öncülü olan kərimovçular dini qaragüruhumuzun öncülü olan kəriməçilərlə birləşərək mövcud hakimiyyət obrazında bütövlükdə Azərbaycan dövlətinə düşmən kəsildilər. Bunlarla yanaşı bizim həm də milli koloritimizlə zəngin olan azman sayda ictimai qaragürühumuz var. Bunlar da dahi Rablenin Pantaqrueli kimi qarın-mədə üzərindən həyata baxışı şəkilləndirib hər platformada faydalı iş görən insanları fişləməklə keçinirlər.
"Hətta milli tariximizdə böyük sayılacaq hadisədən sonra siyasi qaragüruhumuzun öncülü olan kərimovçular dini qaragüruhumuzun öncülü olan kəriməçilərlə birləşərək mövcud hakimiyyət obrazında bütövlükdə Azərbaycan dövlətinə düşmən kəsildilər." |
Məhz bu ictimai qaragüruhun bir ay öncə Qurban və "Qarabağ" üzərinə sadəcə bir oyunda məğlubiyyətdən sonra total hücumunun təhlükəsini həm də Qarabağ məsələsində Azərbaycan dövlətinin apardığı nəhəng və risqli işlər fonunda kiçicik bir uğursuzluq hadisəsinə münasibətdə görəcəyimizi proqnozlaşdırdığıma görə ciddi narahatçılıq keçirirəm. Şükür ki, həm bu "Qarabağ"da, həm də o Qarabağda Avropadan, Asiyadan gələn hakimlərin hücumları qarşısında dirənişimizi göstəririk, cəsarətlə irəli gedib qolumuzu da vururuq, ancaq içimizdəki siyasi qargüruhumuz qədər ictimai qaragüruhumuzun da bu düzəni poza biləcəyini heç vaxt gözardı etməməliyik. Əldə etdiyinin dəyərini bilməyənlər, ona qiymət də ölçə bilməzlər. Bizdə "Qarabağ"ın əldə etdiyinin dəyərini bilməyənlərin sayı Azərbaycan dövlətinin Qarabağda əldə etdiyinin dəyərini bilməyənlərin sayına, komasına, topasına tam mütənasibdir. Səbəb birdir: sevgi azlığı. Söhbət yalnız vətən sevgisindən getmir, bu eyni zamanda özünün insan kimi mövcudluğuna sevginin azlığıdır. Bu isə bütün uğurlu və faydalı insanlara qarşı nifrəti körükləyən əsas amildir.
Dünənki Sloveniyada səfər oyunu bir daha göstərdi ki, "Qarabağ" Azərbaycan futbolunda xüsusi təyinatlı ordu bölüyüdür. Ordumuzda qəhrəmanlarla yanaşı Tərtər hadisələrindəki parazitlər də boy ata bilər, ancaq xüsusi təyinatlılarımız öz işini yaxşı bilir və savaşı yenilməz bir iradə ilə aparırlar.
Şəhidli, qazili, alimli, siyasətçili, idmançılı, məmurlu, yazarlı, müəllimli, həkimli, sürücülü, azarkeşli- fərq etməz, bu Vətənə, bu millətə QURBAN olanların dəyərini bilsək, irəliləyəcəyik, kamilləşəcəyik, böyüyəcəyik. Xeyir verməsəniz də, heç olmazsa hər sahədə haqqına uğur qazanan insanların ətini yeyib, qanını içməklə keçinən qaragüruhun sıralarında yer almayın.
Fazil Mustafa,
Millət vəkili
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ