Onlayn ictimai-siyasi qəzet
Rusiya və Azərbaycan Bakıdakı “Rus Evi”nin fəaliyyətinin bərpası imkanını müzakirə edirlər.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov LIVETVAZ “YouTube” kanalına müsahibəsində bildirib.
“Azərbaycan tərəfinin tələbi ilə “Rus Evi” fəaliyyətini dayandırmışdı. Amma məncə, bu məsələ ilə bağlı artıq müsbət dialoq başlanıb. Eyni zamanda “Sputnik” agentliyinin fəaliyyəti ilə bağlı da müzakirələr aparılır”, - deyə səfir qeyd edib.
Yevdokimovun sözlərinə görə, Moskva qarşılıqlı məqbul həll yolunun tapılacağına ümid edir.
Xatırladaq ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.
Şahanə Rəhimli
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ