İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftlə bağlı bədbin proqnoz: 60 dollara düşür, bu il...

Son statistik məlumatlar və beynəlxalq proqnozlar göstərir ki, dünya enerji bazarında vəziyyət getdikcə daha da dəyişkən və qeyri-sabit xarakter alır.

2025-ci ilin birinci rübündə dünyanın ən iri 8 neft şirkətinin ümumi mənfəətinin 21,3 faiz azalaraq 31 milyard dollara enməsi bu sektorun qarşılaşdığı çətinlikləri aydın şəkildə ortaya qoyur. Bu geriləmənin əsas səbəbi kimi neftin dünya bazarlarında ucuzlaşması göstərilir.

“Goldman Sachs” investisiya bankının qiymətləndirməsinə görə, “OPEC+” ölkələrinin hasilatı artırmaq qərarı Brent və WTI markalı neftin qiymətlərinə mənfi təsir edəcək. Artan təklif fonunda bu il Brent neftinin qiymətinin 60 dollara, gələn il isə 56 dollara düşəcəyi proqnozlaşdırılır. Bu şəraitdə neft sektorunda fəaliyyət göstərən şirkətlər və neftdən gəlir əldə edən ölkələr üçün gələcək daha çox ehtiyatlı yanaşma və qabaqlayıcı iqtisadi tədbirlər tələb edir.

saban.jpg (221 KB)

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı fikrini Musavat.com-la bölüşüb:

“Neft şirkətləri birinci rüblə bağlı maliyyə hesabatlarını açıqlayandan sonra onların mənfəətləri 21 faiz azalıb. Bu azalmada ilk olaraq neftin qiyməti böyük rol oynayıb. Əgər 2024-cü ilin birinci rübünə baxsaq, o zaman neftin orta qiyməti 83 dollar idi. Ancaq 2025-ci ilin birinci rübündə neftin orta qiyməti 75 dollardan aşağı idi.

Qiymətin düşməsi təbii ki, şirkətlərin gəlirlərinə təsir edir. İkincisi, şirkətlər həm neft, həm də neft məhsulları satır. Görünür, neft məhsullarının qiymətində də xeyli ucuzlaşmalar olub. İstər “Exxon” kimi dünya nəhəngi olsun, istərsə də neft şirkətləri arasında yüzüncü yeri tutan olsun, hər biri qeyd edir ki, neft məhsullarının marjası (maya dəyəri) ilə satış arasında olan mənfəət ötən illə müqayisədə azalıb. Əgər neft məhsulu baha olarsa, onun alıcısı, yəni istehlakçı kütləsi azalır.

Mənfəətə təsir edən digər amil isə neftin cari il və orta perspektiv üçün qiymətinə dair maliyyə qurumları və iri investisiya bankları tərəfindən periodik olaraq verilən proqnozlardır. 2025–2027-ci illər üçün neftin qiymətinin aşağı olacağı bildirilir. Neft qiymətlərinin aşağı proqnozlaşdırılması isə o deməkdir ki, bu sahəyə investisiyalar azaldılmalı olacaq, çünki bazarda bolluq yaranarsa, qiymətlər proqnozlaşdırılandan da aşağı səviyyəyə düşə bilər. Bu baxımdan da azançı enerjidən çıxan şirkətlərin, hökumətlərin yaxın perspektiv üçün gəlirləri üzü aşağı gedəcək.

Neft, qaz, kömür strateji məhsullardır. Enerji daşıyıcılarının əsasında dünya iqtisadiyyatı inkişaf edir. Ancaq dünya iqtisadiyyatının artım tempini proqnozlar üzrə azaldanda, misal üçün bu ilin birinci rübündə Amerikanın iqtisadiyyatı gözlənilmədən 0,3 faiz aşağı endi. Almaniya kimi ölkədə, hərbi sənayenin artım tempini qəbul etsək, cəmi 0,2 faiz artım qeydə alındı. Bütün bunlar qiymətə və şirkətin gəlirliyinə neqativ təsir edən amillərdir. Bunun nəticəsində də hələ ki bazar üçün ürəkaçan nə isə gözlənilmir”.

İlham Şaban neft qiymətlərinin 60 dollardan aşağı düşmə ehtimalına da münasibət bildirib:

“2024-cü ilin noyabr-dekabr aylarında verilən cari il üçün proqnoz belə idi ki, neftin orta qiyməti 75–79 dollar arasında dəyişəcək. 60 dollar proqnozunu “City Bank” vermişdi. Onlar da ya ən yüksək, ya da ən aşağı proqnozları verir. Ancaq onların hələ bir proqnozunun 20 ildə özünü doğrultduğunu görməmişəm. 2024-cü ili 82,6 dollarla Brent markalı neft başa vurub.

Bunun təqribən 10 faizədək azalmasını proqnoz edirdilər. Ancaq bu il neftin qiyməti 60 dollar, yaxud ondan da aşağı olması bu artıq bütün proqnozları alt-üst edən, daha pessimist ssenarinin reallıqda özünü göstərməsidir. Digər tərəfdən heç kimi günahlandırmaq olmaz. Çünki heç kim inanmırdı ki, Tramp aprel ayının 2-də 185 ölkəyə qarşı əlavə gömrük tarifləri tətbiq edəcək. Dünya tarixində kapitalizmdən bu tərəfə, bu günədək hələ bu səviyyədə ticarət müharibələrinin getdiyini biz görməmişik. Təbii ki, ticarət müharibəsi varsa, bu baryerlərin yaradılmasıdır. Bu nədir? Azad ticarətin əngəllənməsidir, yəni həcmlərin aşağı düşməsidir”.

Ekspert “bütün bu risklərin fonunda neftdən asılı ölkə kimi Azərbaycan nə kimi qabaqlayıcı tədbirlər görməlidir?” sualına da cavab verib:

“4 ayın nəticələrinə görə proqnozdan daha çox büdcənin gəliri olub. Təqribən 14 milyard manata yaxın gəliri olub. Əgər bunu 3-ə vursaq, bu 42 milyard edir. Ancaq bizim büdcədə cari il üçün 40 milyard ətrafındadır. Hökumətin açıqladığı statistikaya görə, hələ ki, narahatlığa əsas yoxdur”.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

05 May 2025

BÜTÜN XƏBƏRLƏR