İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ Universiteti yaratmaq qərarı - reaksiyalar

Bu universitetdə ilk növbədə Qarabağ regionunun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir

Xankəndi şəhərində Qarabağ Universiteti yaradılır. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Universiteti publik hüquqi şəxs yaradılır.

Qeyd edək ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.

Ceyhun Məmmədov: "Azərbaycan -Türkiyə dostluğu və qardaşlığı heç zaman  sarsılmayacaq" | BuGün TV

Ceyhun Məmmədov

“Yeni Müsavat”a danışan millət vəkili qeyd edib ki, hazırda ən önəmli məsələlərdən biri qələbənin möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə reinteqrasiya, bərpa və quruculuğu sürətləndirməkdir: “Məlum olduğu kimi, Qarabağ regionunda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub. Təəssüf ki, ali təhsil müəssisəsi 1988-ci ilədək fəaliyyət göstərib. Artıq Qarabağ azaddır. Bu gün qarşımıza mühüm hədəf və məqsədlər qoymuşuq. Hesab edirəm ki, bölgələrdə yeni universitetlərin yaradılması Bakıda sıxlığın qarşısını nisbətən almağa köməklik edə biləcək. Qarabağ Universitetində bütün sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə önəm verməliyik. Geniş kampuslu müasir təhsil müəssisəsinin yaradılmasına ehtiyac var. Beynəlxalq universitetin yaradılması yaxşı olardı. Bir neçə dildə universitetin yaradılması, xarici ölkələrdən tələbələrin cəlb edilməsi üçün addımlar atılmalıdır”.

Millət vəkili hesab edir ki, Azərbaycan gəncləri Qarabağ Universitetinə maraq göstərəcəklər: “Bu gün hər bir azərbaycanlının ürəyi Qarabağla döyünür. Əminəm ki, gənclər Qarabağ Universitetində təhsil almaq istəyəcəklər, çünki hər birimizin istəyi Qarabağın azad edilməsi idi. Arzumuza çatmışıq və çox önəmli mərhələyə daxil olmuşuq. Bu, yeni imkanlar və fürsətlər yaradacaq”.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, Qarabağda ayrıca  dövlət universitetinin yaradılması çox böyük hadisədir: “Təhsil dövlətçilik siyasətinin əsas vuran qolu, təməl nöqtələrindən biri olub. Qarabağ Universiteti bəlkə də Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq. İşğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların həmən ərazilərdə sürətlə məskunlaşmasına, eyni zamanda həmin ərazilərdə xidməti vəzifələrinini yerinə yetirən əməkdaşların övladlarını təhsil almaq şəraitinin yaxşılaşdırılması üçün bu vacibdir. 

Hər kəsə məlumdur ki, ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də  fəal iştirak etməlidir.

İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəbyaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatanlığının təmin edilməsi zəruridir. Buna görə  işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. 

Düşünürəm ki, indiki halda işğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq əhaliyə təhsil xidmətlərin göstərilməsi üzrə mütəxəssislərin fəaliyyətləri stimullaşdırılmalıdır. Çünki ora gedəcək müəllimlər ilkin olaraq həmin ərazilərdə yaşamaq üçün təlimlərə cəlb edilməli, onların əmək haqlarına xüsusi əlavələr edilməlidir. 

Azərbaycan hökumətindən xahiş edir, bəlkə də tələb olaraq qeyd edirəm ki, biz Qarabağın inzibati ərazisində və işğaldan azad edilmiş ərazilərimizdə bir neçə ali təhsil müəssisəsini mütləq şəkildə açmalıyıq. Nəzər alsaq ki, işğaldan azad edilmiş ərazilərdə məzunlar olacaq, yəni 10-11-ci siniflərdə təhsil alan abituriyentlər olacaq ki, ali təhsil müəssisələrinə daxil olmaq istəyəcəklər. Onlar paytaxt Bakıya və digər şəhərlərə getmək əvəzinə Qarabağda təşkil olunacaq universitetlərə daxil olsunlar. Yəni gələcəkdə mütləq şəkildə Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti yaradılmalıdır. Hətta Azərbaycanın Ermənistanla sərhəd olan ərazilərində Laçında, Qubadlıda belə Müəllimlər İnstitutunun, İqtisad Universitetinin filiallarını açmalıyıq. Mən əminəm ki, Qarabağ güclü bir universitet brendi olacaq.

Düşünürəm ki, bu universitetdə ilk növbədə Qarabağ regionunun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir. Eyni zamanda universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin düşünürəm ki, universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır".

Günel SƏFƏROVA: Dünyaya barış mesajı – Yeni Çağ Media

Günel Səfərova

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova isə Qarabağ Universitetinin Xankəndidə yaradılmasının çox mühüm hadisə olduğunu vurğulayıb: “Bu çox xoş xəbərdir. Qarabağ azad edildikdən sonra orada müxtəlif ali təhsil müəssisələri, peşə məktəbləri, orta məktəblər fəaliyyət göstərəcək. Qarabağ Universitetin məhz Xankəndidə fəaliyyət göstərməsi fövqəladə təşəbbüsdür. Xankəndi Azərbaycan üçün çox strateji şəhərdir. Ümid edirəm ki, Qarabağ Universiteti yüksək keyfiyyətli ali təhsil ocağı olacaq. Universitetdə tibb, konfliktologiya, İT sahəsi üzrə fakültələr açıla bilər. İstənilən halda siyasi baxımdan bu çox uğurlu addımdır. Hələ ki birgəyaşayış modelinin necə qurulacağı qeyri-müəyyəndir, amma mənə elə gəlir ki, Xankəndini turistik baxımdan, həm də elm ocağı baxımından dünya üçün maraqlı mərkəzə çevirə bilərik”.

Qeyd edək ki, Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR