İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ üçün 4 ssenari... - Bakının 1 şərti, 5 prinsipi

Ermənistan Azərbaycana qarşı təxribatlarına "vasitəçiləri" şərik eləmək istəyir - analitiklərdən ilginc proqnozlar...

44 günlük müharibədə yedikləri “dəmir yumruq”dan sonra da göydən yerə enə bilməyən ermənilər, deyəsən, növbəti depressiyaya giriblər. Bu dəfə Soçi fiaskosunun depressiyasına. Çünki revanşist-radikallar və separatçılar Xankəndidəki 30 oktyabr təxribatından sonra az qala özlərini inandırmşdılar ki, bu dəfə Rusiya Azərbaycanı “yerində oturdacaq”, “artsax” məsələsi, nəhayət, rəsmi sənəddə öz əksini tapacaq.

Həmçinin Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti heç bir əsas olmadan daha 10-15 il uzadılacaq və bütün bunların nəticəsi kimi separatçı-kriminal ünsürlər anklav ərazimizdə rahatca yeni-yeni oyunlardan çıxacaq, onu Azərbaycanın nəzarətindən uzaqlaşdırmağa davam edəcəklər, Laçın yolunu isə hər cür xarici siyasi dəllal və avantüristlər üçün “su yolu”na döndərəcəklər.

Heç biri olmadı. Yenə Paşinyanın əli-ağzı “yandı”. Soçi sənədində nəinki “Dağlıq Qarabağ”, “Qarabağ” sözü belə əksini tapmadı. Nikol Paşinyanın “Azərbaycan Ordusu öz sərhədlərinə qayıtsın”, “Azərbaycan hərbçiləri Rusiya sülhməramlıların məsuliyyət zonasından çıxarılsın” kimi sərsəm tələbləri də getdi işinin dalınca. Bundan əlavə, 10 noyabr kapitulyasiya sənədindən fərqli olaraq, ilk dəfə Putinin və Paşinyanın imzası duran başqa bir üçlü sənəddə “Dağlıq Qarabağ” ifadəsi, ümumiyyətlə, yer almadı.

*****

“Soçidə qəbul edilmiş birgə bəyanatın mətninə əsaslanaraq deyə bilərik ki, diplomatik və siyasi müstəvidə növbəti dəfə Paşinyanın "başından" vuruldu. Nikolanın daha bir “qələbəsi” - “Dağlıq Qarabağ” adının çəkilməməsidir".

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Bəyanatda erməni əsirlərin qaytarılması və öz müqəddəratını təyinetmə hüququ ilə bağlı da bir kəlmə yoxdur. Həmçinin Ermənistandan keçəcək nəqliyyat yolları üzərində suveren nəzarətimiz məsələsi xatırladılmır”, - nəşr qeyd edib.

Ancaq erməni erməni olmazdı əgər öz həyasızlığını sona qədər davam etdirməsəydi və təxribatlarına ara versəydi. Odur ki, analitiklərə görə, Azərbaycan öz işini indi daha möhkəm tutmalıdır.

*****

“Ermənistan yaxın zamanlarda Qarabağ zonasında, daha doğrusu, sülhməramlı qüvvələrin məsuliyyət zonasında silsilə təxribat xarakterli hərəkətlərə davam edəcək. Həm də o ümidlə ki, bu təxribatlar "vasitəçilər" tərəfindən də dəstəklənsin. Belə hərəkətlərin Rusiya ilə Fransanın öz aralarında koordinasiya edilməsi istisna olunmur".

Bu sözləri Minval.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Azərbaycan görür ki, Ermənistan sülhə doğru getmək və iki ölkə arasında sülh sazişinin hazırlanması üçün əsas kimi göstərilən beynəlxalq hüququn fundamental prinsiplərinə riayət etmək istəmir.

Rusiyalı tanınmış politoloq Sergey Markov isə Azərbaycan-Ermənistan münasibətlərinin inkişafının 4 mümkün ssenarisini təqdim edib.

Əsas ssenari: Azərbaycan Qarabağın Ermənistan tərəfindən qeyd-şərtsiz öz tərkib hissəsi kimi tanınmasını tələb edəcək. Əks halda, 3 ildən sonra sülhməramlılarla bağlı müqavilə başa çatacaq, onlar Qarabağı tərk edəcək, Azərbaycan Ordusu da rahatca Qarabağa daxil olacaq. Ermənistan ordusu zəif olduğu üçün müqavimət belə göstərməyəcək.

Azərbaycanın bu planını puça çıxarmaq üçün Paşinyan ya Rusiyanı münaqişəyə cəlb etməyə çalışacaq, ya da onu Rusiyanın düşmənləri - Fransa, Avropa İttifaqı, ABŞ-la əvəzləməyə səy edəcək.

Rusiya Paşinyanın bu planını puça çıxarmaq üçün onun yerinə daha çox rusiyayönlü siyasətçi gətirməyə çalışacaq.

Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda sülh sazişi üzrə danışıqlar gedəcək, lakin nəticə - nəticəsizlik olacaq".

Öz növbəsində tanınmış rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, ilin sonuna qədər sülh sazişinin imzalanması böyük ehtimalla baş tutacaq.

“Eyni zamanda Azərbaycan Ermənistanın bu müddət ərzində də yeni təxribatlarına hazır olmalıdır. Amma hazırda nəyisə dəqiq söyləmək çox çətindir. Proseslər dinamik şəkildə cərəyan edir. Buna əsaslanaraq nəyinsə dəqiq proqnozlaşdırılması olduqca problemlidir. Ona görə də mən 60% qeyd edirəm ki, sülh müqaviləsi ilin sonuna kimi imzalanacaq, 40% - imzalanmayacaq. Bakının sülh müqaviləsi bağlamaq istəyini başa düşürəm, İrəvanın "status" məsələsini yenidən qabartmaq və Avropa strukturlarına təzyiq göstərmək üçün bir fürsət imkanını Azərbaycanın rədd etmək istəyi də başa düşüləndir. Güman edirəm ki, Azərbaycan Prezidenti bütün bunları görür və diplomatiyasını elə quracaq ki, son nəticə ölkəsinin lehinə və məlum 5 prinsip əsasında olsun", - deyə o bildirib.

Korotçenko Soçidə imzalanan sənəddə “Qarabağ” və “status” sözlərinin olmamasına məxsusi diqqət yönəldib: “Soçi bəyanatında Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiqləndi və Ermənistan tərəfinin buna qarşı çıxmaq cəhdləri nəticəsiz qaldı. Ancaq rahatlanmaq olmaz. Paşinyan "bir neçə stulda oturmaq" siyasətini davam etdirir. Digər tərəfdən, Ermənistanın regiondakı situasiyanı diqqətlə izləyən qərbli dostları heç yerə getməyib. Ona görə də çətin, çoxgedişli şahmat oyunu davam edir, nəticələr qarşıda olacaq. Əsas nəticə isə Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh sazişinin imzalanması olmalıdır".

*****

Göründüyü kimi, təxminlər fərqlənsə də, bir məqamda hamısı üst-üstə düşür: Ermənistan təxribatlara davam edib, bu yolla Azərbaycanı özünə qarşı cavab tədbirləri görməyə və ölkəmizi Qərbin hədəfinə gətirmək səyləri bitməyəcək, bölgənin müharibəsiz gələcəyi isə yalnız Bakının tək şərti və 5 bəlli prinsipinin hamı tərəfindən qəbulu nəticəsində mümkün olacaq. İrəvan şahmat taxtasında yenə “peşka” kimi qalacaq!...

Analitik xidmət,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR