Onlayn ictimai-siyasi qəzet
Akif Nağı: “Parlament səviyyəsində gənclərin quruculuq işlərinə cəlb olunması üçün xüsusi müzakirələr təşkil edilməlidir”
“Gənclər bütün dövrlərdə ən vacib işlərin önündə dayanıblar. Buna görə də gənclərə hər zaman xüsusi önəm verilib. Azərbaycanın bütün görkəmli şəxsiyyətləri daim gənclərə müraciət ediblər. Bu, gəncliyin aparıcı qüvvə olması ilə, eyni zamanda gəncliyin millətin və dövlətin gələcəyi olması ilə bağlıdır. Bu gün gənclik öz enerjisi, gücü, ağlı ilə bir çox məsələləri həll edir. Buna görə də gəncliyi hər zamanda ön planda görmək istəyirik”.
Bu fikirləri “Yeni Müsavat”a Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib. Partiya sədri xatırladıb ki, Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycan gəncliyi döyüş meydanında olub: “Azərbaycan gəncləri ən ağır döyüşlərdə iştirak edib, şəhidliyi özünə şərəf bilib. İkinci Qarabağ müharibəsində də bir çox məsələnin nəticəsi əsasən gənclərdən asılı oldu. Gənclər dünyaya cəsur, qorxmaz, qələbəyə inamlı Azərbaycan xalqını təqdim etdilər. Şəhidliyi çox böyük yüksəkliyə qaldırdılar. Dünya Azərbaycan gəncliyinin qəhrəmanlığına heyran qaldı. Buna görə də gənclərimiz hər zaman öndə olmalıdırlar. Bu gün Qarabağda, Şərqi Zəngəzurda böyük quruculuq, bərpa işləri həyata keçirilir. Bu prosesdə gənclərin imkanlarından geniş şəkildə istifadə olunmalıdır. Bununla Qarabağ müharibəsində öndə olan gənclərin haqqını vermiş olarıq. Qələbəni əldə edən gənclərə həm karyera və inkişaf baxımından, həm də dolanışığı təmin etmək baxımından şərait yaradılmalıdır. Gənclər harada varsa, orada uğur var. Azərbaycan gəncliyi yüksək səviyyədə inkişaf edib. Gənclərimiz elm, idman, mədəniyyət və bir çox başqa sahədə həm fiziki cəhətdən, həm də əqli cəhətdən uğurları ilə seçilirlər. Bu baxımdan onların potensialından geniş şəkildə istifadə olunmalıdır. Gənclərin bilik və bacarığına uyğun işlə təmin olunması hər kəsin xeyrinədir. Məlumdur ki, Azərbaycanda “Yüksəliş” müsabiqəsinin qalibləri müxtəlif qurumlarda mühüm vəzifələrə təyinat almaq şansı qazanırlar. Siyasi rəhbərlik də gəncliyə xüsusi əhəmiyyət verir. Kadr dəyişiklikləri zamanı gənclərə üstünlük verilir. Prezident və birinci vitse-prezidentin bu siyasəti hər kəs tərəfindən təqdir olunur. Həm yüksək səviyyədə təhsil almış gənclərdən, həm də bacarıqlı, ağıllı gənclərdən istifadə olunur".
Akif Nağı
A.Nağının fikrincə, Qarabağda həm gənclərin bacarıqlarına uyğun şərait yaradılmalıdır, eyni zamanda onlara müəyyən imtiyazlar verilməlidir: “Hesab edirəm ki, xüsusilə müharibədən qayıdan gənclərə, sağlamlığının bir hissəsini itirən qazilərə xüsusi imtiyazlar verilməlidir. Döyüş meydanında torpaqlarımızı işğaldan azad edən gənclər quruculuq meydanında da bacarıqlarını göstərməlidirlər. Eyni zamanda quruculuq prosesində təşəbbüskarlıq da yerinə düşər. Gənclər təşəbbüskarlığa meylli olurlar, yeni ideyalar irəli sürməkdə xüsusilə seçilirlər. Bu baxımdan gənclərin fikirlərini reallaşdırmaq üçün şərait yaradılmalıdır. Digər tərəfdən, bərpa işlərində həm yüksək vəzifələrdə çalışanlar var, həm də sıravi heyətin tərkibində yer alanlar var. Onlar işlərini vicdanla, bacarıqla yerinə yetirirlər. Eyni zamanda Qarabağ ərazisində çalışmaq gələcəkdə ailə qurub, orada yaşamaq üçün stimul yaradır. Qarabağ gənclər məkanına çevrilə bilər. İşğaldan azad edilən ərazilərimiz cənnətə çevriləcək. Hesab edirəm ki, bu ərazilərin əsas sakinləri gənclər olmalıdır. Azərbaycan nəhəng tikinti meydançasına çevriləcək. Bu da o deməkdir ki, ölkənin bütün bölgələrindən gənclər Qarabağa axışacaq. Dövlət siyasətində də müəyyən proqram nəzərdə tutulub, amma bu məsələyə əlavə diqqət yetirilməsi məqsədəuyğun olar. Parlament səviyyəsində də gənclərin quruculuq işlərinə cəlb olunması üçün xüsusi müzakirələr təşkil edilməlidir. Bu prosesin həm qanunvericilik bazası təmin olunmalıdır, həm də planların praktiki şəkildə həyata keçirilməsi təmin olunmalıdır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ