İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” döyüşləri: 10 nəfər 12 nəfərə qarşı savaşdı

Alman maşını yenə də qarşımızda...

“Qarabağ” futbol komandamız Avropanın fəthinə davam edir. Əfsanəvi baş məşqçimiz Qurban Qurbanovun növbəti “qurbanı” son Portuqaliya çempionu “Braqa” oldu. Keçilməz sədd sayılan bu divarı iki oyunun nəticəsi ilə təmsilçimiz 6-5 hesablı qələbə ilə yarıb keçdi. Bununla da qürur yerimiz sayılan Ağdam klubu Avropa Liqasında 1/8 mərhələsinə çıxdı. Qruplardan 1/16 mərhələsinə çıxmaqla tarix yazan “Qarabağ”ın bu nəticəsi də Azərbaycan futbolunda bir ilk idi. 

Oyuna gəldikdə isə 120 dəqiqəlik (oyun uzatmalara getmişdi) oyun barədə deyə bilərik ki, “Qarabağ” 10 nəfərlə möhtəşəm azarkeşlərini də arxasına alıb “Braqa”nın 11 oyunçusunu+bolqar hakim Georgi Kabakovu əzib keçdi. Bu hakim sözün həqiqi mənasında “Qarabağ”ımızın mərhələ keçməməsi üçün “Braqa” oyunçularından az “döyüşmürdü”. Məhz bunun nəticəsi idi ki, görüşün 57 dəqiqəsində komandamızın əsas oyunçularından sayılan Elvin Cəfərquliyev qırmızı kart gördü. 10 nəfərlə qalan “Qarabağ”lılar yenə də sona qədər cəsurluq nümayiş etdirdilər və 101-ci dəqiqədə yenə də ümumi hesabda önə keçməyi bacardılar. Lakin hakim yenə də baş rolda idi. 110-cu dəqiqədə qapımıza penalti təyin olundu və ümumi hesab bərabərləşdi. Lakin 19 yaşlı qəhrəmanımız Nəriman Axunzadə iş başında olduğundan hakim və “Braqa” xəbərsiz idi. Gənc oğlan səhnəyə çıxdı və 120-ci dəqiqədə yazılan şərəfli tarixə son nöqtəni qoydu. O Nəriman kı son bir həftədə “Braqa” ilə səfər oyununda son dəqiqədə vura bilmədiyi qola görə hər kəsin qəzəbinə tuş gəlmişdi. Bu həm də Qurban Qurbanovun dahiliyinin bir sübutu idi. Belə ki, səfər oyununda vura bilmədiyi həmin qola görə ağlayan 19 yaşlı gənci müdafiə edən Qurban Hoca demişdi: “Nəriman oyundan sonra göz yaşını saxlaya bilmədi, sanki fikri o epizodda qalmışdı. Amma normal baxıram. Bu cür yanaşırsa, demək, məsuliyyəti dərk edir. Bəlkə o qolu vursaydı, daha gec böyüyəcəkdi. Vurmadığına görə tez böyüyəcək”.

Bəli, Qurban müəllim, sizin sayənizdə dediyiniz o gənc böyüdü, özü də 10 milyonlara sevinc göz yaşları bəxş edərək, bütün dünyanı mat qoyaraq...

Bir sözlə, fevralın 22-si gecəsi hər birimizin nitqi həm qurudu, həm də açıldı. Gah sevinirdik, gah kədərləndirdik, gah da ağlayırdıq... Amma sonluqda gülən tərəf olduq və növbəti “qurbanı”mızı gözləməyə başladıq. Artıq bu klub məlumdur. İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində rəqibimiz hamımıza çox tanış gələn, hazırda yerli çempionatda və xarici oyunlarda bir məğlubiyyət belə yaşamayan Almaniya nəhəngi “Bayer Leverkuzen”dir. Avropa liqasının qrup mərhələsində “Qarabağ” və “Bayer Leverkuzen” eyni qrupda mübarizə aparmış və təmsilçimiz hər iki oyunda məğlubiyyətlə üzləşmişdi. Amma ümidlərin bitdiyini demək olmaz. Bu həmin “Bayer”dir ki, Bakıda hakimin 96-cı dəqiqədə verdiyi şübhəli penalti qolu ilə paytaxtımızdan 1-0 qalib ayrılmışdı. Hətta həmin oyunda “Qarabağ”ın qələbə qazanmaq şansları da az olmamışdı. 

Məlumat üçün bildirək ki, bu mərhələdə ilk oyun martın 7-də Bakıda baş tutacaq. 

“Bizi uzun səfər gözləyir. Amma biz 1/8 final mərhələsini səbirsizliklə gözləyirik”. 

İdman.biz xəbər verir ki, bunu Almaniyanın “Bayer” klubunun icraçı direktoru Fernando Karro deyib.

59 yaşlı futbol funksioneri Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasına münasibət bildirib. O, qrup mərhələsində olduğu kimi yenidən rəqib olduqları “Qarabağ”la qarşıdakı duellərə toxunub: “Bizim "Qarabağ" və onun rəsmi şəxsləri ilə çox yaxşı, sıx münasibətlərimiz var. “Qarabağ” “Braqa”ya qarşı pley-offu yaxşı keçirdi. Biz bu komandaya çox ciddi yanaşmalıyıq. Oyunlarımıza həmişəki kimi köklənməliyik".

Futbol mütəxəssisləri püşkatmanı dəyərləndirdilər. 

Natiq Muxtarlı yazır: Avropanın səssiz işğalı - Onlar gəliblər

 Natiq Muxtarlı 

Tanınmış idman yazarı Natiq Muxtarlı gələn rəqibə təəssüflənməyə bilməsə də, futbolda hər şeyi mümkün sayır: “Heç şübhəsiz, Avropa Liqasının 1/8 final mərhələsində iki əsas favoritdən biri "Bayer"dir. Digəri isə “Liverpul”dur. Hətta bəzi amilləri nəzərə alsaq, “Bayer”i əsas favorit kimi də təqdim edə bilərik. Bu komandanın gücü bəllidir. Elə Almaniya Bundesliqasına nəzər salmaq kifayət edir. “Bayer” “Bavariya” kimi nəhəngin düşərgəsində çaxnaşma yaradıb. Ona görə də realist olmaq lazımdır: “Qarabağ”ın şansı yoxdur. Əslində “Qarabağ”dan bundan artığını tələb etməyə də haqqımız yoxdur. Futbolu bataqlığın içində olan bir ölkənin komandasının Avropada adından söz etdirməsi böyük qəhrəmanlıqdır. Yəni “Qarabağ” “Bayer”lə oyuna heç bir təzyiq olmadan çıxmalıdır. İtiriləsi heç nə yoxdur. Çıxıb öz oyunlarını oynamalıdırlar. “Bayer”lə oyunda heç kim “Qarabağ”dan mərhələ keçməyi tələb etməyəcək. Amma unutmayaq ki, futbolda hər şey mümkündür. Tanış rəqiblə qarşılaşmada qrip mərhələsindəki xof atılsa, “atlar” əzmkar oyunlarını meydanda nümayiş etdirsələr, “Bayer” üçün asan olmayacaq. Bu komanda “Qarabağ”ı gəzə-gəzə mübarizədən kənarlaşdırmağın çətin olduğunu bilir. Ən azı Bakıdakı oyunda bunu onlara sübut etmişik. Ona görə də rəqibdən çəkinməyə ehtiyac yoxdur. Təzyiq olmayacaq, sadəcə, “Bayer”dən çəkinmədən ənənəvi oyun sistemini tətbiq etmək lazımdır. Məğlubedilməz komanda yoxdur. “Qarabağ” daha bir möcüzə reallaşdıra bilər. Amma alınmasa belə, hər kəs onları alqışlarla yola salacaq. Az qala bir mövsüm avrokuboklarda Azərbaycana böyük sevinc bəxş etdikləri üçün “Qarabağ” bu alqışları haqq edib".

Kənan Məstəliyev: "Yeni Klublar Liqasına start veriləcək" - Ən son idman  xəbərləri

Kənan Məstəliyev

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev öz facebook profilində bunları yazıb: ""Bayer" düşdü... Yenə. “Qarabağ” hazırda dünyanın ən güclü komandalarından biri olan Leverkuzen təmsilçisini üstələməyə çalışacaq. 

“Bayer”i özünə planetdə heç kim rəqib istəməzdi, bizim başımıza gəldi. Deyiləcək söz yoxdur. Bəlkə də ən yaxşı püşk budur, nə bilirik? Uğurlar, “Qarabağ! Sənə inanırıq”.

Qol.az saytının baş redaktoru Aydın Bağırov da fərqli düşünmür: “Püşkün bizim üçün uğurlu olmadığını söyləmək olar. Səbətdəki ən güclü iki rəqibdən biri "Qarabağ"la düşdü.

AFFA… - Aydın Bağırov yazır

 Aydın Bağırov

“Bayer” bu mövsüm göstərdiyi parlaq oyun və nəticələrlə dünya futbolunu heyrətləndirməkdədir. Komanda Almaniya bundesliqasında 22, Avroliqada 6 oyunda bir dəfə də olsun uduzmayıb. Bu 28 matçdan cəmi 4-də heç-heçə edib, 24-də qələbə qazanıb. O cümlədən 2 dəfə “Qarabağ”la.

“Qarabağ”ın mərhələ adlamaq şansı, əlbəttə, artıq möcüzə olar. Amma istənilən halda 1/8 finala qədər gəlmək belə Azərbaycan futbolu adına parlaq və tarixi nəticədir. “Qarabağ”a qarşıdakı hər iki oyunda uğurlar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR