İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

"Report"un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda "Frayburq"un qonağı olub.

"Europa-Park" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

Daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə "Frayburq"u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla "köhlən atlar"ı növbəti dəfə mərkəzə dəvət edib.

22-ci dəqiqədə Qara Qarayevin, 33-cü dəqiqədə Abdullah Zubirin zərbəsi dəqiq alınmayıb. "Qarabağ"ın heyətində Marko Veşoviç 39-cu dəqiqədə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.

İkinci yarı qarşılıqlı hücumlar şəraitində başlayıb. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qalsa da, baş hakim penalti təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib.

G qrupunun digər matçında Yunanıstan "Olimpiakos"u Fransada "Nant"a 1:2 hesabı ilə uduzub. "Qarabağ" sentyabrın 15-də II turda "Nant"ı qəbul edəcək, "Frayburq" isə "Olimpiakos"un qonağı olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR