İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara hazırlıq

Struqatski qardaşlarının “Tanrı olmaq çətindir” romanından çox sevdiyim sitat var: “Bozluğun  təntənəsi olan yerdə hakimiyyətə həmişə qaralar gəlir”.  Almaniyada son parlament seçkisində faşist yönümlü “Almaniya üçün alternativ” ikinci yeri tutdu, az qala lap 1-ci də olacaqdı. Və, şübhəsiz, bu yeni “nasional-sosialistlərin”, İlon Mask və Trampın dostlarının uğrunda hazırkı kansler Olaf Şoltsun bərbad siyasətinin böyük rolu var.

Şolts solçu, sosialistdir və Almaniya üçün nə daxildə, nə xaricdə normal siyasət yürüdə bildi. Nəticədə daxildə iqtisadi durum ağırlaşıb (Aztv İbrahimə salam olsun, ona da bir salavat zikr edək), xaricdə, xüsusilə Avropada Almaniyanın aparıcı rolu da, kəskin yazsaq, heç zad olub. Şübhəsiz, Struqatski qardaşlarının “bozdan sonra qara” yarlıkı ilə baxsaq, Şolts tam bir boz idi, hətta bozbulanıq idi. 1933-cü ildə Hitleri hakimiyyətə gətirənlər də elə Şolts tipli “bozlar”, Almaniyanı çökdürən cürbəcür geydirmə sosialistlər olmuşdu.

Belə geopolitik araşdırmalardan, paralellərdən çox aparmaq olar, ancaq mən siyasətə qarışmıram. Ona görə qayıdaq, müdriklər demişkən, “öz qoyunlarımızın yanına”.

Hava paytaxtda qarlı, çovğunlu keçdi, bəzi zəhmətkeşlər əlaqədar orqanlardan şikayətləndilər. Taksilərin qiyməti dördqat qaldırmağı, avtobusların yoxa çıxmağı, yola duz tökənlərin qeybə çəkilməsi və sairə. Maraqlıdır ki, onların siyahısında heç kim bələdiyyəyə rast gəlmədi. Bəlkə bələdiyyə daha yaxşı işləyir, o səbəbdən? Necə deyərlər, buralarda olun...

Əslində hökumətdən iş gözləməyin mənası yoxdur, zəhmətkeşlər təşəbbüsü öz əllərinə almalıdır. Məsələn, bizdə su xətti donmuşdu, mən heç bir yerə şikayət eləmədim, gedib qar yığdım, əritdim. Arada da özüm üçün Xəstə Qasımın əsərindən zümzümə edirdim: “Ay həzarat, ay camaat, Dağa qar düşdü, qar düşdü. Özüm qaldım qürbət eldə, Yada yar düşdü, yar düşdü”. Şikayət eləməyin nə xeyri var ki? Su idarəsi heç dünyanın düz vaxtı adamı “krantına almır”. Uzağı hansısa bambılı mahnını qoyacaqdılar zəngə, yarım saat məcburən qulaq asmalı olacaqdım, konturum gedəcəkdi: “Rus dili üçün 2-yə basın”.

Sözgəlişi, patriotik yoldaşlardan xahiş edirəm bu işə də hansısa əncam çəksinlər, bizim bütün dövlət qurumlarının qaynar xəttində avtomat cavabverici qurğuda rus dilindən istifadə edilir. Görəsən, niyə? Ləzgi və talış dillərinin daha üstün hüquqda olduğunu düşünürəm. Sanki biz Moskvaaltı vilayətdə (Podmoskovye) yaşayırıq.

Eyni hal avtobus gözləyənlərə aiddir. Əsas insana avtobus vermək deyil ki? Ona avtubus tutmağı öyrətməkdir! Bəli. Hazırda şanlı və qarlı icra hakimiyyətimiz bu yolda inkişaf edir. Sağ olun, minnətdarıq. Üstəlik, mən fikir verdim, bəzi narazı qara qüvvələr özü şəxsi minik avtomobilində yol gedir, piyada gedən vətəndaşları çəkirdilər. Halbuki ən azı 3-4 adamı mindirib apara bilərdilər.

Xülasə bizə vəd edilmişdi ki, şəhər qışa hazırdır. Əsas budur - vəd. Yoqalar, sufilər, dərin elmi-lədun biliciləri, qoroskop alimləri isbat ediblər: halva-halva deməklə ağız şirin olur. Təki vəd verənlərimiz olsun. Bəzi ölkələrdə heç vəd də vermirlər.

Bir də soyuq havalarda 15 nəfər saxta araq içib ölüblər, lakin bunun haqqında çox səs-küy salmaq lazım deyil. Əlaqədar orqanlar da ölüm səbəbi kimi saxta araqları yox, birbaşa etil spirtini göstərmişdir. Çünki bizdə saxta heç nə olmur, o cümlədən araq!

Həm də 15 nəfər elə çox deyil sanki. Heç bir avtobus eləmir.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR