Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, bu günlərdə Prezident İlham Əliyev “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” qanuna dəyişikliyi təsdiq edib. Beləliklə də məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilib, inzibati həbs tətbiq edilir.
Qeyd edək ki, əvvəl qüvvədə olan Məcəlləyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilirdi.
Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirdi.
Yeni qanuna əsasən, yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Əvvəlki variantda “yaxın qohum” ifadəsində “yaxın” sözünü çıxarmaqla qanunun təsir dairəsi genişləndirilib.
Beləliklə, qanun qohum olan ailə üzvlərinə, nikah pozulduqdan sonra birgə və ya ayrı yaşayan keçmiş ər-arvada, qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə şamil olunur.
Qanun, eyni zamanda rəsmi nikah olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan qohumlara da şamil olunur.
Bu qanun qadınları, bütün digər ailə üzvlərini, o cümlədən uşaqları fiziki, psixi, cinsi və iqtisadi xarakterli zorakılıqdan müdafiə edir.
Bundan başqa, məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə məsuliyyət müəyyən edilir.
Buna görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, hüquq müdafiəçiləri mühafizə orderi ilə bağlı tələbləri qanunun vacib müddəalarından biri sayırlar.
Yenilənmiş qanuna görə, qısamüddətli mühafizə orderinin verilməsinin aşağı həddi 60 günədək artırılıb. Əvvəlki variantda bu, 30 gün idi.
O cümlədən, qısamüddətli mühafizə orderinin verilməsi ilə bağlı müddəada göstərilən “məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda” cümləsindən “cinayət məsuliyyəti yaratmadıqda” ifadəsi çıxarılıb.
Qanun layihəsində məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım proseduru da müəyyənləşir.
Layihəyə əsasən, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi, yaxud məişət zorakılığından zərər çəkmiş şəxs tələb etdikdə, cinayət prosesini həyata keçirən orqan cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, yaxud məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakını təmin etməlidir.
Həmçinin, zərərçəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada məişət zorakılığı ilə bağlı cinayət işi üzrə pulsuz hüquqi yardımdan istifadə etmək hüququna malik olacaq. Məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə daxil ediləcək.
Bundan başqa, yenilənmiş qanuna görə, müvafiq dövlət qurumu ailədə münasibətlərin bərpa olunmasına köməklik göstərməyəcək.
Əvvəlki qanun müvafiq orqanın öhdəsinə qoymuşdu ki, məişət zorakılığı baş verdikdə tərəflərin münasibətlərinin normallaşmasına və ailədə münasibətlərin bərpa olunmasına kömək etsin.
Beləliklə, müvafiq dövlət qurumuna qanunla qoyulmuş bu öhdəlik artıq ləğv olunub.
Bəs qanundakı dəyişiklilklər məişət zorakılığını qarşısını nə dərəcədə ala biləcək?
Hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Nə qədər qanun qəbul olunursa olsun, cəmiyyətin özündə dəyişiklik olmasa, heç bir qanun işləməyəcək. Çünki cəmiyyət çox biganələşib.
Əvvəllər heç məişət zorakılığı yox idi, var idisə də, bu dərəcədə yayılmamışdı. Çünki 30-40 il əvvəl gənclər evlənməzdən əvvəl ilk öncə ailələr tanış olub, bir-birilərini yaxından tanımağa çalışırdı, daha sonra isə evlənməklə bağlı məsləhət olunurdu. Ailədə problem olanda da, ata-analar gəlir, danışır, öz məsləhətlərini verir, problemi aradan qaldırmağa çalışırdılar. Amma belə deyil, gənclər əksər hallarda yalnız öz seçimləri ilə, ata-ananın məsləhətini dinləmədən ailə qurduqdan sonra hansısa problemlərlə, çətinliklərlə üzləşəndə də ayrılmaq qərarına gəlirlər.
Üstəlik cəmiyyətin özündə mürəkkəbləşmə gedir. İndiki gənclər demək olar ki, teatra, mədəni tədbirlərə getmək istəmir. Halbuki teatrlar, tamaşalar mənəviyyatın saflaşması, dünyagörüşünün artırılması üçün bir nümunədir. Amma indi teatra gedən gənclərin sayı xeyli azdır.
Bu baxımdan hesab edirəm ki, cəmiyyətdə dəyişikliklər etmək lazımdır. Qanunların sərtləşdirilməsi, dəyişdirilməsi bu məsələyə o qədər də təsir etməyəcək. Məsələn, bilirik ki, İranda oğurluq edənlərin əlləri kəsilir, amma buna baxmayaraq yenə də oğurluq halları baş verir. Bunun üçün də qeyd etdiyim kimi, cəmiyyətdə, ailələrdə ab-havanı dəyişmək lazımdır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ