İnsanlara hürriyət, millətlərə istiqlal!

Qandallanan separatçı “liderləri” hansı cəza gözləyir - rəylər

Yeni tarix yazan və haqlı Azərbaycana qarşı qərəzli bəyanatların heç bir əhəmiyyəti ola bilməz, çünki...

Olduqca mühüm tarixi proseslər yaşayırıq. Ölkəmizin ərazisində ikinci erməni dövləti qurmaq istəyən separatçı rejimin rəhbərləri antiterror tədbirlərindən sonra bir-bir həbs olunaraq Bakıya, mühakimə olunmağa gətirilir.

Milyarder Ruben Vardanyan, Lyova Henrixi Mnatsakanyan,  David Babayan, Davit Manukyandan sonra Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Araik Arutyunyan (2020-2023), Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Qeyd edək ki, bəzi bədxah ölkələr, erməni diasporu Azərbaycanın bu haqq işinə görə səslərini başlarına atıblar. Kimisi Azərbaycana qarşı sanksiyalara səsləyir, kimisi onların dərhal buraxılmasını istəyir və s.

Ancaq fakt budur ki, bu adamların dəhşətli cinayətləri sübuta yetirilib, bəşəri cinayətlər törətdiklərinə dair faktlar göz önündədir. De-fakto bu adamlar terrorçuluq, separatizm, kütləvi qırğın kimi bəşəri cinayətlər törədiblər. Belələrinin mühakiməsi beynəlxalq hüququn tələbidir və buna görə kimsə Azərbaycana irad tuta bilməz. Bu əməllərə görə onlar ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır.

NƏSİROV Elman Xudam oğlu

Elman Nəsirov

Millət vəkili Elman Nəsirov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Birmənalı bu fikri söyləmək mümkündür ki, 21-ci  əsrin siyasi lideri Azərbaycan Prezidenti cənab İlham Əliyevdir, 21-ci əsrin xalqı Azərbaycan xalqı, 21-c əsrin ordusu Azərbaycan Silahlı Qüvvələridir. Bu 3 qüvvənin vəhdəti, birliyi və həmrəyliyi tarixi qələbələrimizi, tarixi zəfərimizi şərtləndirən fundamental, həlledici  amillərdir və 21-ci əsrdə ərazi bütövlüyünü tam və qəti şəkildə təmin edilməsi məhz bu qüvvələrin adı ilə bağlıdır. Lakin nə edək ki, dünya özü ədalətsizdir, nə edək ki, beynəlxalq sülhün və təhlükəsizliyin keşiyində dayanmalı olan ölkələrin özü ilk növbədə onu pozan dövlətlər statusundadır və haqdan, ədalətdən danışıb, nahaqqı müdafiə mövqeyində dayananlar da kifayət qədərdir”.

Deputat qeyd edib ki, bölgədə son dövrdə baş verən siyasi proseslər fonunda bu qənaət daha güclənib: “Azərbaycan Silahlı Qüvvələri Qarabağda erməni seperatizminin və terrorizmin kökünü kəsdi.  Erməni terrorizminin məhv edilməsi əslində beynəlxalq terrorizmə qarşı mübarizə prosesinə Azərbaycanın növbəti çox mühüm bir töhfəsidir. Bu baxımdan, bu, təkcə lokal, regional deyil, həm də qlobal məna və məna kəsb edir. Lakin qeyd etdiyim kimi, beynəlxalq sülhün və təhlükəsizliyin keşiyində dayanmalı olan, ilk növbədə BMT Təhlükəsizlik Şurasının daim üzv ölkələrində, ABŞ-da, Fransada Azərbaycanın son tarixi nailiyyətlərini həzm edə bilməyən siyasi dairələr yenidən fəallaşıb, Azərbaycanı təhdid edirlər.

Amerikanın təpədən-dırnağa qədər erməni xislətli olan deputat Şerman Azərbaycanı təhdid edir və ölkəsinin siyasi, hərbi rəhbərliyinə çağırış edir ki, Ermənistana müasir silahlar vermək lazımdır ki, Azərbaycana qarşı revanşist müharibəyə girişsin, hərbi addımlar atsın. Həmçinin Fransanın müdafiə naziri vurğulayıb ki, ölkəsi Ermənistanla bağlı prosesləri diqqətlə izləyir və  bu ölkəyə hər cür hərbi yardım göstərilməsi məsələsi nəzərdən keçirilməlidir və qeyd edir ki, bütün bu proses şəxsən Fransa Prezidenti Makronun nəzarəti altındadır. Onları narahat edən nədir? Niyə ermənidən çox erməni olmaq istəyirlər? Səbəb bu imiş ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa  edib? Halbuki həmin dövlətlər BMT Təhlükəsizlik  Şurasında Azərbaycanın ərazi bütövlüyünün lehinə səs veriblər. Azərbaycan bu gün öz gücü hesabına erməni separatçılarını tərk-silah edib, onları Qarabağdan çıxardıb və bunu 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında lehinə səs verdikləri 4 qətnamə tələb edirdi, həmin qətnamələr havada qalmışdı, icra olunmurdu. Bizə sağ ol deməli, təşəkkür etməlidirlər ki, onlar, yəni BMT Təhlükəsizlik Şurasının daimi üzvləri deyil, biz həmin qətnamələri icra etdik. Amma görün nəyin təlaşını keçirirlər - “Azərbaycan antiterror tədbirləri çərçivəsində Qarabağın siyasi liderlərini həbs edib”.  Siyasi lider nə anlamına gəlir? Məgər Qarabağ ermənilərindir ki, hələ  bir onların siyasi liderləri də olsun?  Qarabağ Azərbaycandır, Azərbaycan da unitar dövlətdir və onun da bir Prezidenti var - cənab İlham Əliyev. Bəs onda Qarabağın hansı liderlərindən söhbət gedə bilər? Amerikalı senatorlar və konqresmenlər, fransalı deputatlar, siz hesab  edirsiniz ki, separatçı rejimin keçirdiyi qeyri-qanuni seçkilər legitimdir?  Siz bunu söyləmək istəyirsiniz? Eyni məntiqlə Marseldə olan ermənilər yığışıb, qondarma seçkilər, prezident seçkiləri keçirsinlər. Siz buna dözərsiniz? Və yaxud Kaliforniyada olan ermənilər yığışıb, seçkilər keçirsinlər, orada oyuncaq erməni dövləti yaratsınlar, siz bununla  barışarsınız? Əlbəttə xeyr, onu elə bələkdəcə məhv edərsiniz, separatizmin yuvasını dağıdarsınız, onun heç tozu da qalmaz. Onda bu nə məntiqdir, davranışdır?"

Elman Nəsirov vurğulayıb ki, Azərbaycana qarşı edilən təhdidlərin, addımların heç bir mənası olmayacaq: “Hesab edirəm ki, bütün bunlar, amerikalıların öz  məntiqləri ilə desək, nonsensdir. Anti-Azərbaycan addımların heç bir mənası olmayacaq. Çünki Azərbaycan güclü dövlətdir, Azərbaycanda ictimai-siyasi  sabitlik, vətəndaş həmrəyliyi hökm sürür, oun dünya səviyyəli lideri var, bu gün dünyada öz sözünü demiş ən güclü ordularından birinə malikdir. Eyni zamanda Azərbaycan xalqı dəmir yumruğa çevrilmiş bir xalqdır və qeyd etdiyim kimi, bu birlik bizim tarixi qələbələrimizin kökündə dayanan əsas səbəblərdir. Və bizə təzyiqlər, basqılar olduqca, bu birlik onların arzularının əleyhinə olaraq daha da güclənir, daha da  monolitləşir”.

Fərəc Quliyev: “Ekofəallarımız ermənilərin xülyasını puç etdilər”

Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə qeyd edib ki, hazırda çox böyük tarixi hadisələr yaşanır: “Əslində biz zahirən ölkəmizin bir hissəsinin azad olunması kimi görünən hadisəni dərindən təhlil etsək, görərik ki, az qala bölgənin taleyinə təsir edən bir proses baş verib.

Xatırladım ki, ikinci erməni dövləti yaratmaq istəyənlərin planı tam 100 il əvvəl məşhur “Şərq məsələsi”nin tərkib hissəsi idi. Yəni bütün Türk dünyasının sarsıtmaq, onun arasındakı əlaqələri kəsmək üçün atılan addım idi. Əslində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı bu  məşhur “Şərq məsələsi” projesini alt-üst etdi, ikinci erməni dövləti yaratmaq istəyənlərin arzularını gözündə qoydu, Ermənistanın “dənizdən dənizə” proyektinin üstündən xətt  çəkdi. Bu layihə təkcə Azərbaycanı deyil, Gürcüstanın və digər dövlətlərin ərazisini əhatə edirdi. Yəni bu layihə əslində bütün bəşəriyyəti narahat edən, böyük kataklizmləri əhatə edən layihə idi və alt-üst oldu.  Üstəlik, yeni dünya düzəmi quruluşunda Qafqazlardan Orta Asiyaya keçid olan bir yer, Azərbaycan ərazisi bir boğaz idi və qara əllər bu boğazı tutmuşdu, sıxırdı, bu qara əllər kəsildi. Yəni aparılan bu əməliyyat  əslində bəşəriyyətə xidmət edən əməliyyatdır.

Əslində bizim üzərimizə gələn dövlətlər bunun nə anlamında olduğunu başa düşür. Baxın, üstümüzə kimlər gəlir, tam yüz  il əvvəl Fransa başda olmaqla, Qərb dövlətləri, Türkiyəni, Türk dünyasını sarsıtmaq planları qoymuşdu. Bu gün onların narahatlıqları məhz bundandır.

Bütün bunlara baxmayaraq, Azərbaycan haqlı dava edir. Bu gün  Türkiyə də məhvərində olmaqla, Türk Dövlətləri Təşkilatı kimi böyük bir güc ortadadır və bizə heç kim heç nə edə bilməz.

Azərbaycana qarşı cinayət törətmiş adamlardan biri Araik Arutyunyanın özünün ifadələrində var ki, “biz  Gəncəyə raket atdıq”. Gəncəyə raket atılıb, dinc əhali öldürülüb və bu atılan raket qadağan olunmuş silah idi, hansı ki, Rusiya belə onu satmır. Bəs onlar bu silahı necə əldə edib, necə ərazimizə atmışdılar? Və təkcə Gəncəyə deyil, digər ərazilərə də raket atıldı, dinc əhaliyə qarşı terror hadisələri törədildi. Bütün bu cinayətləri törətdiyini Araik özü etiraf etmişdi.

Digər cinayətkarlar da bunu ediblər və etdikləri barədə kitablar yazıblar. Məsələn, Zori Balayan Xocalıda olan hadisələri təsvir edib, hansı cinayətləri törətdiyini etiraf edib. İnsanlıqdan, humanizmdən danışan dövlətlər indi üzərimizə müxtəlif səslər çıxarır və anlamırlar ki, hansı insan hüquqlarından danışırlar?

Təkcə Xankəndidən 11 min azərbaycanlı çıxarılıb, mal-mülkü əllərindən alınıb. 30 ildən sonra insanlarımızın sümükləri tapılır, DNT analizi ilə onların kimliyi müəyyən edilir. Həmin dövlətlər bir dəfə səslərini çıxardılarmı? Əlbəttə ki, heç vaxt. Ona görə də bu cinayətkarları tutmaq, qalanlarının da tapılması və cəzalandırılması bizim haqqımızdır. Onlar bir ölkəyə, xalqa qarşı genosid törədiblər, yer üzündən silmək üçün əllərindən gələni ediblər.

Mən bu qələbəni xalqımıza yaşadan şəhidlərimizə Allahdan rəhmət  diləyir, qazilərimizə cansağlığı arzulayıram. Möhtəşəm Ordumuza, xalqımıza və bu işləri təşkil edən Ali Baş Komandanımıza sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR