İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanadı sınmış “sülh göyərçini” – Ermənistanla barışığa hələ var!

“Sorosçu” Nikol Paşinyanın nə dərəcədə peşəkar ictimai rəy manipulyatoru olduğuna yəqin ki, artıq çoxları əminlik hasil edib. Adamın az qala səhər dediyi ilə günorta söylədiyi, günorta verdiyi açıqlama ilə axşamkı düz gəlmir. Bəzən hətta eyni anda özü-özünü təkzib edən əcaib və pafoslu fikirlər səsləndirir. Unutmayaq, bu “Qarabağ Ermənistandır və nöqtə!” ekzotik şüarının müəllifidir.

Bu gün o, yenə sülhpərvər “çuxası”nı geyərək, çərənləyib. “Sülh göyərçini” olmağa səy edib. Parlamentin iclasında növbəti dəfə utanıb-qızarmadan bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü SSRİ tərkibindəki sərhədləri daxilində tanıyır, Azərbaycandan da bunu gözləyir və sülh sazişi imzalamağa hazırdır, amma... Bəs “əmma” nə imiş?

Nikol bəyan edib ki, “Bakı ilə tezliklə sülh müqaviləsi bağlamağa çalışır, ancaq burada ən çətin məsələ Qarabağdır”. Vəssalam, dairə qapandı.

Qəribədir, deyilmi? Ərazi bütövlüyümüzü tanıyırsansa, Qarabağın sülh müqaviləsinə nə dəxli? Obrazlı desək, “cin ayrı, şeytan – ayrı”. Ermənistanın Azərbaycana qarşı gerçəkdən də heç bir ərazi iddiası yoxsa, o zaman Qarabağ sülh sənədinə niyə çətinlik yaratsın və nədən İrəvan 3 ildir bu sənədi imzalamaqdan yayınır?

“Xoruzun qırmızı quyruğu” da elə burda gizlədilib. Daha doğrusu, gizlədə bilmirlər. Ona görə ki, kapitulyant tərəf hələ də “miatsum” mərəzindən əziyyət çəkir...

Yada salaq: Ermənistanın ötən ilin dekabrında düzəlişlərlə birgə Bakıya göndərdiyi sonuncu sülh təkliflərində Qarabağla bağlı ayrıca bənd var! Bilə-bilə ki, Azərbaycan tərəfi bunu qəbul etməyəcək. Çünki bunun adı sülh sazişinə qarşı süni “Qarabağ əngəli” yaratmaqdır. Paşinyan boşuna tez-tez “Azərbaycan Qarabağda soyqırımına hazırlaşır” demir ki...

Nə yazıq ki, qanadı sınmış “göyərçin” Nikol və komandası destruktiv ritorikadan əl çəkmək istəmir. Bunun hər hansı əlaməti yoxdur, gözə dəymir.

Yeri gəlmişkən, dünən Ermənistan hökumətinin yaydığı hesabatda danışıqların bəzi təfərrüatları açıqlanmışdı. Orada belə bir açar cümlə yer alırdı: “İrəvan üçün məqbul yanaşma (variant – Z.S.) ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sazişin imzalanması Qarabağ münaqişəsinin həlli prosesindən Xankəndi ilə Bakı arasında beynəlxalq müzakirə mexanizminin formalaşacağı halda ayrıla bilər”.

Yəni yenə eyni hava.

Həmin cümlənin açması budur ki, sülh müqaviləsinin baş tutması üçün beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları reallaşmalıdır. Qısası, ön Qarabağ şərti. İrəvan şəkk-şübhəsiz, bu yolla keçmiş DQMV-ni təzədən mübahisəli ərazi kimi beynəlxalq gündəmə qaytarmaq istəyir. Çünki məntiqlə Qarabağ mübahisəli ərazidirsə, Azərbaycan sülh anlaşması naminə ona ən azından hansısa özünüidarə statusu tanımalıdır.

Beləcə, oyuncaq rejiminin subyektivliyini Bakıya qəbul etdirmək istəyirlər – müstəqil tərəf qismində! Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, erməni icması ilə dialoq, onun hüquq və təhlükəsizliyi daxili işimizdir və heç bir uydurma “beynəlxalq mexanizm”ə razılıq verməyəcək. Ərazilərimizi siyasi bazarlığa çıxarıb sortlara bölməyəcək.

Nikol isə yenə sırtıqcasına qulaqlardan “əriştə” asmağa cəhd edir, sülh sazişini aparıb “Qarabağ məsələsi”nə, “beynəlxalq mexanizm”in yaradılmasına, yəni vasitəçilərə bağlayır. Söhbət Avropa Birliyi və ya ABŞ-ın, Rusiyanın və yaxud ATƏT-in vasitəçiliyindən gedir.

Odur ki, heç kim eyforiyaya düşüb-eləməsin, Ermənistanla sülhə hələ var! Onu tezləşdirməyin tək yolu kapitulyant ölkənin başına vaxtaşırı “dəmir qapaz”lar endirməkdir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR