İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qan bankı” funksiyasını daşıyan düşərgə - əsirlər açıq havada...

1941-ci ilin sentyabr ayında Adolf Hitler yeni əsir düşərgələrinin salınması ilə bağlı müşavirə keçirəndə işğal etdiyi ərazilərin xəritəsində Latviyanı göstərərək yeni düşərgənin məhz bu məkanda salınmasını göstəriş verib.

Müzakirələr zamanı fürer düşərgənin dəqiq yerini də müəyyənləşdirib – Riqa şəhəri. Müşavirə iştirakçıları Riqada düşərgə üçün münasib yerin olmadığını, düşərgənin tikintisinə isə müəyyən bir vaxt sərf olunacağını bildirəndə fürer son qərarını verib:

- Əsirləri açıq havada da saxlamaq olar. Təcili icra edin. Biz əsirlər üçün mehmanxana tikməli deyilik...

Beləliklə, 1941-ci ilin oktyabr ayında Latviyada, Riqadan 18 kilometr aralıda, Salasplis şəhərinin ərazisində 19 hektarlıq sahədə əsir düşərgəsi fəaliyyətə başlayıb.

Faşist rejiminin bütün mümkün qəddarlıqları bu düşərgərdə tətbiq olunub. Normal insan düşüncəsinə sığışmayan işgəncələr məhz bu düşərgədə “kəşf” edilib. Digərlərindən fərqli olaraq, bu düşərgədə azyaşlı uşaqlar da saxlanılıb.

QANLİ.jpg (125 KB)

Fürerin dediyi kimi, düşərgəyə gətirilən hərbçilər hava şəraitindən, fəsillərdən asılı olmayaraq, açıq havada saxlanılıblar. Soyuqdan qorunmaq üçün məcburiyyət qarşısında qalan əsirlər heç bir alət olmadan qəbir formasında özlərinə sığınacaq düzəldiblər.

Salaspilsdə salınan düşərgəni təsadüfi olaraq “ölüm düşərgəsi” adlandırmayıblar. Bu məkanda olan dözülməz daxili rejim qaydalarına tab gətirmək, verilən işgəncələrə dözmək mümkünsüz sayılıb.

Düşərgədə küt alətlərlə ölüm həddinə çatana qədər döyülmə, aclıq nəticəsində ən adi xəstəliklərdən ölüm halları, bir qadının gün ərzində dəfələrlə zorlanması, xüsusi qaz kameralarında saxlanılma, istənilən vaxt heç bir səbəb olmadan güllələnmə, saxlanılan uşaqlardan ölüm vəziyyətinə düşənə qədər qanın alınması, diri-diri torpağa basdırılma, saxlanılanların üstünə bir neçə quduz itin buraxılması, işgəncə metodu kimi əl və ayaq barmaqlarının kəsilməsi, işə yararsız olanlara zəhərli məhlulların məcburi qəbul etdirilməsi adi hala çevrilib.

“Ölüm düşərgəsi”nin ən dəhşətli faktları uşaqlarla bağlı olub. Fəaliyyət göstərdiyi 1941-1944-cü illərdə düşərgədən 12 min uşaq keçib. Onlardan 7 mini həlak olub. Təkcə 1942-1943-cü illərdə düşərgədə saxlanılan uşaqlardan Vermaxt əsgər və zabitləri üçün 3500 litr qan alınıb.

Uşaqlardan təkcə qan alınmaq üçün istifadə edilməyib. Onların üzərində tibbi-bioloji sınaqlar da aparılıb.

Salaspilsdə ölən 7 min uşaqdan yalnız 623 nəfəri düşərgənin arxa hissəsində torpağa basdırılıb, qalanları isə yandırılıb. Düşərgədə uşaqlara anaları ilə görüşmək qəti şəkildə qadağan edilib. Bu qadağaya etiraz edənləri isə daha ağır cəza gözləyib. Belə ki, analarının gözü qarşısında uşaqlara ölümcül hala düşənə qədər işgəncələr verilib.

7 yaşında bu düşərgəyə düşən və düşərgədən sağ çıxmağa müvəffəq olan Anya Bordyukova sonralar həmin dəhşətli səhnələri belə xatırlayıb:

“Biz ailədə 5 uşaq idik. Anamızla birgə bizim hamımızı düşərgəyə gətirdilər. Yük maşınından düşən kimi bizi anamızdan ayırdılar və uşaqlar üçün nəzərdə tutulmuş üstü açıq baraka apardılar. Balaca bacımın 4 yaşı var idi. O, məndən çörək istəyirdi. Mən isə ona yeməyə heç nə verə bilmirdim. Bir neçə gündən sonra beşimizi də düşərgənin ərazisində yerləşən və xəstəxana adlandırılan yerə apardılar. Otaqda stolun üstündə müxtəlif tibbi alətlər var idi. Mən nələrin baş verəcəyini anlamırdım. Hündürboylu, ağ xalatlı alman həkim əvvəlcə məndən bir yaş böyük olan qardaşımı yanına çağırdı. Əvvəlcə qollarına baxdı, sonra köhnə kətilin üstündə uzanmağı əmr etdi. Qardaşım müqavimət göstərmək istəyəndə onu kətilə bağladılar. Həkim iynəni onun damarına yeritdi, yarım litrlik şüşə qab qanla dolduqdan sonra iynəni çıxartdı. Sonra bu ağ xalatlı cəllad balaca bacımı çağırdı. O, ağlamağa başlayanda həkim onun qolundan dartıb, kətilə uzatdı və çox soyuq səslə dedi: “Ağlamaq lazım deyil. Siz onsuz da öləcəksiniz. Heç olmasa, ölənə qədər yaralı əsgərlərimizə bir xeyriniz dəysin”. Beləliklə, hamımızdan qan aldılar. Qardaşım və iki bacım düşərgədə öldülər...”

ALMANLAR SON.jpg (92 KB)

“İslah əmək düşərgəsi” adı altında təqdim olunan düşərgədə almanlar işgəncə hallarını, dözülməz şəraiti, ölüm faktlarını gizlətmək üçün düşərgəyə kənar şəxslərin giriş-çıxışına ciddi məhdudiyyət qoyublar. Hətta bəzi yüksəkçinli almanlar da düşərgənin ərazisinə buraxılmayıb. Yalnız Almaniya daxili və xarici təhlükəsizlik baş idarəsinin rəhbərliyinin xüsusi buraxılışı ilə düşərgəyə girmək mümkün olub.

Düşərgədə saxlanılanların ərzaq təminatı gün ərzində 80 qram çörəkdən və tərəvəz tullantılarından hazırlanmış şorbadan ibarət olub. Sanitar-gigiyenik vəziyyətin sıfır dərəcəsində olması isə il ərzində infeksion xəstəliklərin yayılmasına səbəb olub ki, bu da kütləvi ölüm halları ilə nəticələnib. Saxlanılanlara ayda iki dəfə soyuq su ilə çimməyə icazə verilib.

Qorxu içində yaşayan düşərgə sakinləri nəzarətçilərdən daha çox ağ xalatlı həkimlərdən qorxublar. Onların tez-tez düşərgəyə “təşrif” buyurması qan almaq məqsədi daşıyıb. Buna görə də düşərgə çox vaxt “qan bankı” adlandırılıb.

ALMANLAR YENİ.jpg (136 KB)

1944-cü ildə sovet qoşunları Latviyanı faşist işğalından azad edəndə, son məqamda düşərgənin komendantı Rixard Nikels düşərgədəki bütün barakların, yardımçı otaqların və inzibati binanın yandırılması əmrini verib. O, bu əmri ilə alman faşizminin törətdiyi cinayət və vəhşiliklərin izini itirmək məqsədini güdüb.

4 ilə yaxın bir müddətdə “Ölüm düşərgəsi”ndə 100 mindən artıq insan həlak olub. 1967-ci ildə düşərgənin ərazisində Avropada ən böyük xatirə komplekslərindən biri sayılan memorial kompleks abidəsi yaradılıb.

ABİDELER.jpg (84 KB)

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR