İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqazın ən böyük metallurgiya şirkətini belə “əridiblər”

Hüquqşünas “Baku Steel Company” ilə bağlı yeni məhkəmə işindən danışdı 

Qafqazın ən böyük metallurgiya şirkəti sayılan “Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mühasibi işləmiş Xəqani Məmmədovun məhkəməsi başlayıb. O, 2 milyondan çox dələduzluqda, yarım milyondan çox vergidən yayınmaqda ittiham olunur.

 Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Xəqani Məmmədovun məhkəməsi keçirilib. Məhkəmədə prokuror ittiham aktını elan edib.

İttihama əsasən, “Baku Steel Company”yə satılan metal tullantıları hesabına əldə olunan Əlavə Dəyər Vergisi (ƏDV) dələduzluqla ələ keçirilib. Belə ki, şirkətə rəhbərlik edən şəxslər qərar verib ki, fiziki şəxslərdən metal qırıntılar alınmasın, ancaq hüquqi şəxslərdən (şirkətlərdən) alınsın.

Bu qərar da uzun müddət şirkətdə işləyən, metal qəbulu şöbəsinin rəis müavini İmani Bayramova və metal satan iş adamlarına sərf eləməyib.

Həm orada, həm də başqa şirkətlərdə mühasib işləmiş Xəqani Seyfullayevin qohumunun adına rəsmiləşdirilən, amma özünün rəhbərlik etdiyi “Scarab Construction” adlı şirkət yaratdığı, bu şirkət vasitəsilə müxtəlif adamların metallarını “Baku Steel Company”ə satdığı və nəticədə 2 milyon 273 min manat ƏDV məbləğinin büdcəyə köçürülmədən dələduzluq yolu ilə ələ keçirildiyi, həmçinin 518 min manat vergi borcunun ödənilmədiyi də ittiham aktında qeyd olunub.

İttihama görə, bu cinayət qrup şəklində törədilib. Altı nəfər təqsirləndirilən şəxsin vurduğu ziyan üzrə ümumilikdə hər birinin üzərinə düşən pay 481 min 892 manat olub. Təqsirləndirilən şəxslərin hər biri bir neçə ay həbsdə olub, sonradan ev dustaqlığına buraxılıblar.

İstintaq dövründə İmani Bayramov, Rəsul Hüseynov, Mirzaur Məmmədov və Teymuraz Məmmədov üzərlərinə düşən 481 min manatdan artıq ziyanı və məsuliyyətdən azad olunmaları üçün hərəsi 200 min manata yaxın olmaqla nəzərdə tutulan vəsaiti dövlət büdcəsinə ödəyiblər. Bu əsasla onlar barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Ziyanın bir hissəsini ödədiyi üçün həbsdən azad edilən Samir Məmmədov ev dustaqlığında olduğu müddətdə vəfat edib. Bu səbəbdən onun da cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Qalıb yalnız Xəqani Seyfullayev. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

Dövlət Vergi Xidməti bu cinayət işi üzrə məhkəmədə zərərçəkmiş qismində tanınıb.

Dekabrın 10-da məhkəmədə ittihama münasibət bildirən Xəqani Seyfullayev özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, bacısının həyat yoldaşının adına şirkət olub, onunla birlikdə işləyiblər.

İxtisasca iqtisadçı olduğunu deyən Xəqani Seyfullayevin sözlərinə görə, görülən işlərin hamısı rəsmi olub. O qeyd edib ki, dəmir tullantıları mərhum Samir Məmmədovdan müqavilə əsasında alınıb. Alınan malın üstünə az məbləğdə pul qoyub, “Baku Steel Company”ə satıblar.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları yanvarın 14-də davam edəcək.

“Baku Steel Company”nin keçmiş rəhbəri, uzun illər bu şirkətə rəhbərlik edən Rasim Məmmədov 185 milyon manatlıq mənimsəmə, dələduzluq və başqa ittihamlarla 2021-ci il yanvarın 28-dən həbsdədir. O, 13 il 9 ay azadlıqdan məhrum edilib. Bu yeni cinayət işində bəhs olunan hadisələr isə Rasim Məmmədovun həbsindən 5 ay sonra başlayıb. Hazırda “Baku Steel Company”nin baş direktoru Kamal İbrahimovdur. 

NAXÇIVANDA YENİ HƏBSLƏRİN ANONSU - Yeni nazir əvəzi… | No Comment

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, iş üzrə məhkəmənin yekun hökmünü gözləmək vacibdir: “Ümumilikdə isə Azərbaycanda vergidən yayınmaq üçün bəzi iş adamlarının, sahibkarların atdıqları addımlar və görülən tədbirlər göz qabağındadır. Vergidən yayınmaq üçün müxtəlif üsullara əl atılması bu günün problemi deyil. Məsələn,  sadələşdirilmiş vergi kiçik sahibkarlar üçün nəzərdə tutulur, bunun da məntiqi odur ki, dövlət kiçik sahibkarların dəstəklənməsində maraqlıdır. Amma bəzi iri sahibkarlar da vergidən yayınmaq üçün bu üsuldan istifadə edirdilər. Bu sahədə müşahidə olunan əsas mənfi hallardan biri odur ki, kiçik biznes nümayəndəsi olmayan, yəni həqiqi dövriyyələri ildə 200 min manatı aşan şəxslər də dövriyyələrin azaldılması, öz bizneslərini bir neçə ada qeydiyyat yolu ilə sadələşdirilmiş vergi ödəyicisi olurlar. Belə hallardan ən çox əziyyət çəkənlər isə kiçik sahibkarlar olur. Orta və böyük bizneslərdən fərqli olaraq, onların gəlirləri azdır. Çünki  öz xammalını böyük həcmdə ala bilmir, deməli, daha yüksək qiymətə alır, onun hər məhsula çəkdiyi xərc də daha yüksəkdir. Dövlət kiçik sahibkarları dəstəkləmək istəyir, amma bundan da yararlanan böyük sahibkarlar olur”. 

Natiq Ələsgərov deyib ki, ölkədə əlavə dəyər vergisindən (ƏDV) yayınmaq üçün bir neçə şirkət yaradan işbazlar da var: “Bir neçə şirkəti adətən başqalarının adına yaradırlar. Bunun üçün işbazlar vətəndaşların etibarından istifadə edərək onlardan aldıqları etibarnamə əsasında "ASAN İmza" əldə edirlər. Belə hallar aşkar edildikdə həmin hüquqi şəxsə müvəqqəti rəhbər təyin olunmuş şəxslərin ölkədən çıxışına qadağa qoyulur. Əgər külli miqdarda vergidən yayınma varsa, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanır".

E.MƏMMƏDƏLİYEV, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR