İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafar Çaxmaqlı: “Rusiya Qarabağda gərginlik istəmir”

“30 ilə yaxın Qarabağın və ətraf rayonlarımızın işğalı dövründə Ermənistan burada olan yeraltı sərvətlərimizi talayıb və hətta başqa ölkələrin şirkətlərini faydalı qazıntı yataqlarımızın istismarına cəlb edərək iqtisadi terror törədib”.

Bu fikirləri Musavat.com-a açıqlamasında ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı deyib. 

Laçın-Xankəndi magistralında iki gündür davam edən aksiya ilə bağlı danışan ekspert bildirib ki, Rusiya sülhməramlılarının bölgəyə daxil olmasından sonra bu iqtisadi cinayətlər davam etdirilir, ekologiyamıza və ətraf mühitə zərər vurulur: “Azərbaycan bu məsələlərə biganə qala bilməzdi, bu yerlərdə dövlət orqanlarımızın monitorinq etmək cəhdlərinə Rusiya sülməramlı kontingentinin mane olması o deməkdir ki, həmin cinayətlərdə onlar da ermənilərin ortaqlarıdır. Məlumdur ki, Ağdərədəki mədənlərdə Rusiya şirkətlərinin ortaqlığı var və bu faktların monitorinq nəticəsində ortaya çıxacağından Rusiya rəhbərliyi də narahatdır. Həmin səbəbdən Laçın yolunda Volkov və ya başqa bir rəsmi Azərbaycan ictimaiyyət nümayəndələrinin qarşısına çıxmır, Putinlə telefon danışıqlarında isə ümumi məsələlərdən danışılır. Əldə edilən razılaşmaların kimin tərəfindən pozulduğu gerçəyinin də ortaya çıxması Rusiyanı narahat edir. Ortaya çıxan məsələlərdən biri də Ermənistanın öhdəlikləri yerinə yetirməməsi faktıdır, hələ də erməni silahlı birləşmələri ərazilərimizdə qalır və Rusiya onların çıxarılması üçün heç nə etmir”.

Qafar Çaxmaqlı qeyd edib ki, Azərbaycanın öz suveren ərazilərində istədiyi hərəkəti etmək haqqının olduğu hər kəsə bəllidir: “Ermənistan manipulyativ hərəkətlərdən imtina etmir və Qərbdə Azərbaycanın ərazi bütövlüyünə qarşı siyasətini davam etdirir. Üstəlik, Rusiya sülhməramlı qüvvələrinin başqa bir beynəlxalq qüvvə ilə əvəz olunmasına çalışır. Kreml bunu bildiyindən erməni yönlü hərəkətlər edir. Volkovun xalqın qarşısına çıxıb açıqlama verməsi yerinə erməni mətbuatında aksiyaçıları dağıdacağı barədə yayılan informasiyanın özü düşündürücüdür. Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirməkdə acizdir. Bu da o qənaəti yaradır ki, onların burada olma məsələsi gündəmə gəlməlidir. Əsas söz sahibi biz olmalıyıq, çünki bu qüvvələr Ermənistanda deyil, Azərbaycan torpaqlarındadır və hər hansı hərəkət etmək üçün onlardan icazə almalı deyilik”.

Professor onu da bildirib ki, Rusiya Qarabağda gərginlik olmasını istəmir, amma Ermənistan bu məsələnin dünyanın gündəminə oturdulması üçün diplomatik səylərini artırıb: “Laçın yolunun bağlanması kimi yanlış informasiyalar dünya mətbuatında dolaşır, Azərbaycanın guya buradakı erməni əhalini çıxarmaq üçün bu yola baş vurduğunu yaymaqdadırlar”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR