İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınlarla barışıq banka 215 milyon dollara başa gəldi

Dünyanın ən böyük investisiya banklarından olan ABŞ-ın “Goldman Sachs” bankı ona qarşı məhkəmə iddiası qaldırmış qadınlara 215 milyon dollar həcmində təzminat ödəməyə razılaşıb.

“Goldman Sachs” həm də dünyanın ən böyük səhm birjası olan Nyu-York Fond Birjasının aparıcı qurumlarından biridir.

Novtor.az saytı ABŞ-ın “Nyu-York Tayms” qəzetinə istinadla xəbər verir ki, 2010-cu ildə “Goldman Sachs”ın üç keçmiş xanım əməkdaşı banka qarşı məhkəmədə iddia qaldırıb. Sonrakı illərdə 2800 nəfərə yaxın qadın eyni məzmunlu iddia ilə bankı məhkəməyə verib. Onların bir qismi bankın işçisi, bəzisi isə keçmiş işçiləridir. Beləliklə, xanımların “Goldman Sachs” əleyhinə iddiası kütləvi xarakter alıb.

İddia ərizələrində bank qadın işçilərə qarşı ayrı-seçkiliyə yol verməkdə, onların karyerasına mane olmaqda, əsasən kişiləri irəli çəkməkdə, kişilərlə müqayisədə xanımlar üçün daha az maaş müəyyənləşdirməkdə günahlandırılıb.

Nəhayət, 2023-cü ilin may ayında bank illərdir davam edən məhkəmə çəkişmələrini barışıqla yekunlaşdırmaq, iddiaçılarla razılaşıb onlara təzminat ödəmək qərarına gəlib.

“Nyu-York Tayms” xəbər verir ki, təzminat məbləği iddaçılar arasında bölüşdürüləcək: “Tutulacaq məhkəmə rüsumlarını çıxanda hər iddiaçı xanıma 47 min dollar düşəcək. Bundan başqa bank gender siyasətində dəyişiklik etmək öhdəliyi də götürüb”.

Qəzet qeyd edir ki, bir xanım iddiaçıya düşən təzminat məbləği gözləndiyindən az olsa da, dünyanın ən böyük səhm birjasında təmsil olunan nəhəng investisiya bankının qadınların ayrı-seçkiliklə bağlı tənqidlərini qəbul etməsi mühüm hadisədir.

İlk iddiaçılardan olan Şanna Orliç də “Nyu-York Tayms”a açıqlamasında bankın barışıq təklifindən məmnunluğunu gizlətməyib, 13 ilə yaxın tərəddüd etmədən üzərində durduğu iddiadan qürur duyduğunu vurğulayıb, təklifin ümumən bank sektorunda gender bərabərliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacağına inandığını söyləyib.

“Nyu-York Tayms” xatırladır ki, “Goldman Sachs” bankı Nyu-York Fond Birjasının təmsilçiləri arasında gender bərabərliyi probleminə görə məhkəməyə verilən və milyonlarla dollar həcmində təzminat ödəmək məcburiyyəti qarşısında qalan yeganə qurum deyil: “1998-ci ildə üzləşdiyi məhkəmə iddiasına görə “Smith Barney” maliyyə xidmətləri şirkəti 150 milyon dollar təzminat ödəməli olmuşdu. Məhkəmə şirkətin məsul şəxslərini qadınlar haqqında aşağılaycı ifadələr işlətməkdə, kişilərlə müqayisədə qadınlara daha az maaş verməkdə, şirkət daxilində xanımlara münasibətdə qərəzli mühit formalaşdırmaqda təqsirli bilmişdi”.

2018-cu ildən “Goldman Sachs”a bankir Devid Solomon rəhbərlik edir. “Nyu-York Tayms” Devid Solomonun rəhbərliyi dövründə bankın gender bərabərliyinin təmin olunması məsələsinə diqqəti artırdığını yazır: “Hazırda bu bank sistemində direktor vəzifəsində çalışan şəxslərin 29 faizi qadındır. Bu, “Goldman Sachs”ın tarixində ən yüksək göstəricidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR