Onlayn ictimai-siyasi qəzet
Adamı 14 ildir təqib edirlər, Ekvador səfirliyində ev dustağı kimi yaşadığı illəri də nəzərə alsaq, 12 ildir ki, bir binaya qapanıb qalıb, hələ məhkəməsi olsa və məhkum edilsə, 175 il də yatacaq.
Söhbət söz və mətbuat azadlığını öz prioriteti elan edən, bu sahədə qüsurlara görə digər dövlətlərin başını yaran ABŞ və Avropada öz işini gördüyü üçün həbs altında yaşayan Culian Assanjdan gedir.
Bu günlərdə London Ali Məhkəməsində WikiLeaks portalının qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı dinləmələr gedir.
Hakimlər dünya şöhrətli jurnalistin əlavə apellyasiya şikayəti vermək hüququna malik olmadığını müəyyən edərsə, o, yaxın vaxtlarda ABŞ-a göndəriləcək. Orada isə ona ən azı üçrəqəmli həbs cəzası kəsiləcək.
Çünki Culian Assanj öz portalında ABŞ dövlətinin rəsmi şəxslərinin yazışmalarını yayıb. Bu yazışmalarda amerikalıların başqa dövlətlərə qarşı necə bir məkrli siyasət yeritdikləri, onların dalınca nə danışdıqları, rəqib-müttəfiq demədən hansı planlar qurduqları əks olunub.
Düzdür, Assanjın fəaliyyətindən bütün ölkələr öz nəsiblərini alıblar, onların da liderlərinin məxfi danışıq və yazışmaları faş olub, naqolay durumda qalanlar çox olub, ancaq başqa dövlətlər Assanja qarşı o qədər də qəzəbli deyillər. ABŞ isə, necə deyərlər, onun kəlləsini istəyir. Ona görə ki, WikiLeaks-in dünyaya yaydığı məxfi yazışma və sənədlər bu dövlətin reputasiyasını geridönməz şəkildə zədələyib, onun hamıya yuxarıdan aşağı baxdığını, əksər dövlətlərlə yalandan səmimi müttəfiqlik əlaqələri saxladığını, əslində isə hər zaman öz mənafeyini güddüyünü ortaya qoyub.
O sənədlərin faş olmasından sonra bütün dünyada ABŞ-a münasibət bir xeyli dəyişib, indi o biri dövlətlər dünya hegemonu ilə müəyyən məsafə saxlayır, onun təşəbbüslərinə qoşularkən tərəddüd edir, dominantlığını sözsüz qəbul etmirlər.
Ona görə də ABŞ onu problem yaratmış Assanjı ağır şəkildə cəzalandırmaq istəyr ki, başqalarına da dərs olsun, hamı anlasın ki, ABŞ-a əl və dil uzatmağın bədəli ağır olur.
Assanjı ilk olaraq İsveç həbs etmişdi, 2010-cu ildə onu cinsi xarakterli cinayət törətməkdə ittiham edirdilər. Guya jurnalist intim planda könüllü partnyor tapmağın problem olmadığı ölkədə hansısa qadını zorlayıbmış. İttihamən qurama və sifariş olduğu gendən çağırırdı. Sifariş ABŞ-dan gəlmişdi. Elə Assanj da qorxurdu ki, Stokholm sonda onu Vaşinqtona təhvil verəcək.
Assanjın üzünə duran qadın onun digər qadınla paralel münasibət qurduğunu iddia edirdi və bildirirdi ki, jurnalist onunla cinsi əlaqədə olarkən qorunmayıb. Assanj bu ittihamı rədd edərək, Stokholm qəzetlərindən birinə məktub yazıb və bu ittihamların açıq-aşkar ortaya çıxmasının WikiLeaks-dəki nəşrlərlə əlaqəli olduğunu bildirib.
Ertəsi gün İsveç səlahiyyətliləri ona qarşı zorlama ittihamlarını ləğv ediblər.
2010-cu ilin sentyabr ayının 1-də isə İsveç səlahiyyətliləri ona qarşı zorlama işini yenidən açıblar. Prokuror Marian Ni deyib: “Hər şeyə rəğmən cinayətin törədildiyinə inanmaq üçün əsas var”. 18 noyabr 2010-cu ildə İsveç məhkəməsi Wikileaks-in qurucusunun həbsinə order verib. Ertəsi gün Assanjın isveçli vəkili bu məhkəmə qərarından şikayət edib. Assanjı buraxıblar və o, Londana gedib. 27 sentyabr 2012-ci ildə Culian Assanjı dövlətin düşməni elan edən ABŞ orada da onu rahat buraxmayıb. Assanj Ekvador səfirliyinə sığınıb, ona siyasi sığınacaq veriblər.
Əvvəlcə polisin Assanjı həbs etmək üçün səfirliyə basqın etmək niyyətində olduğu bildirilib, lakin Britaniyanın xarici işlər naziri Uilyam Heyq daha sonra səfirliyə basqın olmayacağını söyləyib. 2019-cu ilə qədər Assanj Ekvador səfirliyində yaşayıb.
2016-cı il yanvarın 22-də BMT-nin işçi komissiyası Britaniya və İsveç hökumətlərinə sənəd göndərib və orada Assanjın təhlükəsizliyini təmin etmək, ona sərbəst hərəkət etmək hüququ vermək üçün vəziyyətin qiymətləndirilməsini istəyib.
Nəhayət, 11 aprel 2019-cu ildə Ekvador prezidenti Lenin Moreno videomüraciət edərək Assanjı ölkəsinin Britaniyadakı səfirliyində sığınacaqdan məhrum etdiyini bildirib. Ekvador xarici işlər naziri bəyan edib ki, Assancın Ekvador vətəndaşlığı da ləğv edilir. Bütün bunlar ABŞ və Britaniyanın Ekvadora təzyiqləri nəticəsində olub.
2019-cu ildən bəri Assanj Britaniya ədliyyəsinin əlindədir. ABŞ-ın Avropadakı və dünyadakı 1 nömrəli müttəfiqi olan Britaniyanın hakim və prokurorları 5-ci ildir ki, bu işi yavaş-yavaş, bişirə-bişirə hala gətirirlər və qətiyyən tələsmirlər. Assanj zatən türmədə, göz altındadır, zərərsizləşdirilib, peşə fəaliyyətini davam etdirə bilmir.
ABŞ səlahiyyətliləri onu məxfi məlumatların açıqlanması da daxil olmaqla 18 cinayət qanununun pozulmasında və “Casusluq aktı” ilə ittiham edir.
Maraqlıdır, Assanjı necə casusluqda ittiham etmək olar ki, o, məxfi məlumatları əldə edərək hansısa dövlətə, transmilli holdinqə ötürməyib, dünya ictimaiyyətinin nəzərinə çatdırıb, bəşəriyyətə xidmət edib.
Məgər onun ABŞ qarşısında hansısa bir dövlət sirrini yaymayacağına dair öhdəliyi, andı, iltizamı olub ki, əlinə düşən informasiyaları yaymaqdan çəkinsin? Həmin informasiyaları əldə etməyin üsullarına gəlincə, jurnalistlərin qarşısında elə bir qoruq-qaytaq yoxdur, onun işi informasiya əldə etməkdir. Bu, dövlətin vəzifəsi və borcudur ki, öz sirlərini qorusun və onun məmurları daxili yazışmalarda daha korrekt, daha təmkinli və daha mədəni olsunlar. Sabah bizim əlimizə Avstraliyanın hansısa cinayətini ifşa edən sənəd düşsə, biz onu yaymamalıyıq ki Kanberradan gəlib bizi həbs edərlər? Absurd.
Əslində WikiLeaks portaında onun casus qalmaqalları, korrupsiya maxinasiyaları, müharibə cinayətləri, müxtəlif ölkələrin hakimiyyətlərinin ən yüksək eşelonlarının cinayətləri barədə dərc olunan məxfi materiallar beynəlxalq məhkəmələrin açacağı cinayət işlərinin predmeti olmalıydı. Assanj öz fəaliyyəti ilə beynəlxalq məhkəmələrə ciddi və analoqsuz materiallar verib. Buna görə ona təşəkkür edilməliykən, özlərini “demokratiyanın beşiyi”, “insan haqlarının keşikçisi”, “dünyada haqq-ədalətin qoruqçusu”, “söz və mətbuat azadlığının gözətçisi” elan edən ölkələr adamı həbs edib cəzalandırılar.
Başqa dövlətlərin rəhbərlərinin korrupsiya maxinasiyalarını araşdırıb hesabat hazırlamağa gəlincə, bunu dünyada ən effektiv və yayğın şəkildə edən məhz ABŞ-dır. Bu dövlətdə hər kəsə qarşı ifşaedici materiallar var və ABŞ lazım gəldikdə həmin materialların altına sərəncamında olan agent-jurnalistlərin birinin imzasını qoyaraq, inhisarında olan media qurumlarında bütün dünyaya yaydırır. Bu, legitimdir, Assanjın etdiyi qanunsuzdur?
Başqa vaxt hansısa ölkədə bir aksiyada jurnalistin köynəyi cırılanda bəyanatı bəyanata calayan “Amnesty International” kimi təşkilatlar Culian Assanjın işində susqundurlar. Adı çəkilən qurum 17 may 2019-cu ildə belə bir açıqlama verib: “Culian Assanjın işi yaxından izlədiyimiz, lakin üzərində fəal işləmədiyimiz bir işdir. Amnesty International Culian Assanjı vicdan məhbusu hesab etmir”.
Niyə? Ona görə ki, ABŞ belə tələb edir.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ