İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qaçqınkom”un Röyanı çəkdiyi “qayıdış” çarxına etiraz - VİDEO

Aqil Abbas: “Onları sevə-sevə yox, döyə-döyə Qarabağa qaytarmaq lazımdır”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Böyük Qayıdış”la bağlı xalq artisti Röya Ayxanı çəkdiyi reklam çarxı narazılıq doğurub. Kult.az xəbər verir ki, Röya “Qarabağımıza Böyük Qayıdış başlayıb. Bu prosesi tək mən yox, bütün azərbaycanlılar izləyir. Biz evimizə qayıdırıq. Sevərək evlərinizə dönün” və s. kimi sözlər deyib.

Sayt bu barədə yazır: “On illərlə qayıdış həsrətilə yaşayanların torpaqlarımız işğaldan azad olunduqdan sonra yurdlarına köçmək istəyinə Röya Ayxanın niyə və hansı məntiqlə “təkan” vermək istəyi, bunu öz sözləri ilə “stimullaşdırması” başadüşülən deyil. Əvvəla, heç olmasa, “bu prosesi tək mən yox...” əvəzinə “mən də izləyirəm”, “sevə-sevə seyr edirəm” kimi ifadələrdən istifadə etmək bu lazımsız çarxa bir azacıq məntiq qata bilərdi. İkincisi, “Sevərək evinizə dönün” çağırışı nə deməkdir? Kim sevərək dönmür ki? Yaxud Qayıdışı stimullaşdırmaq istəyirlərsə, niyə füsunkar təbiət, quruculuq işlərinin miqyası, arxiv materiallarından istifadə ilə yurd yerlərimizi tərk etməyin dəhşətli ağrısını xatırlatmaq və yaxud tanınmışların qayıdışda ön sırada olduqlarını “subliminal mesaj”la çatdırmaq əvəzinə cəmiyyətdə birmənalı qarşılanmayan və təbliğatdan daha çox, əks-təbliğat funksiyası yerinə yetirən bu bayağı, şüarçı “çarx” hansı “piar menecerin” ideyasının məhsulu kimi sırınır?..”

Xalq artisti Röya Ayxanın mətbuat katibi Elvin Elxan isə səslənən narazı fikirlərə bu cür rəy verib:

elvin_elxan_200821_1.jpg (25 KB)

“Azərbaycanda 10 milyon əhali var. Kiminsə fikri başqasına xoş gəlməyə bilər. Tənqidlərə hər zaman açığıq. Kimə görə Röya Ayxanın fikri haqlıdır,  kimə görəsə haqsız. Amma fikrimcə, bu,  şişirdiləcək bir məsələ deyil. Röya Ayxan komitə ilə birgə sevə-sevə bu çarxa çəkilib. Röya Ayxan əslən ağdamlıdır. Onun atası Ağdamda anadan olub. Röya Ayxan Ağdamda doğulmasa da, amma öz torpağına bağlı insandır və bunu nəzərə alaraq bir çağırış edib”.

Millət vəkili Aqil Abbas isə məsələyə bu cür rəy bildirib:

W1siZiIsIjIwMjMvMDYvMTYvMTUvMjMv.jpg (38 KB)

“Sözün doğrusu bu məsələ ilə bağlı rəhbərlik etdiyim qəzetdə də yazı dərc olunub. Mən onu deyə bilərəm ki, Röya Ayxan tanınmış  adamdır. Adətən, də belə məsələlərdə tanımış adamlara müraciət edirlər. Amma hesab edirəm ki, Ağdamın bir çox tanınmış ziyalıları, alimləri var ki, onlara müraciət edə bilərdilər. İnsanlar Röyanı müğənni kimi tanıyır və onu çağırışçı kimi qəbul etmirlər. İndi deyib, deyib də. Buna görə komitəni də “güllələmək” lazım deyil.  O ki qaldı Röyanın “sevə-sevə torpaqlarınıza qayıdın” çağırışına, hamımız bilirik ki, öz torpaqlarına qayıtmaq istəməyən bir qisim adamlar da var. Çünki onlar Bakıda özlərinə artıq şərait yaradıblar işləri var, övladları da Bakıda təhsil alır, işləyir və sairə. Mənim fikrimcə, kim qayıtmaq istəmirsə, onları döyə-döyə Qarabağa aparmaq lazımdır”.

Məsələ ilə bağlı  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mövqeyini öyrənməyə çalışdıq. Komitənin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev sorğumuza bu cür cavab verdi:

“Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində müxtəlif istiqamətlərdə videçarxlar çəkirik. O çarxlardan biri də Röya Ayxanla çəkilib. Röya Ayxan da fikirlərində pis bir söz deməyib, insanları Böyük Qayıdışa səsləyib”.

Xalidə Gəray,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR