İnsanlara hürriyət, millətlərə istiqlal!

Qabil Hüseynli Rizvan Vahabova cavab verdi

Növbəti dəfə Prezidentə müraciət olundu; “Bu adamla danışıqlar yolu ilə kompromisə gəlmək mümkün deyil...”

Ötən sayımızda sabiq dövlət müşaviri Qabil Hüseynlinin Bakının Badamdar qəsəbəsindəki 6 sot torpaq sahənin zəbt olunmasını haqda yazmışdıq. Qabil Hüseynli 1994-cü ildə mərhum prezident Heydər Əliyevin göstərişi ilə ona ayrılan 6 sot torpaq sahəsinin Dövlət Yanacaq Komitəsinin keçmiş sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sabiq rəisi, YAP-ın Səbayel rayon təşkilatının idarə heyətinin eks üzvü Rizvan Vahabov tərəfindən zəbt olunduğunu bildirmişdi.

“Sabiq dövlət müşaviri Prezidentə müraciət etdi” sərlöhvəli yazı dərc olunandan sonra Rizvan Vahabov Qabil Hüseynlinin iddialarının doğru olmadığını bildirib. Qabil Hüseynlinin ünvanına ittihamlar səsləndirib.

Redaksiyamızla əlaqə saxlayan Qabil Hüseynli Rizvan Vahabovun məsələnin mahiyyətindən yayınmaq üçün barəsində hədyanlar səsləndirdiyini bildirib: “Mənə mərhum prezident Heydər Əliyevin göstərişi ilə 1994-cü ildə Badamdar ərazisində verilmiş 6 sot torpaq sahəsi 2003-cü ildə müxtəlif saxta sənədlərlə əlimdən alınıb. Həmin saxta sənədlər əsasında torpağım Məmmədov Tahir Yusif oğlunun adına keçirilib. Torpağın sahibi mənəm və redaksiyanıza da torpağın sənədlərini də təqdim etmişəm. Redaksiyanıza müraciətimdə Rizvan Vahabovun adını çəkməyim təsadüfi deyil. Torpağımın əlimdən alınmasına o himayədarlıq edib və torpağın müxtəlif sənədlərlə əlimdən alınmasına yardım edib. İndi də Rizvan Vahabov məsələnin mahiyyətindən yayınmaqla mənim guya yalan danışdığımı iddia edir. Mənim möhtərəm prezidentə müraciətimin əsası da odur ki, mərhum prezident Heydər Əliyevin göstərişi ilə mənə ayrılan torpağı saxta sənədlərlə, qanunsuzluqla əlimdən alıblar. Torpağım zəbt olunandan sonra mənə dedilər ki, Məmmədov Tahir Yusif oğlu Rizvan Vahabovun qohumudur. İndi də Rizvan Vahabov yaxasını kənara çəkir. Halbuki həmin torpaq sahəsini mənə ayırarkən eyni sərəncamla xalq şairi Bəxtiyar Vahabzadəyə, akademik Nizami Süleymanova da elə mənim qonşuluğumda torpaq sahəsi ayrılıb. Mən orada torpağı hasarlamışam, kommunikasiya xətləri çəkmişəm. Mən öz torpağımı, zəbt olunmuş torpağımın mənə qaytarılmasını istəyirəm. Rizvan Vahabov mənə məhkəmə yolunu göstərir. Mən məhkəmə yoluna da baş vuracağam. Amma indi mən Prezidentin ədalətinə sığınaraq ona müraciət etmişəm ki, qoy bu proseslərin araşdırılması onun nəzarəti altında olsun. İstəyirəm ki, saxtakarlıqdan əl çəkib mənim torpağımı qaytarsınlar”.

AKADEMİK VƏTƏNDAŞ - Rizvan Vahabov Cəlal Əliyevdən yazdı - Azinforum.az  İnformasiya Portalı

Rizvan Vahabov

Qabil Hüseynli deyir ki, Rizvan Vahabov açıqlamasında iddia edir ki, guya onun torpağının zəbt edilməsindən xəbəri yoxdur: “Onun bu açıqlamasında səmimiyyət payını onun öz vicdanına buraxıram. Mənim torpağımla onun böyük villası arasındakı məsafə 15 metrdən də azdır. Mən torpaq sahəm Rizvan Vahabov tərəfindən zəbt olunana qədər bir-birimizi tanıyırdıq. Onun nə deməsindən asılı olmayaraq verilən sərəncam, faktlar, Prezident Aparatında ev növbəsindən çıxarılmaqla həmin torpaq mənə ayrılıb, zəbt edilənə qədər də 9 ilə yaxın mənim sərəncamımda olub. İndi ev almağım bir yana qalsın, ev əvəzinə mənə ayrılan torpaq sahəsi müxtəlif təsir dairələrinin köməyi ilə əlimdən alaraq başqa bir adamın adına keçiriblər. Mən mübarizə aparıram ki, haqq-ədalət yerini tapsın. Mənə ayrılan torpaq sahəsi mənə qaytarılsın. İddiamın da əsası budur ki, torpaq sahəmi saxta yollarla bir başqasının adına keçiriblər”.

Qabil Hüseynli Rizvan Vahabovla telefon danışığına da toxunub: “Mən onu haqq-ədalətə çağırmışam. Bu məsələnin çözülməsində obyektiv olmasını istəmişəm. O isə hay-küy salıb qışqır-bağır salmaqla məsələnin mahiyyətindən yayınır. Bu adamla danışıqlar yolu ilə kompromisə gəlmək mümkün deyil. Əlbəttə ki, bütün yolları sınaqdan keçirəcəyik. Ümid edirəm ki, möhtərəm cənab Prezident İlham Əliyevə yolladığım məktuba baxsa, onun göstərişi ilə bu məsələnin ciddi şəkildə araşdırılması aparıla  bilər və haqq öz yerini tutar. İnanıram ki, "Yeni Müsavat"da dərc olunan bu yazının əks-sədası Prezidentə çatacaq və o, ədalətin bərqərar olması üçün göstəriş verəcəkdir".

Qabil Hüseynli Rizvan Vahabovun digər şəxslərin də əmlaklarına münasibətdə oxşar addımlar atdığını söyləyib: “Mənim torpağımın onunla qohumluq əlaqələri olan birinin adına saxta sənədlərlə keçirilməsi, mənim öz torpağıma buraxılmamağım cinayətdir və araşdırılmalıdır. Mən Rizvan Vahabovun bu məsələyə bağlılığını onunla isbat edə bilirəm ki, zəbt olunan torpağıma əvvəllər Əmlak Komitəsində işləmiş bir şəxslə getmişdim. Darvaza açıq olduğundan içəri baxa bildik. Gördük ki, mənim tikdiyim balaca ev, hasar olduğu kimi qalıb. Mənə verilən sərəncamın üstünə sərəncam verilərkən yazıblar ki, guya ərazidə abadlıq işləri aparmamışam deyə, sahə əlimdən alınır. Bu, saxtakarlıqdır. Çünki mən torpağı alandan sonra oranı hasara almışam, balaca da olsa, bir ev tikmişəm. Mənim orada villa tikməyə imkanım olmayıb. Biz Əmlak Komitəsinin işçisi ilə orada olanda Rizvan Vahabov bundan dərhal xəbər tutdu. Həmin Əmlak Komitəsinin nümayəndəsinə zəng elədi, ona dedi ki, niyə ora gəlmisən. Mən orada kanalizasiya çəkmişdim. O da məndən xahiş etmişdi ki, həmin xəttə qoşulsun. Mən də icazə vermişdim. Rizvan Vahabov bu gün yaxasını kənara çəkirsə, qoy çəksin. Fakt odur ki, mənim 6 sot torpağım qeyri-qanuni yollarla əlimdən alınıb. Üstəlik, indi bu məsələnin mahiyyətindən yayınmaq üçün Rizvan Vahabov barəmdə yalanlar danışır. Mən bilirəm ki, bu torpağın əlimdən alınmasında nüfuzlu şəxslər iştirak edib. Bundan sonrakı mübarizəmdə çalışaram ki, yaxasını kənara çəkən Rizvan Vahabovun adını çəkməyim, həqiqətin öz yerini tapması üçün digər vasitələrdən istifadə edim”.

Qabil Hüseynli inanır ki, məsələdə ədalətin bərqərar olması üçün Prezidentin diqqəti kifayətdir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR