İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “şərtləri” Trampı radikallaşdırır: Kreml Rusiyanı çökdürəcək varintda israr edir

Kreml, Ukrayna savaşını törədən ən köklü səbəblərdən biri olan Rusiyanın qonşu ölkələrə qarşı imperialist yanaşma tərzində israrlı mövqe tutmaq niyyətindədir... Ona görə də, yaxın vaxtlarda ABŞ və Rusiya arasında Ukrayna savaşının dayandırılmasına yönəlik prinsipial anlaşmanın ola biləcəyi qətiyyən inandırıcı görünmür.

Ukrayna savaşının dayandırılması istiqamətində cəhdlərin intensivləşdirildiyi müşahidə olunmağa başlayıb. Belə ki, ABŞ və Rusiya arasında məsləhətləşmələr yeni mərhələyə keçməkdədir. Hər halda, son vaxtlara qədər bu iki ölkə arasında təmaslar daha çox məxfi proses xarakteri daşıyırdı. Çünki hər iki tərəfi təmsil edən emissarlar Ukrayna savaşının dayandırılmasına yönəlik şərtləri nəzərdə tutulan ünvanlara – Kremlə və Ağ Evə çatdırmaqla məşğul olurdular. Və bu prosesdə əldə olunan nəticələr birmənalı şəkildə gizli saxlanırdı.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın xüsusi təyyarə ilə ABŞ-a yüksəkrütbəli mənur qrupu göndərməsindən sonra müzakirələrin daha açıq müstəviyə keçməyə başladığı müşahidə edilir. Bəzi məlumatlara görə, Kreml həmin xüsusi təyyarə ilə Tramp administrasiyasına Rusiya prezidenti Vladimir Putinin şərtlərinin yer aldığı məxfi çantanı çatdırmışdı. Və məhz bundan sonra prezident Donald Trampın Rusiyaya yönəlik siyasi ritorikası sərtləşmişdi.

03719ddc26c5633e7bb522337b8c6cc6.jpg (234 KB)

Məsələ ondadır ki, Ağ Evə yaxın mənbələr iddia edirlər ki, Kremldən məxfi çantada göndərilən sülh şərtləri ABŞ-ın yeni prezidenti Donald Trampın xoşuna gəlməyibmiş. Həmin iddialara görə, Ağ Ev sahibi Kremlin sülh şərtlərini Rusiyanın düşdüyü duruma adekvat olmadığı qənaətinə çox yaxındır. Çünki Ağ Evə yerləşdikdən sonra prezident Donald Trampa kəşfiyyat hesabatları təqdim olunub. Müxtəlif sahələri əhatə edən bu hesabatlardasa, Rusiyanın çöküş mərhələsinə artıq çoxdan keçdiyi xüsusi olaraq, qabardılır. Və bu baxımdan, Ağ Ev sahibi Kremlin Ukrayna savaşını dayandırmaq üçün Rusiyanın üzləşdiyi ağır durumla real bağlantısı olmayan maksimalist şərtlər irəli sürdüyünə əmin olub.

Ona görə də, prezident Donald Tramp bir müddət öncə rusiyalı həmkarı Vladimir Putinə ən qısa zamanda sülh sazişinə imza atmağı məsləhət görmüşdü. Əks halda, Rusiyanın tezliklə məhv olacağını açıq mətnlə vurğulamışdı. Eyni zamanda, Ağ Ev sahibi Donald Tramp Kremli Rusiyaya qarşı yeni sanksiyaların tətbiq oluna biləcəyi ilə də təhdid etmişdi. Və bütün bunlar Kremldə prezident Donald Tramp sayəsində Ukrayna savaşından hərbi-siyasi qənimətlərlə çıxa biləcəklərinə ümid bəsləyənlərdə pessimist əhval-ruhiyyə yaratmışdı.

Təbii ki, Kremldə ABŞ prezidenti Donald Trampla dolayısı oyunların oynanmasının təhlükəli olduğunu da anlamamış deyillər. Çünki prezident Vladimir Putinin də dəfələrlə vurğuladığı kimi, Baydən administarsiyasından fərqli olaraq, Ağ Evin yeni sahibi proqnozlaşdırılması olduqca çətin dövlət başçısıdır. Yəni, prezident Donald Tramp hər an gözlənilməz qərar verə və yaxud da radikal addımlar ata biləcəyini artıq dəfələrlə sübuta yetirib. Və bu baxımdan, Kremlin bundan sonra Ağ Evlə müzakirələrdə daha ehtiyatlı, hətta olduqca ciddi güzəştlərə meylli mövqe tutması qaçılmaz xarakter daşıyır.

screenshot_1.jpg (71 KB)

Bəzi məlumatlara görə, Kreml geri çəkilməyə, Ağ Evin müəyyən istəklərinə artıq pozitiv reaksiya verməyə başlayıb. Prezident Donald Trampın ən yaxın adamını daşıyan ABŞ təyyarəsinin Yaxın Şərqdən birbaşa Moskvaya istiqamət almasının da məhz Kremlin güzəştlərə hazır olmasından qaynaqlandığı iddia olunur. Nəticədə, prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada Rusiya lideri Vladimir Putinlə görüşüb. Və həmin görüşün təxminən 3,5 saat davam etdiyi də bildirilir.

Maraqlıdır ki, emissarların qarşılıqlı səfərləri açıq müstəviyə keçsə də, müzakirələrin detalları hələ də məxfi saxlanılır. Xüsusilə də, ABŞ rəsmiləri bu barədə sualları cavablandırmaqdan yayınırlar. ABŞ mətbuatının iddialarına görə, Stiv Uitkoff Moskvaya səfərdən öncə prezident Vladimir Putinin ən yaxın adamları ilə də danışıb.

Bu danışıqlarda Ukrayna savaşının dayandırılması istiqamətində hansı nəticələrin əldə olunduğu hələ məlum olmasa da, Rusiyada nakrkotik ittohamı ilə həbsdə olan amerikalı müəllim Mark Fogeli azad edilməsinə nail olunub. Və bundan məmnun olan prezident Donald Tramp bildirib ki, Mark Fogelin azadlığa buraxılması Ukraynada müharibənin dayandırılması istiqamətində mühüm addım hesab oluna bilər. Və bu iki fərqli məsələ arasındakı necə bir bağlantının ola biləcəyi isə hələ də müəmmalı xarakter daşıyır.

f861fba8da628192f2a22ca209752ffd.jpg (78 KB)

Ancaq bununla belə, bu görüşdən sonra Kremldən Ukrayna savaşının dayandırılması üçün bəzi şərtlər açıqlanıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna savaşını dayandırmaq üçün əvvəlcə onun başlanmasına səbəb olan köklü səbəbləri aradan qaldırmaq lazımdır. Böyük ehtimalla rus nazir bununla Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən öncə istifadə etdiyi bəhanələri gündəmə gətirməyə çalışıb. Yəni, Ukraynanın Avropa Birliyi və NATO-ya üzv olmaması, bu ölkənin ərazisində kənar hərbi bazaların yaradılmaması kimi şərtləri ön plana çıxartmağa cəhd göstərib.

Halbuki, hazırda Ukrayna savaşının dayandırılması qarşısında ən köklü problem Rusiyanın bu ölkənin beynəlxalq hüquqla tanınmış ərazilərinin işğal olunması ilə bağlıdır. Əgər, Kreml Ukraynanın bütün işğal olunmuş ərazilərini geri qaytararsa, iki ölkə arasında sülh sazişinin imzalanması istiqmətində önəmli addım atılmış olar. Rəsmi Kiyev hətta Ukrayna ordusunun nəzarətində olan Rusiya ərazilərini qarşılıqlı mübadilə üçün təklif edib. Və Kreml nədənsə, rəsmi Kiyevin bu önəmli təklifini sükutla qarşılamağa üstünlük verir.

Belə anlaşılır ki, Kreml Ukrayna savaşını törədən ən köklü səbəblərdən biri olan Rusiyanın qonşu ölkələrə qarşı imperialist yanaşma tərzində israrlı mövqe tutmaq niyyətindədir. Bu səbəbdən də, yaxın vaxtlarda Ağ Ev və Kreml arasında Ukrayna savaşının dayandırılmasına yönəlik prinsipial anlaşmanın ola biləcəyi qətiyyən inandırıcı görünmür. Və Tramp administrasiyasının hazırda ağır durumda olan Rusiyanın maksimalist şərtlərini qəbul etmə ehtimalı real təsir bağışlamır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR