İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin müharibədə əsas hədəfi - Ukraynanı tam işğal etmək, yoxsa...

Ölkənin şərqində şiddətli döyüşlər gözlənilir, rus ordusunun canlı itkiləri 20 mini keçsə də, Donbasın tam işğalı prosesini dayandırmır; ekspertlərdən savaşın sonu haqda fərqli baxış

“Ölkənin şərqində şiddətli döyüşlərin olacağı gözlənilir”. “Yeni Müsavat” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib. Onun sözlərinə görə, Rusiya Ukrayna ərazisində şiddətli döyüşlərə hazırlaşır, genişmiqyaslı hərbi əməliyyatlar başlayacaq. “Rusiya Silahlı Qüvvələrinin oradakı şəxsi heyətinin sayı sürətli qələbə üçün kifayət etməyəcək. Qoşunlarımız artıq hərəkətə keçiblər. Çətin döyüşlər olacaq. Ən böyük təhlükə Xarkov, Kramatorsk və Slavyanskdakı dinc əhali üçündür. Xarkov sakinlərinə çox diqqətli olmağı tövsiyə edirəm”, - Arestoviç söyləyib.

Bu arada, Rusiya Müdafiə Nazirliyinin Mariupoldakı “Azovstal” zavodunda mühasirədəkiləri təslim olmağa çağırması təklifi rədd edilib. Bildirilir ki, Kiyev hakimiyyəti mühasirədəkiləri təslim olmamağa çağırıb. Rusiya Müdafiə Nazirliyi radio dinləmələrindən öyrənib ki,  Kiyevdən silahı yerə qoymaq istəyənlərin güllələnməsi əmri verilib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, mühasirədə olanların arasında 400-dək xarici muzdlu döyüşçü var.

Rusiya qoşunları isə hələ də Mariupolu tam ələ keçirə bilmir. Şəhər müdafiəçilərinin müqaviməti bütün əməliyyat bölgələrində rus ordusuna problem yaradır. Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya komandanlığı Mariupolun alınmasının nə qədər vaxt aparacağından narahatdır. Ukraynanın yaxşı əlaqələndirilmiş müqaviməti Rusiya qüvvələrini ciddi sınaqdan keçirdi, ordu və texnikanı yayındırdı, Rusiyanın başqa yerlərdə irəliləyişini ləngitdi”, - məlumatda deyilir. Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə 20 600-ə çatıb. Bu gedişlə müharibənin taleyini nə dəyişə bilər? Rusiyanın bu müharibədə əsas hədəfi nədir - Ukraynanı tam işğal etmək, yoxsa bir neçə şəhəri götürüb, savaşı bitirmək?

Yeri gəlmişkən, Rusiya hərbçiləri artıq Ukraynanın qərbində yerləşən Lvov şəhərinə də 4 raket atıb. Bu barədə Lvov vilayəti hərbi adminstrasiyasının başçısı Maksim Koziktski və Lvov şəhərinin meri Andrey Sadovı bildirib. Qeyd olunub ki, raket zərbələri nəticəsində 6 dinc sakin ölüb, biri uşaq olmaqla, 8 nəfər yaralanıb. Bundan əlavə, Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin qərbində yerləşən Kremennaya şəhərini ələ keçirib. Bu barədə Luqansk vilayətinin rəhbəri Sergey Qayday bildirib. “İşğalçılar Kremennayaya nəzarəti ələ keçirdilər! Döyüşlər davam edir. Şəhərdən evakuasiya artıq mümkün deyil. Severodonetsk, Lisiçansk, Popasna, Horski və Rubijne şəhərlərindən insanlar çıxarılır. Uşaqlarınızın qayğısına qalın!”, o bildirib. Həmçinin Rusiya ordusunun 49-cu zenit raket briqadasının komandiri polkovnik İvan Qrişin Ukraynada öldürülüb. “Rusiya Silahlı Qüvvələrinin tərkibindəki yeni işğalçını qarşılayın: Smolenskdəki 49-cu zenit raket briqadasının komandiri polkovnik İvan Qrişin. ”Təlim"lərdə azmışdı, artıq evinə “qayıdır”, - Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda qeyd olunub.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu müharibənin hazırkı gedişini “Yeni Müsavat”a şərh edərək bildirdi ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başladığı ilk günlərdə prezident Zelenski indikindən daha gərgin idi, işğalı durdurmaq üçün daima danışıqlar təklif edir, Kreml sahibi ilə istənilən yerdə görüşməyə hazır olduğunu vurğulayırdı: “Zelenski ordusunun qəhrəmanlığını, Buça qətliamını və işğalçının itkilərini gördükcə mövqeyini dəyişib. İki aya yaxın davam edən müharibə Zelenskini siyasətçi və prezident olaraq püxtələşdirib, indi o sülhdən çox savaşdan danışır. Zelenski deyib ki, Ukrayna üçün Rusiyanı cilovlamaq və ”özlüyündə dayanmaq" vacibdir, çünki gələcək döyüş bütün müharibənin gedişatına təsir göstərə bilər".

E.Şahinoğlu xatırladır ki, Zelenski lazımdırsa, ölkəsinin işğalçı ilə 10 il də müharibə aparacağını deyib: “Onsuz da Rusiya Ukraynanın iqtisadiyyatını, zavod və fabriklərini dağıdıb, Kiyev gələcəkdə sıfırdan başlamalı olacaq. Zelenski ölkəsinin resurslarını tükəndirən Rusiyanın resurslarının tükənməsi siyasətinə üstünlük verməyə başlayıb”.Ə

Moskva artıq “təhlükə zəngini” çalır - Asif Nərimanlı

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı hadisələrə qlobal yanaşaraq güman edir ki, ABŞ və Rusiya Ukraynada müharibə ilə Çinin dünyanın yeni gücü, ikinci qütbü olmasının qarşısını alır: “Rusiya bu planda - Vaşinqtonun Qərb cəbhəsini birləşdirməsində ABŞ-a böyük ölçüdə ”dəstək" verdi. Hücumun başlandığı günə qədər mövcud olan şərtlər və hücumun başlanması ilə şərtlərin dəyişməsi bu versiyanı gücləndirir. ABŞ-a “kömək edən” Rusiya əvəzində keçmiş SSRİ məkanında təsirinin de-fakto tanınmasını ala bilər".

Təhlilçinin sözlərinə görə, bu, Moskvaya “dünya gücü” kimi qəbul edilmək və Çinin təsir coğrafiyasının qarşısını almaq imkanı verə bilər: “Vaşinqton qədər şansları böyük olmasa da ”Yeni soyuq müharibə" Moskvaya da lazımdır. Baydenin Ukraynadakı müharibə haqda “bu, tiraniyanın azad dünya ilə savaşıdır” sözləri də zəifləyən ideologiyanın yenidən ön plana çıxarılacağından xəbər verir. Rusiya tiraniya, Qərb azad dünya olur, böyük ehtimalla Ukrayna yeni “Berlin divarı” olacaq".

İran Ermənistana daha çox dost və qardaşdır, bizimlə isə sadəcə qonşudur - Ramiyə  Məmmədova

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova iki aya yaxındır davam edən müharibənin indiki mənzərəsini belə təsvir edir: “Rus ordusu Donbasda möhkəmlənir. Bu qədər sanksiyalara baxmayaraq, ”Z" qoşunları dayanmır və Ukraynanın şərqini tamamilə işğal etməyə hazırlaşır. 9 maya qədər şərq ərazilərinin işğalı rəsmiləşə bilər. Rusiya siyasi-hərb rəhbərliyi şimal - qərb ərazilərin tutulmasının mümkün olmadığını bildiyi üçün gücünü şərq zonasında cəmləyib. İnanmıram ki, yenidən qərb istiqamətinə hücuma keçsinlər. Rusiya Ukraynanı parçaladı, bir azdan elan edəcək ki, rus əhalisinin çox olduğu Luqansk və Donetskdə “denasifikasiya işləri uğurla” başa çatıb. Putinin Ukraynanı tamamilə işğal etmək gücü yoxdur və müharibə uzana bilər. Ona görə Qərbdən gələn yardımların toqquşmaların uzadılmasına hesablandığını bildiyi üçün Ukraynanın şərqini zəbt etməklə kifayətlənəcək".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR