İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin İrəvana gəlməməsi üçün bunu etdilər - ŞOK SSENARİ

KTMT-nin Astana zirvəsinə getməyən Ermənistan Avrasiya İqtisadi Birliyinin toplantısına ev sahibliyindən də imtina etdi - səbəb Rusiya lideri haqda Beynəlxalq Cinayət Məhkəməsinin qərarıdırmı? 

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək. Lakin Moskva ümid edir ki, İrəvan gec-tez bu təşkilatla əməkdaşlığını bərpa edəcək. Yerli mətbuatda yayılan məlumatlara görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. 

“Ermənistan iştirak etməyəcək, lakin onun nümayəndələri əvvəlcədən bildiriblər ki, sammitdə müvafiq razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyillər. Biz erməni tərəfdaşlarımızın təşkilatın gələcək işi ilə bağlı öz kurslarını müstəqil müəyyən etmək hüququnu şübhə altına almırıq”, - o qeyd edib. Uşakov həmçinin vurğulayıb ki, İrəvan de-yure KTMT-nin tam hüquqlu üzvü olaraq qalır, eləcə də müvafiq hüquq və öhdəliklərini saxlayır: “Ermənistanın KTMT-nin işinə fiziki qayıdışı üçün qapılar açıqdır. Ümid edirik ki, erməni nümayəndələr gec-tez bu təşkilat çərçivəsində əməkdaşlığını bərpa edəcəklər”.

Bunun ardınca Ermənistanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinin dekabrın 25-də İrəvanda deyil, Sankt-Peterburqda keçirmək qərarı da xeyli suallar doğurub. Putinin köməkçisi bildirib ki, Ermənistanın xahişi ilə Aİİ sammiti Sankt-Peterburqda keçiriləcək, sammitə isə Paşinyan sədrlik edəcək. İrəvan bu addımını izah etməyib. İlk ehtimal budur ki, Putinin İrəvana gəlməməsi üçün ediblər. Çünki Roma Statununa qoşulan Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidentinin həbsi ilə bağlı qərarını gözə alıb. İkinci variant budur ki, Rusiya Ermənistana güvənmədiyi üçün tədbirin Sankt-Peterburqda keçirilməsini istəyib. Yada salaq ki, rəsmi Moskva Ermənistanın Roma Statutunu ratifikasiya etməsini qeyri-dost addım kimi qiymətləndirib. Rəsmi İrəvan isə bu qərarın Putinlə bağlı olmadığını izah etməyə çalışıb. 

Avrasiya İqtisadi İttifaqının sammitinin İrəvanda keçirilməsindən imtina  Ermənistanın reputasiyasına xələl gətirir - Xaçatryan

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi 15 iyun-17 iyul 1998-ci il tarixləri arasında İtaliyanın paytaxtında keçirilmiş BMT konfransının qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin qurulması haqqında statutdur. 2016-cı ilin mart ayından etibarən 139 dövlət sənədi imzalamışdı ki, onlardan 124-ü onu təsdiqləmişdi. Yəni Ermənistan sözügedən əsasnaməni imzaladıqdan sonra sənədi təsdiqləyən ölkələr sırasında sayca 125-cidir. Rusiyaya gəldikdə isə ölkə Roma Statutunu 2000-ci ilin sentyabrında imzalasa da, 2016-cı ilədək təsdiqlənməmiş saxlamışdı. 2016-cı ildə prezident Putin sənədin qəbuledilməzliyinə dair sərəncam imzalamışdı. Bu qərar ölkənin milli maraqları baxımından izah edilmişdi. Bir çox siyasi müşahidəçilər isə məsələni Rusiyanın Ukraynanın Krımı ələ keçirməsi ilə əsaslandırmış və bildirmişdilər ki, Moskvanın sənədin ratifikasiyasından daşınması onun müddəalarının Kremlə qarşı tətbiqi ehtimalına görədir.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl “Politoco Europe” nəşrinə müsahibəsində Roma Əsasnaməsinin ölkəsinin təhlükəsizlik maraqları baxımından uyğunluğunu vurğulamışdı. Bu arada isə Ermənistanın “Haykakan Jamanak” nəşrinin sorğusuna cavab olaraq ölkənin Xarici İşlər Nazirliyi aşağıdakıları bildirib: “Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində qüvvədə olan reqlamentə əsasən, Avrasiya Ali İqtisadi Şurasının iclasının Aİİ-nin nizamnamə orqanlarına sədrlik edən üzv dövlətdə mütləq keçirilməsi nəzərdə tutulmayıb. Müvafiq olaraq, Avrasiya Ali İqtisadi Şurasının iclaslarının keçirilməsi qaydası, növbəti sessiyanın vaxtı və yeri barədə qərar əvvəlki sessiyada qəbul edilir. Bu halda, Ali Avrasiya İqtisadi Şurasının 8 may 2024-cü ildə Moskvada keçirilən sessiyasında üzv dövlətlərin rəhbərləri növbəti sessiyanın bu ilin dekabrında Sankt-Peterburqda keçirilməsi barədə qərar qəbul ediblər”. Nazirliyin cavabı olduqca nəzəridir və qeyd olunur ki, Aİİ-nin nizamnamə orqanlarına sədrlik edən üzv dövlətdə mütləq keçirilməsi nəzərdə tutulmayıb, yəni başqa üzv ölkədə də keçirilə bilər. Amma niyə Ermənistanda keçirilməməsi izah olunmur, səbəb göstərilmir. Deməli, Putinin İrəvana gəlməsi məqsədəuyğun sayılmayıb. Görünür, Rusiya da bu qərarı anlayışla qarşılayıb. Çünki Putin Roma Statutuna qoşulmuş Monqolustana səfər edəndə Qərbdən bu ölkəyə sərt tənqidlər və çağırışlar səsləndi. Moskva İrəvanı çətin vəziyyətə salmamaq üçün tədbirin Sankt-Peterburqda keçirilməsinə razılaşıb...

Azad MƏSİYEV

 Azad Məsiyev

“Yeni Müsavat”a danışan siyasi ekspert Azad Məsiyevin sözlərinə görə, Ermənistanda sorosçular çox fəaldırlar və ictimai-siyasi proseslərə təsir etmək gücünə malikdirlər. Ekspertin fikrincə, bu qüvvələr Ermənistanın Rusiya ilə bağlı bütün strukturlarda, platformalarda əlaqələrini kəsməkdə maraqlıdırlar: “Faktiki buna KTMT-də nail olublar və nizamnamədə fəaliyyətini dondurmaqla bağlı bənd olmasa da, Ermənistan tədbirlərdə iştirak etmir. Ermənistandakı sorosçular bu hədəfə çatıblar. Amma bu ölkənin Rusiyadan iqtisadi asılılığı var və o səbəbdən Avrasiya İqtisadi İttifaqında iştirakını davam etdirir”. 

A.Məsiyev hesab edir ki, Ermənistan hakimiyyətinə Putin haqda həbs orderinə görə təzyiq göstərilə bilərdi deyə tədbirin İrəvanda keçirilməsindən imtina edilib: “Sorosçularla hesablaşmaq üçün Sankt-Peterburqda keçirilməsi təklif olunub. Bu da sorosçuların gücünü göstərir. Eyni zamanda Rusiya da qərarı anlayışla qəbul edib. Amma Ermənistanın yürütdüyü bu siyasətin hara qədər gedəcəyi suallar doğurur. Əgər KTMT-dən de-yure çıxarsa, istənilən halda ölkəni Avrasiya İqtisadi Birliyindən də qovacaqlar. Bu da Ermənistan iqtisadiyyatı üçün fəlakət deməkdir. Hazırda Rusiya ilə bu ölkə arasında 10 milyard həcmində ticarət dövriyyəsi var və artırılması nəzərdə tutulub. Qərb də Ermənistan iqtisadiyyatının Rusiyadan asılı olduğunu müşahidə edir. Ona görə də Ermənistanın bu təşkilatdan çıxması ölkənin çöküşü və Paşinyanın sonu demək olacaq”. Siyasi ekspert Paşinyan iqtidarının hələlik belə bir siyasi-iqtisadi intihara gedəcəyini gözləmir. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR