İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Finlandiya və İsveç planı: Rusiyanın təhlükəsizliyinə təhdid varmı?

Finlandiya Rusiya şirkətlərinə məxsus 1000 ədəd yük vaqonunu Avropa İttifaqının (Aİ) sanksiyaları səbəbi ilə həbs edib. Bu barədə "Röyter" agentliyi xəbər verib. Martda Finlandiya Rusiya ilə dəmir yolu əlaqəsini dayandıran zaman ölkədə Rusiyanın 5 minə yaxın dəmir yol vaqonu olub. Dəmir yol şirkəti onları geri göndərmək istəyib, amma məhkəmə pristavları onlardan bəzilərinin üzərinə həbs qoymağı əmr ediblər. Finlandiya dövlət VR dəmir yol operatorunun mətbuat katibi Tayna Kuytunen təsdiqləyib ki, hazırkı vaxtda Finlandiyada 800-ə qədər vaqon var və şirkət onları tezliklə Rusiyaya qaytarmaq istəyir. Saxlanmış vaqonlar ya birbaşa Aİ sanksiyalarından zərər çəkmiş şirkətlərə, ya da səhmdarları sanksiya altına düşmüş şirkətlərə məxsusdur.

Məsələn, “Uralxim-Trans” və “Rusaqrotrans”. Onlar bu məhsul üzərində nəzarəti başqa şəxslərə veriblər. Daha bir şirkətin vaqonları həbs olunub. “Alfa-Lizinq” ("Alfa-Bankın" sanksiya altına düşən bölməsi) məhkəməyə şikayət göndərib ki, fin məhkəmə pristavlarının fəaliyyəti qeyri-qanunidir. Finlandiya məhkəmə pristavları bir neçə Rusiya və Belarus fiziki və hüquqi şəxsinin aktivlərinin (82 milyon avrodan artıq məbləğdə) dondurulduğunu təsdiqləyiblər.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Rusiyanı qəzəbləndirən bu addımlarla yanaşı, Helsinkinin NATO-ya üzvlük istəyi də münasibətləri ikiqat ağırlaşdırıb. Finlandiyanın şimal alyansına qoşulması ilə NATO qüvvələri Sankt-Peterburqun bir addımlığına yaxınlaşırlar və Rusiya ilə bu ölkə arasında 1280 kilometrlik sərhəd hərbi blokun nəzarətinə düşür. Eyni zamanda Baltik dənizi “NATO dənizi”nə çevrilir və Rusiya Ukraynadan gözlədiyi zərbəni Finlandiyadan almaqdadır. Putinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Rusiya Müdafiə Nazirliyi Finlandiya və İsveçin NATO-ya qoşulması prosesinin başlanması fonunda ölkənin təhlükəsizliyini təmin etmək üçün tədbirlər planlarına malikdir. Onun sözlərinə görə, belə variantlar Kremldə deyil, Müdafiə Nazirliyində işlənir. “Biz artıq dəfələrlə demişik ki, orada müvafiq planlar var və təhlükəsizliyimizi təmin etmək üçün işlər gedir”, - deyə Peskov bildirib. NATO-nun Baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa qoşulması ilə bağlı protokolların ratifikasiyası prosesinin başlandığını elan edib. Bəs bu iki skandinav ölkəsinin NATO-ya daxil olması Rusiyanın təhlükəsizliyinə nə dərəcədə təhdiddir? Bəlkə Rusiya nüfuz savaşı kontekstində bu ölkələrə hərbi müdaxilə üçün bəhanələr axtarır? Putin ikinci cəbhə aça bilərmi, yəni Finlandiyaya raket zərbələri endirməsi mümkündürmü? Hərçənd Britaniyanın baş naziri bəyan edib ki, hər iki dövlətin üzvlüyü rəsmiləşənə qədər onların təhlükəsizliyinə London zəmanət verir.

Rusiya Ukraynada biabırçı bir formada məğlub olacaq" - Qabil Hüseynli »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Qabil Hüseynli: “İki ölkənin NATO-ya qoşulması Rusiyaya təhlükə yaratmır, çünki ən azı 10 il blokun hərbi qurumları bu ərazilərdə yerləşməyəcək”

Professor Qabil Hüseynli “Yeni Müsavat”a dedi ki, iki ölkənin NATO-ya qoşulması Rusiyaya təhlükə yaratmır: “Çünki NATO rəhbərliyi bu ərazilərdə ən azı 10 il müddətinə blokun hərbi qurumlarının yerləşdirilməyəcəyini bəyan edib. Rusiya isə yazılı təminat tələb edib. Kreml rəsmilərinin çıxışlarında daha çox şantaj və təhdid elementlər var. Əvvəla, Rusiya qüruba doğru gedir, regional gücdən əyalət gücünə çevrilməkdədir. Bundan əlavə, Rusiyanın qonşuları üçün təhdid potensialı üç ay sonra minimuma enəcək və bu ölkəni qarşıda siyasi təlatümlər gözləyir”.

Q.Hüseynli hesab edir ki, siyasi təlatümlər ərəfəsində olan ölkənin sağa-sola təhdidlər yağdırması kimdəsə bir həyəcan refleksi yarada bilmir, artıq bölgənin geosiyasi konfiqurasiyasında köklü dəyişikliklər başa çatmaq üzrədir və bu dəyişikliklər Rusiyanın xeyrinə olmayacaq: “Hazırda Moskvanın əlində təhdiddən başqa heç nə qalmayıb. Kalininqradda olan ”İsgəndər" raketi ilə hədələyirlər. Bu silahlar isə bir neçə il qabaq Kalininqradda yerləşdirilməyə başlanıb və Qərb üçün yenilik deyil. Üstəlik, hamı yaxşı bilir ki, Rusiyanın təkəbbürünü, boğazdan yuxarı danışmaq vərdişini aradan qaldırmaq üçün ciddi amillər formalaşıb və bu istiqamətdə siyasət aparılır".

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova: “Finlandiyanın alyansa üzvlüyü Rusiyanın üzük qaşı kimi çənbərə alınmasıdır, Ukrayna müharibəsi blokun genişlənmək planını poza bilmədi”

Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, Finlandiyanın hərbi alyansa üzvlüyü Rusiyanın üzük qaşı kimi NATO tərəfindən çənbərə alınmasıdır. Onun sözlərinə görə, Ukrayna müharibəsi NATO-nun genişlənmək planlarını poza bilmədi: “Əksinə, daha bir qonşuluğunda NATO gördü və onun üçün bir kabusa dönməkdədir. Rusiya hesab edir ki, blokun şərqə doğru genişlənməsi onun üçün təhdiddir və raketlə onun şəhərləri vurula bilər. Amma NATO müdafiə blokudur, onun hücum planları yoxdur. Üstəlik, istəsə, bunu Polşa, yaxud Baltikyanı ölkələrdən edər. Sadəcə, Rusiya bölgədə öz dominantlığını itirmək istəmir və imperiya siyasətini bu bəhanə ilə həyata keçirir. Bununla belə, güman etmirəm ki, Finlandiyaya hərbi müdaxilə etsin, amma Peskov planlarının olduğunu söyləyirsə, görünür, Finlandiya ilə sərhəddə qoşunlarını tam yığmağı nəzərdə tuta bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR