İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin ağır şərtləri-biz Qarabağda bunları necə yaşadıq?

Nə qədər kədərli olsa da, Zelenskinin bu  fotosu Ukraynanın bugünü ilə çox səsləşir; Bizə bu cür ağır “hökm” oxumayıblar, amma bağlı qapılar arxasında bu cür şərtlər irəli sürüldüyü bəllidir: “Şuşadan birdəfəlik əl çəkin”, “Laçın koridor olmalı, Kəlbəcər  boz zona...”  

Rusiya Prezidenti Vladimir Putinin İsveçrə sammitindən bir gün əvvəl Xarici İşlər Nazirliyinə getməsi və orada Ukraynada müharibənin bitməsi üçün irəli sürdüyü şərtlər istənilən  dövlət üçün o qədər ağırdır ki, onu hələm-hələm qəbullanmaq mümkün deyil. Putin o şərtləri oxuyanda canımdan bir gizilti keçdi, Tanrı bizi də bu cür ağır sınağa çəkib axı... 

Düzdür, bizim torpağımızı işğal edən Ermənistan Rusiya gücündə dövlət deyildi, Putinin Novorossiya dediyi ərazilər kimi Qarabağ heç vaxt bizdən savayı kiminsə sərhədləri daxildə olmamışdı. Amma dünya bu gerçəyi görmək istəmirdi, hər yerdən üzərimizə gəlirdilər, Mİnsk Qrupu adlı yaramaz “üçlük” bizi təslimçiliyə, halal torpaqlarımızdan əl çəkməyə məcbur etmək istəyirdi. 

Bunu Ukrayna müharibəsi yenicə başlayanda da yazmışdım: əgər Ukraynada mərhum Heydər Əliyev kimi lider olsaydı, dövlət bu hala düşməzdi. Heydər Əliyev o zaman atəşkəsə razı olmasaydı, dövləti parçalamaq istəyən xarici qüvvələrin daxildəki əlaltılarının əlini kəsməsəydi, Allah bilir, ölkəmiz nə hala gələcəkdi. 

tytytgesas.JPG (67 KB)

Bizə Putin kimi üzümüzə bu cür ağır “hökm” oxumayıblar, amma bağlı qapılar arxasında həm Heydər Əliyevə, həm Prezident İlham Əliyevə bu cür ağır şərtlər irəli sürdüyü bəllidir: “Şuşadan birdəfəlik əl çəkin”, “Laçın koridor olmalıdır, Kəlbəcər boz zona” və sairə...

Ermənistanın arxasında dayanan təkcə Rusiya deyildi, Qərbin bəzi dövlətləri- hansı ki, indi Ukraynanı bu ağır vəziyyətə salıb, qaçmağa yol axtarırlar-Azərbaycanı açlaldıcı sülhə məcbur etmək üçün yaxalarını cırırdılar.  Azərbaycan isə bu ağır vəziyyətdən çıxa bildi, əraziləri üzərində tam suverenliyini bərpa etdi. Tanrı bizi 28 illik səbrimizə görə mükafatlandırmadı, dövlət rəhbərinin ağıllı siyasəti, qərrəman oğullarımız  sayəsində məğlub durumdan qalib vəziyyətə gəldik.

Amma eyni vəziyyət Ukraynada deyil. Bu bir işğaldır, amma bunu doğuran səbəblər Ermənistan-Azərbaycan münaqişəsinə bənzəməz. Ermənilər tarixən bizə düşmən olmuşdu, ukraynalı və rusiyalı isə bir kökdən gəlmişdilər, ortaq tarixi, Kiyev Rus Dövləti olmuşdu, onların kilsəsi bir idi. Gələcəkdə təkcə Belarusla deyil, Ukrayna ilə də nəhəng   slavyan birliyi yarana bilərdi. Amma nifaq toxumunu elə səpdilər ki, indi kilsələri belə  ayrıdır. Niyə bunlar baş verdi? Ona görə ki, Qərb bu təhlükəni görürdü, Rusiyanın içərlərinə girib parçalamağa cəhd etdilər, amma alınmadı. Ukrayna isə zəif hakimiyyət  səbəbdən Qərbin yalançı vədlərinə aldandı, Avropa Birliyinə, NATO-ya  üzvlüklə şirnikləndirildi, nəticəsi də əvvəl Krımın itirilməsi, sonra isə genişmiqyası müharibə oldu... 

Putin doğru deyir, əgər Minsk razılaşmasına əməl edilsəydi, bunlar olmayacaqdı. Razılaşma Ukraynadan indi qoparılan ərazilərin dövlətin daxili sərhədlərində qalmasını nəzərdə tuturdu. Qərb imkan vermədi, Ukraynanı müharibəyə hazırladılar, “biz Rusiyanı sanksiyalarla diz çökdürəcəyik, siz müharibəni qazanacaqsınız” vədi verildi.  Nəticə göz qabağındadır. 

Putinin şərtləri yenə deyirəm, qəbuledilməzdir, amma həm də reallıqdır.  Putinin indiki şərtləri Minsk razılaşmasından üç dəfə ağırdır. İndi təkcə Donets və Luqask vilayətlərini istəmir, Zaporojye və Xersonu da ərazisinə qatmaq üçün Ukrayna qoşunlarının çıxarılması şərtini irəli sürür.  

putin ikry.JPG (130 KB)

 Qərb Putini, orada yaşayan xalqları görməzdən gələ, Kremlin “danışan dili” Medvedyevi alkaş hesab edə bilər. Amma xəritədə bu boyda dövləti, onun görünməmiş sanksiyalara dirənişini, nüvə başlıqlarını görməzdən gələ bilıməzsən. Bu da bir gerçəkdir.         

 Bu gün İsveçrədə başa çatacaq sammitin yekun bəyannamə layihəsinə baxdım. Rusiya işğalçı adlandırılır, Zaporojye atom elektrik stansiyası və Azov dənizindəki limanlar üzərində Ukraynanın nəzarətini bərpa etmək tələb edilir. Yekun sənəddə Ukraynada davam edən münaqişə kontekstində nüvə silahından istifadənin qəbuledilməzliyi vurğulanır. Bundan başqa sənəddə əsirlərin “hamı hamıya” prinsipi ilə qaytarılması  və qida təhlükəsizliyi ilə bağlı məsələr yer var. 

Nəzərdə tutulan növbəti konfransa ev sahibliyi edəcək ölkəyə gəlincə, Səudiyyə Ərəbistanı bu məsuliyyətli işi üzərinə götürməyə hazırdır, lakin münaqişənin  həllinin "çətin kompromisdən" asılı olacağı barədə xəbərdarlıq edib. Əgər Səudiyyənin təşkilatçılı olmasına razılıq verilsə, bu o deməkdir ki, Rusiya mütləq növbəti konfransa dəvət ediləcək. Bu barədə İsveçrədəki sammitdə də bəzi anonslar səslənib.  

novorossoya.jpg (142 KB)

Bir çox Qərb liderləri çıxışlarında Rusiya prezidenti Vladimir Putinin Ukraynanın bir hissəsinin ona sülh şərti kimi verilməsi tələblərini rədd edib. İspaniyanın baş naziri daha qısa və  düzünü deyib: “Bu münaqişədə bir şey aydındır: bir təcavüzkar var, o, Putin, bir  qurban var o da Ukrayna xalqıdır”.  

Kremlə yaxın ekspertlər indi deyirlər ki, əgər Ukrayna  Putinin şərtlərinə razılıq verməsə, gələcək şərtlər daha ağır olacaq. Söhbət bu dəfə  Kiyevin də daxil olduğu Malorossiyadan gedir...

...Nə qədər kədərli olsa da, Zelenskinin bu  fotosu Ukraynanın bugünü ilə çox səsləşir. 

 Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR