İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən miqrantlarla bağlı yeni qərar - azərbaycanlılar...

Sabiq nazir: “Miqrantsız Rusiya susuz quyu kimidir”

Prezident Vladimir Putin Rusiyada miqrantlara hüquqi statuslarının nizama salınması üçün verilən müddəti 133 gün uzadan sərəncam imzalayıb. Sərəncama əsasən, əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisində hüquqi statusunun tənzimlənməsi müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.

Bu qərar soydaşlarımıza necə təsir edəcək?

Rusiyada bundan əvvəlki dövrdə mövcud olmuş reallıqlar kontekstində sənədləri yerində olmayan, qeydiyyatdan keçməyən, qeydiyyatla bağlı müəyyən problemləri olan miqrantların sayı kifayət qədər çoxdur. Miqrantlar ucuz işçi qüvvəsi olaraq ən ağır sahələrdə çalışırlar. Ona görə də miqrantların ölkədən çıxarılması hökumətə sərf etmir. Lakin daxili təhlükəsizlik üçün miqrantların filtirdən keçirilməsi vacibdir. Ehtimal edilir ki, miqrantlarla bağlı qaydalar qarşıdakı müddətdə bir qədər yumşaldılacaq. Çünki hazırkı tələblər miqrantların böyük bir hissəsi üçün icrası çətin olan prosedurdur. Yəqin ki, sentyabrın 10-dan sonra qaydalarda bir qədər yumşalma olacaq.

Qeyd edək ki, yeni qanuna əsasən, əcnəbilərin ölkədən çıxarılması ilə bağlı qərar qəbul etmək səlahiyyəti birbaşa daxili işlər orqanlarına verilib. Ekspertlər hesab edir ki, yeni qanun əcnəbilərin hüquqlarının pozulmasına və onların kütləvi şəkildə ölkədən çıxarılmasına səbəb ola bilər. İnsan hüquqları təşkilatları da bu məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər. Rusiya niyə bu məsələdə yumşalma mövqeyinə keçdi?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Rusiya əhalisi ilə bağlı “Yeni Müsavat”da diqqətçəkən statistika açıqladı: “Aparılan hesablamalara görə, 2024-cü ilin sonunda Rusiyanın əhalisi 146 milyon 202 min 878 nəfər olub. Statistika göstərir ki, 2024-cü ildə Rusiya əhalisi təxminən 59 919 nəfər artıb. Ancaq əsl reallıq nədən ibarətdir? Əhalinin təxminən 60 min nəfər artımı hansı hesaba baş verib? Gəlin baxaq. 2024-cü il ərzində Rusiyada 1 milyon 857 min 477 uşaq doğulub. Həmin ildə ölənlərin sayı 2 milyon 25 min 541 nəfər təşkil edib. Bu statistika ilə əhalinin sayı bir il ərzində 168 min 64 nəfər azalıb. Bəs belə olan halda əhalinin sayının 60 min nəfərə qədər artımı hansı hesaba baş verib? Əlbəttə ki, 2024-cü il ərzində Rusiyaya gələn 227 min 983 nəfər  miqrantın hesabına... Bu qədər miqrant hesabına Rusiya əhalisinin nəinki təbii azalmasının (168 min 64 nəfər) qarşısı alınıb, hətta əhalinin sayında 60 min nəfərə qədər "təbii artım" qeydə alınıb. Rusiyada demoqrafik vəziyyətin gerçək durumu budur.

Əgər Rusiyanın demoqrafik durumundakı bir başqa mənzərələrə nəzər salsaq, vəziyyətin göstərdiyimiz mənzərədən daha acınacaqlı olduğunu görə bilərik. Baxın, bu gün Rusiyada kişilər (67,7 milyon nəfər) ümumi əhalinin 46,3%-ni, qadınlar isə (78, 5 milyon nəfər) ümumi əhalinin 53,7%-ni təşkil edir. Bu ölkədə qadınlar kişilərdən 10,8 milyon nəfər və ya 7,4% çoxdur. Ukraynaya qarşı Rusiyanın açdığı müharibə ilə əhalinin strukturunda kişilərin sayı və təbii ki, xüsusi çəkisi bir qədər də azalacaqdır. Nəzərinizə çatdırıram ki, bu müharibədə Rusiya tərəfdən ölən kişilərin sayı artıq 1 milyon nəfər ətrafındadır".

Sabiq nazir bir məsələni də xüsusi qeyd etdi: “Rusiyada dünyaya gətirilən uşaqların böyük əksəriyyəti orada yaşayan 30 milyona qədər müsəlmanın sahib olduğu ailələrin payına düşür. Yəni gerçək olan budur ki, Rusiya hökumətinin bütün həvəsləndirici tədbirlərinə baxmayaraq, rus ailəsi dünyaya uşaq gətirmək istəmir. Bir sözlə, bu ölkədə demoqrafik vəziyyəti tənzimləyən və onu dərin demoqrafik böhrandan çıxaran miqrantlar və orada vətəndaş kimi yaşayan müsəlman ailələrdir.

Belə bir ölkədə miqrantlara qarşı basqı etmək, onları kütləvi şəkildə ölkədən çıxartmaq dövləti bir cinayətdir - mən bu sözləri tam məsuliyyətlə deyirəm. Rusiyada bu gün bütün şəhərlərdə və digər yaşayış məntəqələrində tikinti sahəsində, kommunal və nəqliyyat sferalarında və bir çox digər sferalarda çalışanların 90%-dən çoxu miqrantlardır.

Miqrantları Ukrayna ilə müharibəyə cəlb etmək istəyən Rusiya müharibəyə getmək istəməyənləri ölkədən çıxarmaq qərarına gəldi. Və Rusiya hökumətinin bu addımlarının geniş təbliğatı aparıldı. Əslində bu bir görüntü idi. Real olaraq Rusiya hakimiyyətinin başında dayananlar və onu idarə edənlər çox yaxşı anlayırlar ki, miqrantsız Rusiya susuz quyu kimidir. Miqrantsız Rusiyada iqtisadiyyat və bütövlükdə ölkə sürətlə çökər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR