İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin yenə “Qarabağ problemi” dedi – Bir rəhbər öz imzasına hörmət qoymursa...

Rusiya hökumətinə bağlı “Rossiyskaya qazeta” Azərbaycan dövlətinə həqarət edib, demarşa yol verib. Qarabağ anklavındakı miskin separatizm qalığını “dövlət” kimi, oradakı bir ovuc ermənini isə mifik “Dağlıq Qarabağ xalqı” kimi təqdim edib. Tarixi yer adlarımızı qondarma erməni adları ilə (“Mardakert”) adlandırıb.

Bütün bunları qəzet faşist təmayüllü “Yerkramas” erməni nəşrinə istinadla, “Dağlıq Qarabağda ilk rus mərkəzi açıldı” başlıq altında dərc edib. “Rus mərkəzinin fəaliyyəti Rusiya və Dağlıq Qarabağ xalqları arasında mədəni yaxınlaşmaya yönəlib”, - deyə qəzet misilsiz həyasızlıqla iddia edib.

Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgəmizin ayrıca dövlət kimi göstərilməsi, 5-6 min erməninin “xalq” adlandırılması əlbəttə ki, heç bir dəftər-kitaba sığmır. İmperiya məntiqincə isə təbii ki, tam anlaşılandır...

“Dağlıq Qarabağ xalqı”, “mədəni yaxınlaşma”... Guya ruslardan savayı hamı çörəyi qulağına yeyir. Faktiki heç zaman rusun yaşamadığı Qarabağımızda qondarma “rus icması”nın, saxta “rus mərkəz”lərinin yaradılmasının hansı məqsədə xidmət elədiyindən guya bixəbərik.

“Dəvəquşu siyasəti” yəni. Bu “siyasətin” ağır bədəlini hazırda rus xalqı Ukraynada ödəyir. Və əmin olun ki, hələ çox ödəyəcək...

WhatsApp Image 2022-05-17 at 14.36.03.jpeg (135 KB)

Hər şey qırağa, bəs Rusiya Prezidentinin Azərbaycan Prezidenti ilə birgə imza atdığı 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsi necə olsun? Belə çıxır ki, “Rossiysakaya qazeta”nın təsisçisi olan Rusiya hökumətinin özü Putinin imzasını saya salmır?

Həmin sənədin bəzi bəndlərini “RQ”-nin diqqətinə çatdırırıq:

Bənd 1: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bənd 7: “Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər”.

Bənd 11: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

Bənd 18: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”.

Bizcə, kifayət edər. O biri yandan da nəyi qoyub nə axtarırıq, əgər Putinin özü hələ də “Qarabağ münaqişəsi” ifadəsini işlətməklə faktiki öz imzasına tüpürürsə.

Dünən KTMT-nin 30 illiyinə həsr olunmuş tədbir çərçivəsində Moskvada Paşinyanla görüşdə o, beləcə də söyləyib: “Biz Qarabağ probleminin həllində birgə fəal işləməyə davam edirik. Üçtərəfli formatda, Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə”.

İcazənizlə, cənab Putin. Hansı “Qarabağ problemi”ndən söhbət gedir? İmzanızın durduğu 10 noyabr 2020-ci il üçtərəfli kapitulyasiya sənədində bəyəm “Qarabağ problemi”, “Qarabağ konflikti” ifadələri var? Yoxdur!

Yada salaq ki, N.Paşinyanla ötən aykı, aprel görüşündə də Kreml başçısı eyni ifadəni işlətmiş, üstəgəl, “ATƏT-in Minsk Qrupunun vasitəçilik təcrübəsindən istifadənin zəruriliyini” vurğulamışdı. Təxminən ilyarım öncə, 10 noyabr üçtərəfli sənədin imzalanmasından bir neçə gün sonra isə bəyan eləmişdi ki, “Dağlıq Qarabağın statusu gələcəyin işidir”. Yəni ki, “əl yeri” qoymaq məsələsi.

Nə demək bunlar? O demək ki, biz bir daha öz hesabımızı götürməliyik. BMT-nin Qarabağa dair qətnamələrinin niyə on illərlə kağız üstündə qaldığını əsla unutmamalıyıq. Kağıza, sənədə, imzaya yox, yalnızca əmələ qiymət verməliyik! Bu imza Rusiya kimi bir dövlətin rəhbərinə məxsus olsa belə...

Zahid SƏFƏROĞLU

4bc0ddb3a14dfc887a554cd80ab67d05.jpg (31 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR